"Məndən xəstəxanalarda pul istəyəndə deyirəm ki, yoxdur. Ya baxmırlar, ya da başqa problem yaradırlar"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bakı sakinləri mütəmadi tibbi müayinədən keçə bilirmi?

Ölkə əhalisinin 3 ay ərzində tibbi müayinədən keçirilməsinə başlanılıb. Bunun üçün əhali qeydiyyatda olduğu yerli tibb müəssisələrinə, poliklinikalara müraciət edir.

Keçirilən müayinələrin keyfiyyətindən razı olanlar da var, olmayanlar da.

BBC Azərbaycancaya danışan sakinlərin bəziləri bu müayinələrin keyfiyyətindən razı qaldıqlarını, pasiyentlərə narahatlıqları haqqında ilkin sualların verilməsindən sonra müayinə edildiyini, kardioqram və analizlər edildiyini və nəticəyə əsasən ehtiyac halında resept yazıldığını bildirir.

Bəzi sakinlər isə həkimləri pasiyentlərlə xoş rəftar etməyə çağırdığını bildirir. Onlar deyir ki, pasiyentlər onsuz da öz xoşlarına həkimə müraciət etmirlər. Ancaq xəstələnəndə, ağrıyanda müraciət edirlər, həkimlər də gərək onları başa düşsün.

Söhbətləşdiyimiz sakinlərin çoxu mütəmadi tibbi müayinədən daha çox ancaq xəstələndiyi zaman həkimə müraciət etdiyini bildirir. Onlar bunu vaxt azlığı, tənbəllik və maddiyyat kimi məsələlərlə izah edir.

Bəs bu tibbi müayinələr tamamilə pulsuz aparılırmı? Bu sualla yaxınlaşdığımız sakinlərin çoxu poliklinikalarda tibbi müayinələrin tamamilə pulsuz aparıldığını bildirsə də, buna qarşı çıxanlar da oldu.

"45 illik tibb işçisiyəm. Pulsuz müayinə yoxdur", sakinlərdən biri deyir.

"Poliklinikalar pulsuz, dövlət xəstəxanaları pul istəyir"

Sakinlər bildirir ki, xəstəxanalarda vəziyyət başqa cürdür. Onlar deyir ki, pulsuz müayinə-müalicə ancaq poliklinikalara aiddir, dövlət xəstəxanalarında isə onlardan pul istəyirlər.

Əhali deyir ki, ciddi bir xəstəlik olanda xəstəxanalara getməli olurlar, bu da onların büdcələrinə çox təsir edir.

Onlardan biri deyir ki, insan gərək ayağını yorğanına görə uzada: "Məndən xəstəxanalarda pul istəyəndə deyirəm ki, yoxdur. Ya baxmırlar, ya da başqa problem yaradırlar. Nədənsə kəsirsən ki, çatdırasan".

Baha və keyfiyyətsiz dərmanlar

Söhbətləşdiyimiz insanların böyük hissəsinin şikayətləndiyi məsələlərdən biri dərman qiymətlərinin bahalığı və keyfiyyətsiz olmağıdır. Onlar deyir ki, büdcələri bütün dərmanları almağa çatmır.

Şikayətçilərdən biri deyir ki, təkcə əllərinin əsdiyi üçün yazılan dərmanlar 35-62 manata olur, bu da onun pensiyanın yarısıdır.

Müsahiblərimizdən biri deyir ki, 160 manat təqaüd alır və həm də məcburi köçkündür. O bildirir ki, şəkər xəstəliyinə görə lazım olan testləri və dərmanları dövlət pulsuz verir, amma qaraciyərindən müalicə olduğu üçün lazım olan dərmanları almağa pulu çatmır:

"Kimsə kömək etməsə, dərman ala bilmərəm".

"Pul verəndə özünü sağalmış sayır"

Şikayətçi həm də deyir ki, Azərbaycanda müalicənin keyfiyyətsiz və baha olduğu üçün tez-tez İrana müalicəyə getməyə məcbur olur.

"Ölkəmizdə müalicə keyfiyyətli olsa, mən də burda həkimə gedərdim, öz büdcəmizə pul köçürərdim".

BBC Azərbaycancaya danışanların bəziləri etiraf edirlər ki, həkimlərə "hörmət edirlər".

Sakinlərin bəziləri müalicəyə pul vermədiyini, lakin "hörmət-izzətin" ayrı anlam daşıdığını bildirirlər:

"Elə öyrəşmişik ki, pul verməsək sağalmırıq. Pul verəndə adam özünü sağalmış sayır. Pulsuz olanda deyirsən ki, bu həkim deyil", BBC Azərbaycancanın müsahiblərindən biri yarıəzarafat, yarıgerçək əlavə edir.

Fevralın 12-dən mayın 12-dək ölkə əhalisi qeydiyyatda olduğu yerli tibb müəssisələrində, poliklinikalarda pulsuz tibbi müayinədən keçə bilər, Səhiyyə Nazirliyi bildirib.

Bu barədə daha geniş