Dövlət İmtahan Mərkəzindən yenilik: Abituriyentlər iki fərqli ixtisas qrupundan imtahan verə bilərlər

TQDK, Dövlət İmtahan Mərkəzi, tələbə, abituriyent Fotonun müəllifi FREDERICK FLORIN
Image caption Bu ildən abituriyentlər iki fərqli ixtisas qrupu uzrə imtahanlarda iştirak edə biləcəklər.

Bu il abituriyentlər özlərini iki fərqli ixtisas qrup üzrə imtahanda sınaya biləcəklər.

Bununla bağlı Nazirlər Kabineti qərar verib.

Dövlət İmtahan Mərkəzi xəbər verir ki, bu ildən abituriyentlər yaz və yay qəbul imtahanlarında fərqli ixtisas qrupu üzrə iştirak edə bilərlər. Eyni zamanda hər iki imtahanda eyni qrupu seçmək qaydası da qüvvədə qalır.

Dövlət İmtahan Mərkəzi keçən ildən abituriyentlər üçün qəbul imtahanlarını iki dəfə - yaz və yayda keçirir. Bunların biri abituriyentlər üçün pulsuzdur, ikincisi isə ödənişlidir.

İndi Dövlət İmtahan Mərkəzi bildirir ki, abituriyentlər hər sessiyada I-IV ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcəklər.

Yenilik artıq abituriyentlərin yaz imtahanında bir qrup üzrə, yay imtahanında isə başqa bir qrup üzrə imtahan verməsinə icazə verir və ya abituriyent hər iki mərhələdə eyni qrup üzrə də imtahanda iştirak edə bilər.

İndiyə qədər abituriyent bir tədris ili ərzində I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilərdi.

Məlumatda o da bildirilir ki, abituriyent I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, V ixtisas qrupuna da imtahan verə bilər.

Fərqli ixtisas qrupları üzrə imtahanda iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupu üzrə ixtisasları seçə bilərlər.

Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.

Dövlət İmtahan Mərkəzi bildirir ki, bəzi qruplara yeni ixtisaslar əlavə edilib və ya yerləri dəyişdirilib.

I ixtisas qrupu üzrə siyahıya informasiya texnologiyaları, sistem mühəndisliyi, sənaye mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, şəhərsalma və şərabçılıq salınıb.

II ixtisas qrupuna davamlı inkişafın idarə edilməsi və idman menecmenti və kommunikasiya daxil olunub.

IV ixtisas qrupuna bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik və bədən tərbiyəsi və idmanda reabilitasiya əlavə edilib.

V ixtisas qrupuna isə idman növləri üzrə məşqçi və rəqs müəllimliyi ixtisasları artırılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş