Fazil Mustafa: "Azərbaycan xalqında demokratik istək təhlükəsizlik istəyindən arxadadır"

Fazil Mustafa: "Azərbaycan xalqında demokratik istək təhlükəsizlik istəyindən arxadadır"
BBC Azərbaycanca "növbədənkənar Prezident Seçkisi 2018" layihəsi çərçivəsində siyasətçilərlə, ölkənin tanınmış fikir adamları ilə silsilə müsahibələrə başlayır.
İlk qonağımız Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafadır.
Onunla əməkdaşımız Səadət Akifqızı söhbət edib.
- Fazil bəy, hakimiyyət rəsmiləri bildiriblər ki, Azərbaycanda bir çox yüksək səviyyəli tədbir üst-üstə düşür, ona görə də erkən prezident seçkiləri elan edilib. Bu, nə dərəcədə əsaslı səbəbdir?
- Açığı, bu səbəblər müxtəlif cür səsləndi, bunların bir qismi subyektiv mülahizələr idi. Amma 2016-cı ildə keçirilən referendumun nəticəsində Konstitusiyada dəyişikliklər oldu və prezidentə növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyəti verildi, həm də prezidentlik 7 il müddətinə təyin olundu.
Bunlara görə də 2018-ci ildə prezident seçkiləri keçiriləndən sonra 2025-ci ildə prezident və parlament seçkiləri üst-üstə düşürdü.
Hesab edirəm ki, gələcəkdə bu seçkilər üst-üstə düşməsin deyə vaxtın indidən dəyişdirilməsi daha məqsədəuyğundur. Amma digər elan edilən səbəblər elə də real və inandırıcı görünmür.
- Əgər hesab edirsinizsə, səbəb budur, o zaman Konstitusiya dəyişiklikləri qüvvəyə minəndən sonra bu barədə cəmiyyətə mesaj vermək olardı ki, 2025-ci ildə iki seçki üst-üstə düşür, vaxtı indidən dəyişək. Amma qəfil sərəncam verildi və iki ay sonraya da seçki təyin edildi. Bəzi partiyalar vaxtın azlığına görə, ya öz namizədlərini geri çəkdilər, ya da ki, seçkidə ümumiyyətlə iştirak etmək istəmədilər. Səbəb də bu oldu ki, vaxt darlığına görə kimisi qurultay keçirə bilmir, digəri də cəmiyyət arasında təbliğat apara bilmir.
- Ola bilsin ki, burada başqa mülahizələr var ki, biz bunun izahını verməkdə çətinlik çəkirik. Beynəlxalq şəraitlə bağlı və ya başqa mülahizələr də ola bilər. Hakimiyyətin nə düşündüyü barədə bizim məlumatımız yoxdur.
Amma mən, ümumiyyətlə məsələyə texniki problem kimi yanaşmağın tərəfdarıyam.
-Yəni bu mülahizələri ictimaiyyətə açıqlamaq mümkün deyilmi?
- Bilirsiniz, elə məqamlar var ki, ictimaiyyətə açıqlanması bir az çətin olur. Çünki bunu təkcə ictimaiyyətə deyil, bütün dünyaya açıqlayırsan. Baxın, indi Azərbaycan elə bir mövqedədir ki, ətrafında atəş çəmbəri formalaşıb.
Suriya, İrana və Rusiyaya qarşı yönələn sanksiyalar, Rusiyanın müəyyən dərəcədə Krımda yürütdüyü siyasət, Gürcüstanla Azərbaycanla bağlı siyasətin dəyişməməsi, Ermənistana hərbi müstəvidə böyük ciddi dəstək göstərməsi faktorları onu göstərir ki, Azərbaycan üçün hər an xarici təhlükə faktoru önə çıxa bilər.
- Rusiyaya qarşı sanksiyalardan Azərbaycan hansı zərərləri əldə edə bilər?
- Ən böyük zərərlərdən birini Azərbaycan görəcək. Ona görə ki, Rusiyada iqtisadi vəziyyət pisləşməyə doğru gedir və bu da ordakı bir milyondan artıq azərbaycanlının böyük problem yaşaması deməkdir.
Azərbaycanda oradan gələn vəsait hesabına yaşayanlar var.
Digər tərəfdən, Rusiya Azərbaycanın həm də əsas iqtisadi tərəfdaşlarından biridir. Azərbaycandan gedən kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəzlərin və başqa məhsulların alınmasında da müəyyən problemlər yaşaya bilərik.
- Sizcə, bu qərarın pərdəarxası məqamları varmı? Məsələn, ictimaiyyətdə birinci vitse-prezident təyinatından sonra Mehriban Əliyevanın prezident seçkisinə qatılacağı barədə rəylər səslənirdi.
Belə fikirlər vardı ki, təyin etdiyi postlardan irəli gələrək artıq öz komandasını formalaşdırır. Bəzi tənqidçilər də iddia edirlər ki, hakimiyyət daxilində gərginlik birinci xanımın prezidentliyə yolunu qapadıb.
İlham Əliyev bu gərginliyi səngitmək üçün erkən seçkilərə getdi. Siz nə düşünürsüz?
- Məncə, bu ciddi bir arqument deyil. Mən diqqəti beynəlxalq vəziyyətlə bağlı məsələyə çəkməyin tərəfdarıyam.
Martda Rusiyada prezident seçkiləridir və Rusiyanın başı bu seçkilərə qarışıb. Azərbaycanda seçkilərdə ən böyük problem daha çox Rusiya ilə bağlı olur.
Ötən seçkilərdə də gördük ki, Rusiya müəyyən qaydalarla, prosseslərlə Azərbaycanda ciddi narahatlıqlar yaratmağa başladı.
İndi də Rusiyanın belə bir çalışmalar içində olması kimsəyə sirr deyil. Yəni, belə bir mümkün vairantlar ola bilərdi.
Şəklin mənbəyi, MEHRİBAN-ALİYEVA.AZ
İlham Əliyev və Mehriban Əliyevanın siyasi baxışlarında fərq varmı?
İlham Əliyev və Mehriban Əliyevanın siyasi baxışlarında fərq varmı?
- Sizcə, hakimiyyət Mehriban Əliyevanın prezidentlyə namizədliyini niyə seçmədi? YAP-da sədr müavinidir, uzun illərdir siyasətdədir, nüfuzu var, birinci vitse-prezident postunu tutur.
Buna mane olan faktor sizcə nə ola bilər, mentalitet, yoxsa, hakimiyyətdaxili münasibətlər?
- Açığı, hakimiyyətin niyə belə qərar qəbul eləməsini şərh eləmək mənə aid olan məsələ olmasa da, düşünürəm ki, hakimiyyət hər hansı bir şəkildə indiki beynəlxalq şəraitdə hətta vitrin dəyişikliyinə belə getməyə maraqlı olmadı.
Yəni, hansısa bir yerdəyişmə, Azərbaycan üçün faydalı olmayan nəticələrə gətirib çıxara bilər.
Burda, bəlkə də müəyyən haqlılıq payı var. Çünki müasir dövrdə,təsəvvür edin ki, Türkiyədə belə bir dəyişiklik olsa, tamamilə yeni bir kurs izlənməlidir. İranda belə bir dəyişiklik olsa, Xameneyi getsə, hansısa başqa bir siyasi kurs ortaya çıxa bilər.
Rusiyada da həmçinin.
Yeni bir kurs aparılan dövlət siyasətinin davamlılığına problem yarada bilər. Hakimiyyət də yəqin bu mülahizələrlə çıxış edərək, indiki kursun davam etməsini daha doğru sayıb.
- Sizcə, Mehriban Əliyeva bu kursu davam etdirməzdimi?
- Fərdlərin siyasətdə baxışları, ən yaxın insanların siyasətə baxışlarında fərqlilik ola bilər.
-İlham Əliyevlə Mehriban Əliyevanın siyasi baxışlarında fərqlilik müşahidə etmisinizmi? Məsələn, biri daha çox Qərbi dəstəkləyir, digəri rusiyameyillidir?
Və ya ölkədaxili siyasi məsələlərə münasibətdə fərqlilik hiss etmisinizmi?
- Ciddi fərq görməmişəm. Burada söhbət tərəfdaşların münasibətindən, dünyada olan siyasi qüvvələrin münasibətindən gedir.
Məsələn, bir ölkəylə münasibətlər şəxsi səviyyədə, yüksək səviyyədə qurulubsa, bunun yeni bir formada qurulması müəyyən dərəcədə vaxt apara bilər, müəyyən problemlər ortaya qoya bilər. Buna görə düşünürəm ki, hakimiyyət indiki məqamda hər hansı dəyişiklik istəmədi.
Amma bu, doğrudur, yanlışdır, hakimiyyətin özünə aid məsələdir.
Mənim fikrimcə isə, indiki məqamda, xüsusilə atəş çəmbəri ilə əhatə olunmuş Azərbaycanda bu dəyişikliyin olması hər halda beynəlxalq səviyyədə sürprizlər ortaya qoya bilərdi.
Həm də artıq Mehriban xanımın vitse-prezident kimi onsuz da fəaliyyət sferası kifayət qədər genişdir və fəaliyyətini göstərir.
Şəklin mənbəyi, AZERTAG
Fazil Mustafa: "llk növbədə Azərbaycanın parlamentli respublikaya çevirilməsi məsələsini həll etməliyik".
Parlamentli respublika təklifi
-İzləyicilərimizdən Amil Məmmədov yazır ki, siz hakimiyyətə gəldiyinz təqdirdə hansı islahatlar aparacaqsınız?
- Biz hakimiyyətdə olsaq, Azərbaycanda həqiqətən ciddi bir liberal islahatların aparılmasını hədəfdə tutmuşuq. İlk növbədə Azərbaycanın parlamentli respublikaya çevirilməsi məsələsini həll etməliyik. Azərbaycanda əsas problem təmsilçilik problemidir.
Təmsilçilik nə qədər geniş əhali qatlarına qədər ensə, onda Azərbaycanda demokratikləşmə mərhələsi daha güclü şəkildə gedəcək.
Bu gün Azərbaycan cəmiyyətinə demokratiyanı əldə, bir xonçada gətirib təqdim eləsən belə cəmiyyətin əksəriyyəti bu demokratik mədəniyyətin və demokratik şüurun mənimsənilməsində bir az ləng davranışlar sərgiləyəcəkdir.
Rayonların vəziyyətinə baxanda, əhalinin maarifçilik vəziyyətinə, təhsilin aşağı səviyyədə olmasına baxanda bunu əvvəlcədən də proqnozlaşdırmaq mümkündür.
Amma təsəvvür edin ki, ilk bələdiyyə seçkilərində normal lokal səviyyədə liderlər seçilir, yerli problemlərin həlli ilə məşğul olur və bunun ardınca, parlamentli respublikada partiyalar rəqabəti başlayır.
Kadrlaşma partiaya sütunlarında gedir və burda artıq hər bir partiya istər iqtidarda olsun, istər müxalifətdə məsuliyyət daşıyır ki, hansı proqramla çıxış etsin, cəmiyyətə nə vəd eləsin, ölkənin büdcəsinin necə bölüşdürülməsi məsələsinin həllini təqdim eləsin ki, əhali ona inansın, hansısa bir dəyişiklik etməyinə müsbət yanaşsın.
-Yəni, siz aşağıdan yuxarı - bələdiyyədən prezidentliyə demokratikləşməni təklif edirsiniz.
- İndiki vəziyyətdə bu, Azərbaycanda mümkün deyil. Reallığımız ancaq odur ki, Azərbaycan iqtidarı indiki şərtlərdə demokratik islahatlar keçirməyə çalışmalıdır.
Əks halda aşağıdan hər hansı bir şəkildə inqilabi yolla nəyinsə dəyişməsi Azərbaycan kimi ölkələrə böyük ziyan vura bilər. Rusiya, ABŞ kimi ölkələr aşağıdan qaynamanı həzm edə bilər.
Azərbaycan kimi dövlətlərdə isə 1992-93-cü ildə olduğu kimi, azacıq hakimiyyət böhranı yaranan tək torpaqların itkisi ilə qarşılaşmalı olacağıq.
Bu, bir az təhlükəli, riskli məsələdir. Və aşağıdan hakimiyyəti təşviq etməliyik ki, demokratik islahatlara getsin.
Şəklin mənbəyi, Revan Seyfulla
Foto. Arxiv. 2016-cı il. Milli Şura "Məhsul" stadionunda mitinq edir
Mitinqdənsə sosial şəbəkə...
- Aşağılar bu gücə sahibdirmi? Cəmiyyət, müxalifət olaraq hakimiyyəti təşviq etmək gücündədirmi?
- Əvvəla, Azərbaycan müxalifətinin zəifliyi təkcə hakimiyyətin gücü ilə bağlı deyil. Azərbaycan müxalifətinin zəifliyi reallıq hissini hələ də qəbul etməməklə bağlıdır.
Yəni 20 il, 25 il öncəki şüarlar, duyğular, stereotiplərin dəyişmədiyi bir vaxtda Azərbaycan hakimiyyəti ilə, cəmiyyətlə yeni dillə danışa bilməyəndə, onunla davranış imkanları tapa bilməyəndə, bu, zəifliyi müəyyən edən şərtlərə çevrilir.
Bu gün sosial şəbəkələrdə milyonlarla insana adi bir bəyanatla, bir esse ilə müraciət edərək insanları daha doğru düşünməyə yönləndirməyə imkanı olan insanlar bunu mitinqdə etməyə daha çox cəhd göstərirlər.
Halbuki, orada 3-5 min insana müraciət edəcəksən, hələ üstəlik polislə də dartışmalı olacaqsan. Lakin qarşında sosial şəbəkə var. Bundan daha ağıllı formada istifadə etmək imkanını niyə itirirsən...
- Sizcə, Azərbaycanda YAP hakimiyyəti indiyə qədər əlində necə saxlaya bilir? Dayağını doğrudanmı xalqdan alır, yoxsa, tənqidçilərin iddia etdiyi kimi, yalnız zor və adminstrativ gücə arxalanır?
- Nə qədər inzibati yolla xalqı sıxırsansa sıx, nə qədər xalqı inzibati qaydalarla, məhdudlaşdırmalarla saxlasan, o qədər əks reaksiyalar ortaya çıxmalıdır. Azərbaycanda niyə bu reaksiya ortaya çox çıxmır.
Birinci növbədə Azərbaycan fenomenini bir az doğru anlamaq lazımdır. Azərbaycan müharibədə uduzmuş bir xalqdır.
Nə qədər bəlağətlə danışsaq, yekə-yekə danışsaq da ki, onu etmişik, bunu etmişik, belə deyil, biz torpaqlarımızı itirmişik.
Torpaqları itirmək həm də xalqın canında bir qorxu sindromu yaradıb.
Bu qorxu sindromu ordan irəli gəlir ki, itirməyin səbəbi xalqın özünün təşkilatlanma qabiliyyəti ilə bağlı deyil, bilavasitə hakimiyyət boşluqları ilə əlaqəli məsələdir.
Xalq inandığı ən demoktratik bir adamın gələcəkdə möhkəm hakimiyyət qura biləcəyinə inanmaya bilər.
Hətta özünün xoşladığı və ya xoşlamadığı bir qüvvə hakimiyyət boşluğu yaratmadığı üçün təhlükəsizlik maraqları baxımından onu dəstəkləyir.
Şəklin mənbəyi, PRESİDENT.AZ
"Bu hakimiyyət 25-26 ildir hakimiyyətdə qalırsa, demək ki, əhalinin həm də dəstəyi var".
"Əgər 20-25 il hakimiyyətdədirlərsə..."
- Təhlükəsizlik deyəndə konkret nəyi nəzərdə tutursunuz?
- Bir ölkədə insanı düşündürən əsas odur ki, ən azı müharibə riski azdır.
Deyək ki, bir millətçi, bir demokratik insan gəlir hakimiyyətə. Rusiya, Amerika bunun hakimiyyətinə mane olur. Hərəsinin bir marağı var. Birinin neft marağı var, birinin başqa marağı. Bir il hakimiyyətdə qala bilmir.
Bu hakimiyyət 25-26 ildir hakimiyyətdə qalırsa, demək ki, əhalinin həm də dəstəyi var.
Zorla əhalinin boğazına bir ideyanı, özünü yeritmək mümkün deyil ki. Yəni bunu bir az artıq reallıq olaraq qəbul etməliyik ki, Azərbaycan xalqında demokratik istək təhülkəsizlik istəyindən arxadadır.
Çünki əhali baxır ki, burada bir İran faktoru var. İstənilən vaxt Amerika ilə İran arasında bir toqquşma baş verə bilər. Orada Suriya dağılıb, Liviya dağılıb.
Bu biri ölkələrdə, istənilən ölkədə qarşıqlıq yaratmaq mümkündür.
Bu qarışıqlıq yaradan subyektlərlə normal balans saxlamaq lazımdır. Faktiki hakimiyyət yarada bilib.
"Hələ ki, bu aktyorlar güclüdürlər"
- Sizcə, bu stabillik, təhlükəsizlik nə qədər sağlam bünovrəyə söykənib?
- Sağlam bünövrədən daha çox reallıqdan söhbət gedir.
Hamının ürəyindən keçər ki, Azərbaycan da ənənəvi demokratik bir cəmiyyət kimi idarə olunsun. Ancaq Azərbaycan təkcə özündən ibarət deyil ki.
Gürcüstan hansısa demokratik islahatlara başlayan kimi, normal bir addım atan kimi, Osetiya, Abxaziya tamamilə əlindən çıxdı.
Azərbaycan azacıq müstəqil davranış ortaya qoymağa başladı, Qarabağ əlindən çıxdı.
Hələ ki, bu aktyorlar güclüdürlər, onların bölgə üzərində nəzarətləri daha çox güclüdür.
Biz də ən azı bu dövrü daha az itki ilə çıxmaq barədə düşünməliyik. Burada lüks yaşamaqdan söhbət getmir, salamat qalmaqdan söhbət gedir. Bu gün Azərbaycan salamat qalmaq uğrunda mübarizə aparır.
- Sabaha necə, inam varmı?
- Əlbəttə, sabah xalqın potensialından asılıdr.
Ona görə də xaricdə olan azərbaycanlılar, xaricdə təhsil alan insanlar özlərini Azərbaycanın gələcəyinə hazırlamalıdırlar.
Daha sağlam, daha maarifçiliklə məşğul olan demokratik düşüncəli insan obrazları çoxaldıqca, cəmiyyətdə keyfiyyət dəyişiklikləri mütləq baş verəcəkdir.
Şəklin mənbəyi, BP
"Neft amili ölkə iqtisadiyyatında uzun illər aparıcı rol oynayacaq"
-Bunu rəsmilər də inkar etmir ki, Azərbaycan büdcəsi daha çox neft gəlirlərindən asılıdır.
Bir neçə il öncə neft gəlirlərinin aşağı düşməsi ölkənin maliyyə bazarını kökündən silkələdi, onlarla bank ya bağlandı, ya birləşdi, onlarla xarici şirkət ölkəni tərk etdi. İqtisadi çalxalanmanı neftin dünya bazarında qalxması nisbətən saxladı.
Əgər neftin qiyməti yenidən düşərsə və bu vəziyyət illərlə davam edərsə, dediyiniz bu stabillik nə qədər davam gətirə bilər?
- Neft amili ölkə iqtisadiyyatında uzun illər aparıcı rol oynayacaq. Amma buna baxmayaraq, neftdən gələn gəlirlərin başqa sahələrə yönəldilməsi də kifayət qədər müşahidə olundu.
Yolların çəkilişi, tikinti sektorunun inkişafı, regionlarda müəyyən işlərin görülməsi... Təbii ki, natamamlıqlar var, korrupsiya elementləri qalmaqdadır.
Lakin bütövlikdə bu neft gəlirlərinin müəyyən bir hissəsi həm də digər iqtisadi sahələrə yatırıldı. İnsan resurslarının müəyyən dərəcədə dirçəldilməsi üçün işlər görüldü.
Amma bu işlərin sistemli aparıldığını düşünmək bir az doğru olmaz. Bunun da səbəbləri var.
Səbəb odur ki, birinci növbədə xarici təhlükə riskini azaltmaq üzrərində daha çox diqqət yönəldilir.