Vergilər naziri: "Yoxlamalar azalacaq, qara mühasibatlıq ləğv olunacaq, kölgə iqtisadiyyatı aradan qaldırılacaq"

Mikayıl Cabbarov Fotonun müəllifi Vergilər Nazirliyi
Image caption Vergilər naziri Mikayıl Cabbarov sahibkarlara "yeni, müasir, innovativ, açıq və şəffaf vergi xidməti" vəd verir

Vergilər Nazirliyi vergi sistemi üçün yeni strategiya hazırlayacaq. Bu barədə vergilər naziri Mikayıl Cabbarov bu gün keçirilən konfrasda bildirib.

Vergi yoxlamaları azalacaq, amma nəzarət artırılacaq, "qara mühasibatlıq ləğv olunacaq, "kölgə iqtisadiyyatı" aradan qaldırılacaq, ötən ilin dekabrında vergilər naziri təyin olunmuş Cabbarov strategiyanın tesizlərini açıqlayıb.

Nazir vurğulayıb ki, vergi işçiləri ilə vergiödəyiciləri arasında sağlam münasibətlərin inkişafı əsas hədəflərdən biri olacaq.

"Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı" var və vergi orqanı bu səhvin baş vermə anını gözləmək əvəzinə bütün vasitələrlə qarşısını almalıdır", o deyib.

Mikayı Cabbarov vergi ödəyicilərinə vergi toplanmasından könüllü vergi ödənilməsinə keçidi təklif edib.

"Biz vergi uçotunun bərpası ilə məşğul olacayıq. İzahat işi aparacayıq ki, qanuna riayət etməklə yaşamaq daha sərfəli və şərəflidir, nəinki qanunu pozmaqla yaşamaq", o bildirib.

"Onlar qurban yox, vətəndaş və partnyordular"

Nazir çıxışında qeyd edib ki, vergi işçilərinin yeni nəslini öyrədib tərbiyə edəcəklər ki, "onlar vergi ödəyicisinə baxanda qurban deyil, vətəndaş və partnyor görsünlər".

Mikayıl Cabbarov deyib ki, tanınmış yerli və xarici şirkətlərin qanunvericilikdə olan boşluqlardan və ya vergi orqanlarında informasiyanın olmamasından istifadə edərək, vergidən yayınma hallarına yol verdikləri haqda məlumatldırlar.

"Əgər siz hesab edirsiniz ki, mən mübaliğə edirəm, yadınıza salın nə qədər şirkət tanıyırsınız ki, göstərdiyi xidmətin ödənişini xaricdə alır, nə qədər işçi tanıyırsınız ki, aldıqları əməkhaqqı rəsmiyyətə salınmayıb, getdiyiniz neçə supermarket və ictimai iaşə obyekti var ki, müştərilərinə fiskal kassa çekini vermir".

Yoxlama azalır, nəzarət artır

Nazir deyib ki, vergi yoxlamaları azalsa da, nəzarətin keyfiyyəti artacaq.

"Biznesdə yoxlamaların sayı azalacaq" deyən cənab Cabbarov qeyd edib ki, vergidən yayınma halları aşkar olunarsa, bununla bağlı tədbir görüləcək.

Mikayıl Cabbarov etiraf edib ki, Azərbaycanda "xüsusilə qeyri-rəsmi məşğulluq, ikili mühasibatlığın aparılması kimi xarakterik pozuntu hallar" geniş yayılıb.

"Kölgə iqtisadiyyatının həcmi barədə müxtəlif rəqəmlər səsləndirilir. Mən bu göstəricilərin dərinliyinə varmaq istəmirəm, lakin, bu böyük potensialdır".

Nazir sahibkarlara "yeni, müasir, innovativ, açıq və şəffaf vergi xidməti" vəd verib.

"Sahibkar əmin olmalıdır ki…"

İqtisadçı ekspert Samir Əliyev Mikayıl Cabbarovun təqdim etdiyi strategiyanı müsbət sayır, ancaq deyir, sahibkar əmin olmalıdır ki, o, şəffaf işləsə ondan əlavə, qeyri-rəsmi ödəniş alınmayacaq.

"Əks halda, sahibkar heç vaxt şəffaf işləməyə maraqlı olmayacaq", deyə BBC Azərbaycancaya açıqlamasında ekspert vurğulayır ki, Vergilər Nazirliyi ilk növbədə sahibkarlar üçün bu mühiti yaratmalıdır.

"Nazirin çıxışındakı maraqlı məqamlardan biri də audit institutu və bu institutun son vaxtlar məhv olması idi. Bu institut Azərbaycanda qanunvericilikdə olsa da, istər auditlərin, istərsə də vergi xidmətləri göstərən şirkətlərin rolu son vaxtlar çox azalıb. Audit yoxlamasından keçən bir şirkət özünü təhlükəsiz hiss etmirdi".

Ancaq Samir Əliyev onu da vurğulayır ki, sahibkarlar üçün təkcə vergi sisteminin şəffaf və normal olması yetmir, bunun üçün digər təsisatlar da şəffaf və ədalətli işləməlidir.

Bu barədə daha geniş