Azərbaycanda prezident seçkiləri: Milli Şura və Müsavatın birgə etiraz nümayişi başa çatıb

Milli Şura və Müsavatın birgə etiraz nümayişi

Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda Demokratik Qüvvələrin Milli Şurası ilə Müsavat Partiyasının birgə keçirdiyi etiraz nümayişi başa çatıb.

Bakı Şəhər Baş Polis İdarəsi etiraz nümayişində ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarının qeydə alınmaması ilə bağlı məlumat yayıb.

İdarənin məlumatına görə, etiraz nümayişində 1200 nəfər iştirak edib.

AXCP Ali Məclisinin sədri, Milli Şuranın üzvü Nurəddin Məmmədli isə bu rəqəmlə razı olmadığını və nümayişə daha çox insanın qatıldığını bildirir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Milli Şura ilə Müsavat partiyası etiraz aksiyası keçirib

Cənab Məmmədli deyir ki, onlar etiraz nümayişlərini davam etdirmək fikrindədirlər.

Növbədənkənar prezident seçkilərinə qarşı etiraz nümayişində "Azadlıq istəyirik", "Qul deyilik!", "Növbədənkənar diktatura", "Səhiyyə can üstədi, təhsilimiz xəstədi" və "Şah qanun olmasın, qanun şah olsun!" kimi şüarlar səsləndirilib.

Etiraz nümayişi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Bundan əvvəl Milli Şura və Müsavatın birgə etiraz nümayişi martın 10-da baş tutmuşdu.

Prezident İlham Əliyev Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar imzalayıb.

Hakimiyyət erkən seçki qərarını, o cümlədən ölkədə bir neçə əhəmiyyətli yerli və beynəlxalq tədbirin üst-üstə düşməsi ilə izah edir.

Milli Şura da daxil bir neçə müxalif siyasi qurum seçkinin ertələnməsi barədə qərarı tənqid edərək səsverməni boykot edəcəyini bildirib.

Bu barədə daha geniş