Astara polisində gəncin özünü asdığı iddia edilir

Polis, intihar, Astara

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

30 yaşlı Astara rayonu sakininin polis şöbəsində özünü asdığı iddia edilir

Astaranın Şiyəkəran kənd sakini 30 yaşlı Bəhram İmamverdiyev rayonun polis şöbəsinin müvəqqəti saxlama yerində özünü asıb, polis iddia edir.

Baş Prokurorluğun mətbuat xidmətindən BBC Azərbaycancaya hadisə ilə bağlı cinayət işi açıldığı bildirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, özünü öldürmək həddinə çatdırmaq maddəsi ilə cinayət işi açılıb.

Onun sözlərinə görə, "ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilib".

Şiyəkaran kənd bələdiyyə sədri Firuz Nəcəfov BBC Azərbaycancaya deyib ki, Bəhram İmamverdiyev bu gün dəfn olunub.

Onun sözlərinə görə, "özünü asdığı deyilən Bəhram iki gün əvvəl polis tərəfindən saxlanıb".

Bələdiyyə sədri detallar barədə əlavə məlumat verməyib.

Baş Prokrorluq isə yalnız onu bildirib ki, Bəhram İmamverdiyev polis tərəfindən şübhəli şəxs qismində saxlanıb və müvəqqəti saxlama yerinə salınıb. Amma prokurorluq Bəhram İmamverdiyevin şübhəli şəxs kimi saxlanma səbəbləri barədə ətraflı açıqlama verməkdən imtina edib.

BBC Azərbaycanca Bəhram İmamverdiyevin ailəsi ilə əlaqə saxlaya bilməyib.