Ən son xəbər: "Narkoloji Mərkəzdə yanğını "intihar etmək istəyən xəstə törədib"

Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümü ilə nəticələnən yanğın Fotonun müəllifi AZERTAG.AZ

Respublika Narkoloji Mərkəzdəki yanğın qəsdən törədilib. Bu barədə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Yanğında 25 nəfər həlak olub.

Nazirliyin rəsmi məlumatına əsasən, yanğın mərkəzdə müalicə alan xəstə tərəfindən intihar etmək məqsədilə törədilib.

Bu səbəblə Bakı şəhər sakini Məhəmməd Məmmədov martın 3-də həmin cinayətdə şübhəli şəxs qismində həbs olunub.

DİN bildirir ki, Məmmədov ilkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edib.

O, ifadəsində ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini deyib.

Fotonun müəllifi AZERTAG.AZ

Məmmədov ifadəsində martın 2-də səhər saat 6-da qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşındığını deyib.

Bu zaman o, yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini qeyd edib, DİN-in açıqlamasında yazılır.

"Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənmişdir", DİN bildirir.

Məhəmməd Məmmədov Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alırmış.

Ona qarşı Cinayət Məcəlləsinin ümümi təhlükəli üsulla qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə, köməksiz vəziyyətdə olan adamı öldürmə və yandırmaqla özgə əmlakını qəsdən məhv etmə maddələri ilə cinayət işi açılıb.

Ötən şənbə günü çıxan yanğında Respublika Narkoloji Mərkəzində 25 nəfər ölüb. Rəsmi məlumata görə, yanğın vaxtı binada 55 nəfər olub və onlardan 30 - xilas edilib.

Bu barədə daha geniş