Fərəc Quliyev: "Azərbaycanda mətbuat azaddır və heç kəs ortaya bunun əksini göstərən bir fakt qoya bilməz"

Fərəc Quliyev və Səadət Akifqızı
Image caption Fərəc Quliyev hesab edir ki, Azərbaycanda mətbuat azaddır və heç kəs ortaya bunun əksini göstərən bir fakt qoya bilməz

BBC Azərbaycanca "Növbədənkənar Prezident Seçkisi 2018" layihəsi çərçivəsində siyasətçilərlə, ölkənin tanınmış fikir adamları ilə silsilə müsahibələrə başlayıb.

Bu dəfə qonağımız Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili, prezidentliyə namizəd Fərəc Quliyevdir.

Onunla əməkdaşımız Səadət Akifqızı söhbət edib.

Bu müsahibənin video-yazını Youtube-da izləyin.

- Fərəc bəy, təxminən 15-17 gündən sonra Azərbaycanda çox əhəmiyyətli hadisə baş verəcək. Seçicilər yeni prezident seçəcəklər. Ancaq bəziləri şikayətlənir ki, belə br əhəmiyyətli hadisəyə baxmayaraq, ölkədə seçki əhval-ruhiyyəsi, əsl yarışma hiss olunmur.

- Seçki prossesinə qatılmaq lazımdır ki, seçki prossesi də insanlar tərəfindən hiss olunsun. Əgər o insanlar hanısa təşkilatda var idilərsə və seçkilərə təşkilat kimi qatılırlarsa, hazırlıq mərhələsində fəallıq göstərməli idilər. İndi namizədləri varsa, onun təşkilatında fəallıq göstərməli idilər. Əlbəttə, bu prosseslərdən kənarda qalıb seçkini hiss etmək çətinlik yaradacaq.

Amma intensiv görüşlərimizdən də, camaatın iştirakından da, digər namizədlərin görüşündən də görürəm ki, əhalinin siyasi fəal hissəsi seçkilərə qatılıb. Lakin hamının bunu hər gün, hər yerdə hiss etməsi mümkün deyil.

Image caption Milli Şura və Müsavat partiyası 11 aprel prezident seçkisini boykot edib. 10 mart 2018-ci il

-Amma, iştirak etməyənlər, xüsusilə ana müxalifət qüvvələri iddia edirlər ki, ölkədə bu seçkilərdə iştirak etmək üçün münbit zəmin yoxdur. Yəni indiki Seçki Məcəlləsi ilə ədalətli seçki keçirilməsini mümkünsüz sayırlar, seçkinin növbədənkənar elan edilməsinin gözlənilməz olduğunu, buna əsaslı səbəb göstərilmədiyini deyirlər.

- Dünyanın hər yerində bütün müxalifət növbədənkənar seçkilərin keçirilməsində və hakimiyyətə iddiasını otaya qoymaqda maraqlı olurlar. Növbədənkənar seçkilər keçirilsin və onlar güclərini ortaya qoysunlar. Amma bizdə növbədənkənar seçkilər keçirilir və müxalifətdə olan bəzi qüvvələr daha şox seçkilərdə iştirak etməməyi uyğun görürlər. Məncə, bu normal yanaşma deyil.

Məsələn, bu, "özünü dəyirmançı elan etmək, amma mən dənli bitki üyütməyəcəm" demək kimi bir sheydir. Siyasətlə məşğulsansa və siyasi partiya varsa və illərlə o elektoratla hazırlaşırsansa, hər gün seçkiyə hazırlaşmalısan. Çünki hakimiyyətə gəlməyin başqa yolu yoxdur, sivil yol - seçkiylə hakimiyyətə gəlməkdir.

Seçkinin vaxtından əvvəl keçirilməsi məncə doğrudur, düzdür, ola bilər ki, partiyalara bir az çətinlik yaratdı, bir var 6 ay hazırlaşasan seçkiyə, bir var 2 ay. Amma məsələ burasındadır ki, Azərbaycan müharibə şəraitindədir. Ermənistan danışıqlarda çığallıq edir. Bilirsiz ki, orda hakimiyyət idarəsində sistem dəyişir. Danışıqlara sıfırdan başlamağa çalışırlar.

Şərtlər dəyişir, Rusiyanın özünə qarşı artıq bilirsiniz, dünyanın mövqeyi nə yerdədir. Ona görə də payızda hər an müharibə aktiv fazaya keçə bilər. Buna görə də seçkini indidən keçirib hazırlanmaq ölkə mənafeyindən çox uğurlu seçimdir.

-Fərəc bəy, siz payızda cəhbhədə hər hansı vəziyyətin dəyişmə ehtimalını vurğulayırsınız. Konstitusiyadakı dəyişikliklər də belə halı tənzimləyir, seçkilər dayandırılır.

- Problemi gözləyib, problemi həll etməkdənsə, onu profilaktik yanaşmaq məncə, daha doğrudur. Və artıq seçki olandan sonra yeni hakimiyyətin özünə kifayət qədər vaxtı, 3-4 ay qalır ki, oturuşsun. Payızda ziqzaqlar olarsa, hazırlıqlı olsun. Seçkinin növbədənkənar keçirilməsi məsələsinə baxışım hər halda belədir.

Amma partiyalar hər seçkidən sonra hazırlaşmağa başlamalıdır, yəni onun işi budur, başqa işi yoxdur əslində. Və seçkidən kənarda qalmaqla nə qazanırlar? Seçkidən kənarda qalan müxalifətin bir hissəsindən soruşurlar ki, siz bu dönəmdə nə edəcəksiniz? Cavablar budur ki, biz diplomatlarla görüşlər keçirəcəyik, mitinqlər keçirmək istəyirik, televiziya istəyirik.

Seçkiyə qatılanda canlı efir də verilir, mitinqlərə də yerlər ayrılıb, hətta bütün bölgələrdə. Qapalı yerlər də var mitinqlər üçün. Diplomatlar da artıq özləri görüşmək istəyirlər. Ona görə də, məncə, səslənənlər sadəcə, bəhanədir.

Fotonun müəllifi Ictimai TV
Image caption Prezidentliyə namizədlərə həftədə 3 dəfə İctimai TV-də ödənişsiz efir imkanı yaradılıb

- Siz debatlardan danışdınız. İctimai televiziyada keçirilən debatları debat adlandıra bilirsinizmi?

- İctimai televiziyada keçiriləni debatdan başqa nə adlandırmalısan ki? Debat budur. Ola bilər ki, bu, kimisə qane etməsin, bizim özümüzü də vaxt darlığı, əlbəttə ki, qane etmir. Amma normal şəkildə, istədiyin fikri, istədiyin mövzu ilə bağlı olaraq deyə bilirsən. Bu dəfə debatlar mövzular üzrə qoyulub.

Hər bir namizəd həyatın istənilən sahəsində, gücünü, istəyini, bacarığını, arzularını əhaliyə çatdıra bilir. Amma buna daha çox vaxt olsaydı, daha uyğun olardı. Çünki biz həmişə gileylənmişik ki, təşviqat dönəmi qısa dönəmdir, bunu kompensasiya etmək üçün debatların zamanını uzatmağa, iki dəfə çoxaltmağa dəyər.

-Yəni debat daha çox müzakirə xarakterlidir. Müxtəlif baxışlardakı ziddiyyətlərin toqquşdurulmasıdır. Amma burada çıxışçı öz platformasından, öz baxışlarından danışır.

-Xeyr, siz niyə elə düşünürsünüz?.. Birincisi, hər namizəd platformasını cəmiyyətə çatdırmalıdır, qaydası budur. Üstəlik keçən dəfədən fərqli olaraq bu dəfə debatlarda konkret mövzu müəyyənləşdirilib. Və mövzu ətrafında da - istəyir iqtisadi, istəyir həmrəylik, istəyir başqa siyasi və ya xarici siyasətlə bağlı olsun, hər bir namizəd müzakirələrə qatılır və öz mövqeyini bildirir. Normal şəkildə debatlar keçirilir.

Image caption Fərəc Quliyev: "Bizim müxalifətçiliyimiz qərəzli və şəxslərə qarşı bir müxalifətlik deyil, biz problemlərə müxalifətik"

-İzləyicimiz Mehman Şef yazır ki, əgər sizi prezident seçsələr, monopoliya qalacaqmı?

- İlk çıxışımda bildirmişdim ki, Azərbaycanda mülki cəmiyyət bazar və hakimiyyət arasında münasibətlər sisteminə yenidən baxılmalıdır. Çünki inhisarçılar bazarın doymasında kifayər qədər rol oynayırlar və vergidən də yayınırlar.

Və monopolistlər həm də rəqabətin qarşısını alırlar. Ölkədə bu dəqiqə istehlak olunan malların əksəriyyəti ölkədə istehsal oluna bilər, amma bu məhsulların böyük bir hissəsi kənardan gətirilir. Burda həm istehlakçıya, həm istehsalçıya ziyan dəyir, həm də valyutamız kanəara çıxır. Ona görə də inhisarçılara qarşı mübarizə bir mənalı şəkildə olmalıdır və bunu öz proqramımda da elan elədim.

- Fərəc bəy, inhisarçılardan danışdınız. Onlar kimdirlər?

- Monopoistlərin xüsusi bir tərifi yoxdur. Sadəcə hansısa bir sahəni inhisara götürən və rəqabətə mane olan insanlardır. Bunlar, əsasən, hakimiyyətə bağlı olan oliqarxlardılar. Məsələn, bazarlarımız İran kartofu ilə doludur. Amma Azərbaycanda Gədəbəy rayonunda kartof qalıb çürüyür.

İnsanlar bu məhsulu yetişdiriblər, amma sata bilmirlər. Gömrük Komitəsi zəhmət çəkməlidir və muxtar tariflər tətbiq etməlidir. Bu rəqabətdə yerli istehsalçıya şərait yaradılmalıdır ki, onun məhsulu bazara çıxsın və istehlakçı da onu ucuz qiymətə ala bilsin. Yəni bu tip məsələlər bir qrup insan qazansın deyə böyük bir hissənin maraqları ayaqlar altına atılır.

-Fərəc bəy, ümumiyyətlə, ölkədə monopoliya ilə bağlı çoxlu iddialar, çoxlu tənqidlər səslənir. Bunun qarşısını almaq, bu məsələni həll etmək kimin siyasi iradəsinə söykənir?

-Təbii ki, bu hakimiyyətin bir mənalı şəkildə həll etməli olduğu məsələdir. Bunu başqası həll edə bilməz.

-Bəs onda niyə həll edə bilmir? Sizin fikrinizcə, problem nədədir?

- Buna qarşı mübarizə aparılmır desək, bu, doğru olmaz. Əlbəttə, korrupsiyaya qarşı bir mübarizə idarəsi varsa, onun fəaliyyəti varsa, bu tipli halların qarşısı alınırsa, həbs olunanlar varsa, bu başqa. Amma təkcə inzibati yolla deyil, həm də profilaktik tədbirlər görülməlidir.

Fotonun müəllifi AzərTAG
Image caption Hakim Yeni Azərbaycan Partiyası öz qurultayında İlham Əliyevin namizədliyini irəli sürüb

-Fərəc bəy, təbii ki, namizədlərin İctimai TV-də gedən çıxışlarını izləyirik. Yəni seçkiyə qatılanların bəzisi ən azı İlham Əiiyevi dəstəkləməyə çağırmasa da, onun prezidentlik dövrünü, siyasi kursunu, ümumiyyətlə apardığı fəaliyyəti təqdirə layiq sayır. Yəni bəziləri onun vəkili kimi çıxış edir, bəziləri də problemlərdən ümumi şəkildə danışır. Siz özünüzdə çıxışlarınızda konkret ünvanlar göstərmirsiniz, ümumi danışırsınız. Sanki bir çəkingənlik hiss olunur.

- Xeyr, mən konkret ünvanlar göstərirəm. Elə bir şey yoxdur. Siz nəyə əsaslanıb bunu deyirsiniz? Bütün çıxışlarımın video yazısı var. Bütün sahələrə tənqidlərimi bildirirəm, təkliflərimi verirəm, ünvanlı danışıram və hansı idarəetmə sistemində naqisliklər varsa, bimənalı şəkildə adı çəkilib.

Hətta nazirlərin, nazirliklərin də adı çəkilib. Amma o başqa məsələdir ki, bizim müxalifətçiliyimiz qərəzli və şəxslərə qarşı bir müxalifətlik deyil, biz problemlərə müxalifətik. Bizim partiyamızın anlamında bir yaxşı işi kim görürsə görsün, fərqi yoxdur, müxalifət və ya iqtidar, milli mənafeyə uyğundursa, yanındayıq, milli mənafeyə uyğun deyilsə qarşısındayıq.

- Fərəc bəy, sizcə, Azərbaycan cəmiyyəti hakimiyyət dəyişikliyi istəyirmi?

- Əlbəttə, istəyir. Mən büdcə müzakirələrindən danışanda bildirdim ki, indiki vəziyyət, büdcə ölkə iqtisadiyyatının güzgüsüdür. Amma əsl güzgü insanların süfrəsidir. İnsanlar öz süfrələrində vəziyyəti daha yaxşı görürlər. Boş sözlərlə, şüarlarla təbii ki, insanların mədəsi doymayacaq.

Bunlar o vəziyyətdən razı deyillər, insanların iqtisadi durumu aşağı səviyyədədir və ölkə kimi potensialımız adekvat deyil. Təqaüdçülərin təqaüdü aşağıdır, büdcədən məvacib alanların məvacibi aşağıdır, tələbələrin ehtiyacları tam şəkildə ödənmir. Biz bunları etiraf etməliyik.

İmkanlarımız ola-ola bu vəziyyətdə qalmağımız doğru deyil. Biz hətta neftimiz olmasa belə, indi yaşamdan qat-qat yaxşı yaşamağa layiq və potensialı olan xalqıq. Təbii ki, xalq dəyişiklik istəyir. Və mən bu dəyişikliyin sivil yolla olmasını arzulayıram.

Image caption "Freedom House" təşkilatı Azərbaycanda etirazlar zamanı güc tətbiq edildiyini bildirib. Foto-Arxiv

- Azərbaycan insan haqları ilə bağlıtez-tez tənqidə tuş gəlir. Beynəlxalq Freedom House (beynəlxalq insan haqları müdafiə təşkilatı) 2018-ci ilin ilk aylarında dünya ölkələrində azadlıq barədə məlumatı açıqlamışdı. Azərbaycan azad olmayan dövlətlər sırasında göstərilmişdi. İnsan haqları ilə bağlı, mətbuat azadlığı ilə bağlı fikirlərinizi, etirazlarınızı hardasa bildirmisinizmi? Yaxud da hesab edirsinizmi ki, Azərbaycanda mətbuat azad deyil.

- Azərbaycanda mətbuat azaddır və heç kəs ortaya bunun əksini göstərən bir fakt qoya bilməz. Azərbaycanda yüzlərlə qəzet vardır və heç bir qəzeti bağlamayıblar. Azərbaycanda internet şəbəkəsinə müdaxilə yoxdur. Sosial şəbəkələrdə istənilən formada sözünü deyirsən.

Mətbuata qarşı heç bir dözümsüzlük yoxdur, qəzetlər normal şəkildə çıxırlar. Senzura yoxdur. KİV-lərə müdaxilə yoxdur. Kim istəsə qəzet buraxa bilir, bir günün içində qeydiyyata alınmaq mümkündür. Hansı mətbuatın azadlığı əlindən alınıb?

- Bəzi jurnalistlər hakimiyyəti tənqid etdiyinə görə həbs olunub, beyəlxalq hüquq müdafiə təşkilatları belə qiymətləndirib. Bir neçə jurnalist məhbəsdədir. Məsələn, Mehman Hüseynov, Əfqan Muxtarlıdır...

- Elə bir şey yoxdu axı. Sizdən çox hakimiyyəti tənqid edən yoxdur. Kiməsə böhtan demək, kiminsə şərəf və ləyaqətinə toxunan adamlar vardı, kimisə yalan informasiyalarla gözdən salanlar vardı. Bunlar başqa şeylərdir. Amma normal şəkildə tənqid edən jurnalistə kim nə deyibdir.

Üstəlik də heç bir adam jurnalist fəaliyyətinə görə həbsə atılmayıb. Və ümumiyyətlə jurnalistlik, istər deputatlıq və ya başqa iş başında olasan, hansısa status insanları qanundan kənar, yan keçməyə bəhanə ola bilməz. Hər kəs qanun qarşısında bərabərdir. Bir jurnalist və ya bir deputat sabah bir cinayət törətsə, ona görə cavab verməlidir.

Baxışlarımız belə olmalıdır. Amma yazısına görə, tənqidinə görə heç kim məhbəsə atılmayıbdır. Bunu qəbul etmirəm və beynəlxalq təşkilatarın da Azərbaycana qərəzli münasibətini bir daha bəyan edirəm.

Fotonun müəllifi Getty Images
Image caption Avropa Şurası (AŞ) insan haqları komissarı Nils Muiznieksson

- Avropa Şurası (AŞ) insan haqları komissarı Nils Muiznieksson-un son hesabatı ilə yəqin ki, tanışsınız. Həmin hesabatda bildirilmişdi ki, Azərbaycandakı ciddi insan haqları vəziyyəti artıq bütün Avropa Şurasının diqqətini cəlb edib.

- O dövlətlərin özləri də bu məsəllərdə hansısa bir fikir bildirəndə biz onların fikirlərini mütləq bir qanun kimi qəbul etməli deyilik ki. Bunlar elə düşünürlər. Amma biz elə düşünmürük. Məsələn, Kataloniyada baş verən hadisələrdə sərt tədbirlər gördülər və ya başqa ölkələrdə nəsə baş verəndə, biz polisin sərt hərəkətini görürük. Amma bizdə ondan qat-qat yumşaq hərəkətləri dərhal qətnamələrə salmağa başlayırlar.

Siz onları ifadə etdiniz, amma başqa bəyanatlarda da, Avropa İttifaqının digər strukturlarında Azərbaycanla münasibətlərinə bağlı fərqli deyimlər də vardı. Ona görə bizim hüquq müdafiəçilərinin bir qisminin və ya başqa bu ölkədən məlumat göndərənlərin əssasız olan məlumatları əsasında qərar vermək və o qərarı da ciddi sənəd kimi qəbul etməyimiz doğru deyil.

Real olan Azərbaycandakı vəziyyətdir və mən bir daha bildirirəm ki, Azərbaycanda media azaddır. Heç kim düşüncəsinə görə həbs edilməyib.

- Fərəc bəy, siz ölkədə korrupsiya, monopoliya olduğunu vurğuladınız. Sizcə belə halların fonunda insan azadlığı da qoruna bilərmi?

- Siz 2018-ci ilin seçkiləri ilə bağlı mövzunu qoydunuz . Amma indi onu tamamilə kənara qoydunuz və tamamilə fərqli bir şeyə keçmisiniz. Mən bunu sizə bildirim. Bu suala 3-4 dəfə cavab vermişəm. Bilmirəm, yenə cavab verməyə, ehtiyac varmı?

- Yəni siz korrupsiya, monopoliya hallarının olduğunu və buna qarşı mübarizə apardığınızı vurğulayırsınız. Belə hallar varsa, fundamental insan haqlarının qorunması mümkündürmü?

- Mübarizəni mən aparmıram, mübarizəni müvafiq strukturlar aparır. Dünyanın hər yerində belə hallar vardır. Nə qədər ki, bəşəriyyət var, belə hallar olubdur və olacaqdır. Biz onun minimuma endirilməsinin aradan qaldırılmaısının tərəfdarıyıq. İdeal dövlət yoxdur və mən bayaq da qeyd etdim ki, bu istiqamətdə işlər görülür. Bu mənim işim deyil, bunu dövlət orqanları görürlər.

Image caption Foto. Arxiv.

-Siz ikinci dəfədir ki, prezident seçkilərinə qoşulursunuz. 2013-cü ildəki prezident seçkilərində seçicilərin təqribən 32 mini səs vermişdi. Bu da ümumi səslərin 0,86 faizi idi. Bu dəfə ümidiniz nəyədir?

- Nəzər alın ki, namizədliyimi vermək üçün 45 min imza toplamışam . 32 minin nə qədər doğru olub-olmamasıni bilmirəm. Amma hər halda qatılmışdım. Gedişatdan ona görə razıyam ki, ən azı düşüncələrimi cəmiyyətlə bölüşə bilirəm. Partiyam ciddi şəkildə təbliğ olunub. Biz düşüncəmizin hakim olmasında maraqlıyıq.

Seçkinin demokratik keçməsi həm də seçicilərdən asılıdır. Əgər məntəqələrə gəlməyəcəklərsə, bülletenləri başlarına vuracaqlarsa, onda heç kimdən gileylənməli deyillər. Onların əvəzində kimsə iş görməyəcək. Bəzən çox şeylər tələb edirlər bizdən. Biz tək başına dünyanı tərsinə çevirəcək bir adam deyilik.

Adam əgər bir gününü ayırıb seçki məntəqəsinə getmirsə, artıq heç kimdən hesab tələb etmək haqqı yoxdur.

Bu barədə daha geniş