Narkoloji Mərkəzdə yanğın: 25 nəfər ölüb

Yanğın, Narkoloji mərkəz, FHN, 25 ölü Fotonun müəllifi azertag.az
Image caption Narkoloji Mərkəzdə baş verən yanğında 25 nəfər ölüb, 30 nəfər xilas olunub

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycancaya deyib ki, "Respublika Narkoloji Dispanserindəki yanğın nəticəsində korpusda olan 55 nəfərdən 30-u xilas edilib, 25 nəfərin isə meyiti aşkar olunub".

Baş Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Ağır Cinayətlərə Dair İstintaq idarəsində dərhal cinayət işi başlanıb, müvafiq araşdırmalar aparılır.

Yanğın barədə nə bilirik? 5 suala cavab

Fotonun müəllifi azertag.az
Image caption İlkin ehtimallara görə, yanğına elektrik şəbəkəsində yaranmış nasazlıq səbəb olub

Prokurorluq deyir ki, "ilkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib".

"Azərişıq"dan isə BBC Azərbaycancaya bildiriblər ki, "problem Mərkəzin öz daxili xətlərində baş verib, "Azərişığa" aidiyyatı yoxdur". Ancaq qurum, hadisə ilə bağlı araşdırmaların aparıldığını da bildirib.

Səhiyyə Nazirliyindən BBC Azərbaycancaya verilən məlumatda deyilir ki, "yanğında ölənlərin hamısı Mərkəzdə müalicə alanlar olub. Xəsarət alan 4 nəfərdən üçü toksikologiya şöbəsinə, biri isə 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib".

Narkoloji mərkəzdə yanaraq ölən şəxslərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparılıb. Hadisə yerində olan BBC müxbirinin verdiyi məlumata görə, ölənlərin yaxınlarını bir-bir içəri çağırıb meyitlərin tanınması üçün onlara göstəriblər.

Yaxınların sözlərinə görə, ölənlərin bəziləri alkoqolizmdən müalicə olunublar və bir neçəsi yenicə, bir neçə gün əvvəl müalicə müəssəsinə gediblər.

_________________________________________________________

Təhlil

Redaksiya, BBC Azərbaycanca

Neftlə zəngin Azərbaycan Formula 1, Eurovision, İslam Oyunları kimi böyük beynəlxalq tədbirlərə fəxrlə ev sahibliyi edir.

Ancaq Sovet dövründən qalma köhnə binada çıxmış və 25 insanın tələfatı ilə nəticələnən bu yanğın, ölkədə yanğın təhlükəsizliyi və ona nəzarət normalarının çatışmazlığı barədə ciddi suallar doğurur.

Bu faciə ölkənin xaricdə imicinə və hökumətə apreldə keçiriləcək seçkilər qabağı zərbədir.

Azərbaycan hökuməti dövlət institutlarında yüksək səviyyədə korrupsiyanın olması barədə hər zaman tənqidə məruz qalır və ölkənin adı bununla bağlı beynəlxalq hesabatlarda çəkilir. Ölkədə tez-tez baş verən yanğınların əsl səbəbi kimi məhz korrupsiya görülür.

2015-ci ilin mayında Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında 15 insan, o cümlədən uşaqlar ölmüşdü.

_____________________________________________________________

Fotonun müəllifi APA
Image caption Yanğın səhər saatlarında baş verib.

Daxili İşlər Nazirliyi yaydığı məlumatda bildirib ki, hadisə bu gün səhər saat 6-da Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı birmərtəbəli korpusunda baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BBC Azərbaycancaya 4 nəfərin xəstəxanaya aparıldığını bildiriblər.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Yanğın söndürüldükdən sonra Prezident İlham Əliyev hadisə yerinə gedib.

Eldar Sultanov onu da bildirib ki, hadisə prezident İlham Əliyevin "şəxsi nəzarətinə" götürülüb.

Bu barədə daha geniş