Azərbaycanda prezident seçkisi: ATƏT-in müşahidə missiyası "səmimi şəkildə yaxşı qiymətləndirmə" vəd edir

Corien Jonker Fotonun müəllifi APA
Image caption ATƏT/DTIHB-nun seçki müşahidə missiyasını xanım Corien Jonker rəhbərlik edir.

"Mən sizə səmimi şəkildə yaxşı qiymətləndirmə təqdim edəcəyəm və seçki barədə nə düşündüyümüzü biləcəksiniz", ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının (SMM) rəhbəri Corien Jonker bildirib.

Həftənin cümə günü keçirilən mətbuat konfransında Corien Jonker deyib ki, onlar ölkəyə yeni gəliblər və hazırda seçki mühitini şərh etmək istəməzdi.

Azərbaycan dövlətinin dəvəti əsasında ölkəyə gələn ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda 11 aprel prezident seçkisi üçün seçki müşahidə missiyası martın 9-dan fəaliyyətinə rəsmən başlayıb.

DTİHB fevralın sonunda Azərbaycana səfər edən Ehtiyacların Qiymətləndirilməsi Missiyasının hesabatından sonra seçkiləri müşahidə etmək barədə qərar verib.

Corien Jonker bildirib ki, Bakıda 10 ekspert işə başlayır və martın 15-dən iyirmi uzunmüddətli missiya, seçki günündən bir neçə gün qabaq isə 280 qısamüddətli missiya Azərbaycana gələcək.

Onun sözlərinə görə, müşahidə missiyası bütün ölkəni əhatə edəcək.

SMM aprelin axırlarına qədər ölkədə qalacaq, həm də seçki sonrası vəziyyəti qiymətləndirəcək. Prezident seçkisində ikinci raund olarsa, o zaman missiya seçki prosesi başa çatana qədər ölkədə qalacaq.

Image caption ATƏT/DTIHB-nun seçki müşahidə missiyası martın 9-dan Azərbaycanda rəsmən fəaliyyətinə başlayır.

"Biz seçki polisi deyilik"

"Müşahidə DTİHB metodologiyasına uyğun aparılacaq. ATƏT üzvü olan bütün ölkələr öhdəlik götürüb ki, seçkilərini ATƏT-in seçki öhdəliklərinə uyğun aparsın. Biz seçkilərə müdaxilə etməyəcəyik. DTİHB seçki polisi deyil, biz seçkilərin nəticəsi ilə maraqlanmırıq. Bizim üçün əsas məsələ məqsədimiz seçki prosesinin şəffaf olmasıdır", xanım Jonker vurğulayıb.

Ehtiyacların Qiymətləndirilməsi Missiyası hesabatında bildirib ki, ötən seçkilərdə verdiyi tövsiyyələrin heç biri Seçkilər Məcəlləsində öz əksini tapmayıb və bundan narahatlığını ifadə edib.

BBC-nin "Siz bu narahatlığı hakimiyyət orqanları ilə görüşünüzdə bölüşmüsüzmü və aldığınız cavab necə olub, eyni zamanda belə bir Seçki Məcəlləsi ilə ədalətli, obyektiv və qərəzsiz seçki keçirmək mümkündürmü" sualının cavabında xanım Jonker deyib ki, onlar indidən bir söz deyə bilməzlər.

O əlavə edib ki, DTİHB indiyə qədərki tövsiyyələrinin Seçki Məcəlləsində əks olunub-olunmaması ilə bağlı məsələləri hakimiyyət rəsmiləri ilə görüşlərində müzakirə edəcəklər.

Bəzi müxalif nümayəndələrinin seçkini boykot etməsi ilə bağlı sualın cavabında missiya rəhbəri deyib ki, bu, "müxalifətin öz qərarıdır, onlar bura seçkiyə müdaxilə etməyə gəlməyiblər".

Ancaq Corien Jonker aralıq və yekun hesabatları zamanı "səmimi şəkildə yaxşı qiymətləndirmə təqdim edəcəyəni" bəyan edib.

Missiya rəhbəri bildirib ki, seçki günü onlara ATƏT-in Parlament Assambleyası heyəti və Avropa Şurasının Parlament Assambleyasının nümayəndələri qatılacaqlar.

2015-ci ildə parlament seçkisi zamanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə Azərbaycan hakimiyyəti arasında anlaşılmazlıq baş verdiyindən qurum seçkiyə müşahidəçi göndərməmişdi.

O vaxt buna səbəb kimi müşahidəçilərin sayı ilə bağlı razılıq əldə edilməməsi göstərilmişdi. Azərbaycan hökumətinin təmsilçiləri müşahidəçilərin sayının çox olduğunu deyərək, onların azaldılmasını istəyirdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş