ATƏT-in Seçki Müşahidə Missiyasından ilkin hesabat: "Seçki kampaniyası zəif hiss olunur"

ATƏT/DTIHB-nun seçki müşahidə missiyası martın 9-dan Azərbaycanda rəsmən fəaliyyətinə başlayır
Image caption ATƏT/DTIHB-nun seçki müşahidə missiyası martın 9-dan Azərbaycanda rəsmən fəaliyyətinə başlayıb

"Seçki kampaniyası hal-hazırda ümumiyyətlə zəif hiss olunur", ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyasının növbədənkənar prezident seçkisi ilə bağlı ilk aralıq hesabatında belə deyilir.

Missiya keçirdiyi görüşlər əsasında hazırladığı hesabatda vurğulayır ki, onların bir çox müsahibi "seçkilərin həqiqətən rəqabətli əsasda keçiriləcəyini gözləmirlər".

Hesabatda vurğulanır ki, "seçki komissiyaları yaxşı təmin olunmuş və peşəkar təəssürat bağışlayır".

Amma missiyanın rəyini aldığı bir çox müsahibinin fikri belə olub ki, "qanunla komissiyaların tərkibinin parlamentdə təmsil olunan siyasi qüvvələri əks etdirməsi seçki administrasiyasının müstəqilliyini və qərəzsizliyini məhdudlaşdıra bilər".

Mərkəzi Seçki Komissiyasından BBC Azərbaycancaya bildiriblər ki, missiyanın hesabatını yaxın saatlarda dəyərləndirəcəklər.

"Heç bir kampaniyanın maliyyə hesabatı MSK-nın vebsaytında yerləşdirilməyib"

Hesabatda deyilir ki, prezidentliyə namizədlər öz kampaniyalarını yalnız şəxsi fondlardan və ianələrdən maliyyələşdirə bilər.

Kampaniya məqsədləri üçün hər hansı namizədin xərcləyə biləcəyi maksimum məbləğ 10 milyon AZN-ə qədərdir.

Seçkidə iştirak edən namizədlərdən və ya partiyalardan kampaniya vəsaitləri və xərcləri haqqında MSK-ya üç maliyyə hesabatı təqdim etmək tələb olunur. Hesabatlar beş gün ərzində MSK-nın vebsaytında yerləşdirilməlidir.

Seçki Müşahidə Missiyası yazır ki, "24 mart tarixinə namizədlər tərəfindən təqdim olunmuş heç bir kampaniyanın maliyyə hesabatı MSK-nın vebsaytında yerləşdirilməyib".

Fotonun müəllifi AzərTAG
Image caption Hakim Yeni Azərbaycan Partiyası öz qurultayında İlham Əliyevin namizədliyini irəli sürüb

"Seçki YAP-ın üstün olduğu siyasi mühitdə baş verir"

Aralıq hesabatında vurğulanır ki, növbədənkənar prezident seçkiləri "parlamentdə yerlərin əksəriyyətinə sahib olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) üstün olduğu siyasi mühitdə baş verir".

Seçki Müşahidə Missiyası ölkə prezidentinə "geniş konstitusional səlahiyyətlər verildiyini", amma BMT İnsan Hüquqları Komitəsi və Avropa Şurasının Venesiya Komissiyasının bundan "ciddi narahatlıq ifadə etdiyini" xatırladır.

Missiyanın görüşdüyü müsahiblərin çoxu seçkinin "həqiqətən rəqabətli keçiriləcəyinə inanmadıqlarını" bildiriblər:

"Onlar iddia ediblər ki, bu seçkidə hazırkı prezidentə rəqib olan namizədlər ya alternativ siyasi platforma təqdim etmirlər, ya da hətta hazırkı prezidenti açıq şəkildə dəstəkləyirlər", hesabatda deyilir.

"Bir çox müsahib DTİHB SMM-ə toplaşma və birləşmə azadlığı baxımından üzləşdikləri qadağalar haqqında məlumat veriblər, onlardan bəziləri davamlı olaraq polis nəzarəti altında olduqlarını bildiriblər",

Hesabatda vurğulanır ki, ictimai-siyasi həyatda qadınlar az sayda təmsil olunurlar.

"Hazırkı parlamentdə 125 yerdən 21-ni qadınlar tutur, 14 dövlət komitəsi sədrindən yalnız bir nəfəri qadındır və heç bir qadın nazir yoxdur. Prezidentliyə namizəd olan səkkiz nəfərin hamısı kişidir".

Image caption Foto. Arxiv.

"Seçici siyahısında uyğunsuzluq"

Hesabatda deyilir ki, seçici siyahılarının dəqiqliyini təkmilləşdirmək üçün seçki administrasiyası ciddi səylər göstərib. Amma SMM-nın bəzi müsahibləri bildiriblər ki, MSK-nın siyahısındakı seçicilərin sayı ilə Dövlət Statistika Komitəsinin səsvermə yaşı olan vətəndaşların statistikasından kifayət qədər azdır.

2017-ci ildən Dövlət Statistika Komitəsinin əhali məlumatları onu göstərir ki, ölkədə səsvermə yaşında olan 7 milyondan çox insan var, - hesabatda göstərilib.

MSK isə bu yaxınlarda 5 milyondan çox seçicinin olduğunu açıqlayıb.

Fotonun müəllifi Ictimai TV
Image caption Prezidentliyə namizədlərə həftədə 3 dəfə İctimai TV-də ödənişsiz efir imkanı yaradılıb

"Hazırkı prezident debatda iştirak etməyib"

Missiyanın hesabatında göstərilir ki, seçki kampaniyasında namizədlərin resursları bərabər deyil. Hakim Yeni Azərbaycan Partiyası Missiyaya bildirib ki, onların kampaniyasına kütləvi tədbirlərin keçirilməsi, qapı-qapı gəzib təbliğat aparma, kampaniya materiallarının yayılması və sosial mediadan istifadə kimi tədbirlər daxildir.

"Bunun əksinə olaraq, bir neçə prezidentliyə namizəd isə DTİHB SMM-ə bildirib ki, onlar kampaniyaları çərçivəsində maliyyə və insan resurslarının çatışmaması səbəbindən yalnız seçicilərlə kiçik miqyasda görüşlər keçirə və təbliğat apara biləcəklər".

"Vəzifədə olan hazırkı prezident hesabat müddəti ərzində televiziya vasitəsilə yayımlanmış üç debatda iştirak etməmiş və orada YAP-ın Sədr Müavini və İcraçı Katibi Əli Əhmədov tərəfindən təmsil olunmuşdur", - hesabatda vurğulanıb.

SMM hesabatında onu da göstərir ki, gündəlik siyasi məlumatlar təqdim edən bir çox vebsaytlara Bakıda və regionlarda ümumiyyətlə daxil olmaq mümkün deyil.

Mərkəzi Seçki Komissiyasından BBC Azərbaycancaya bildiriblər ki, missiyanın hesabatını yaxın saatlarda dəyərləndirəcəklər.

MSK bundan əvvəlki açıqlamalarında bütün namizədlər üçün bərabər şərait yaradıldılğını və seçkinin ədalətli, qərəzsiz mühitdə keçirildiyini açıqlayıb.

Bu barədə daha geniş