Azərbaycanda autizm reabilitasiyası: "Özəl və baha"

Uşaq Fotonun müəllifi İSTOCK
Image caption Autizm üçün pensiya müavinəti 2015-ci ildən verilir.

Azərbaycanda övladları autizmli olan valideynlər reabilitasiyanın özəl və baha olduğunu, eləcə də autizmli uşaqlar üçün təqaüd almaqda çətinlik çəkdiklərini dilə gətiriblər.

BBC Azərbaycancaya danışan valideynlər və ictimai təşkilatlar, ümumilikdə, vəziyyəti "çox böyük problem" kimi qiymətləndiriblər.

Azərbaycanda autizm diaqnozlu insanların dəqiq statistikası aparılmasa da, bu rəqəmin 6000-ə yaxın olduğu deyilir.

Səhiyyə Nazirliyi əlilliklə bağlı proqramda autizm sindromu barədə məsələlərin yer aldığını, ümumi vəziyyətin isə üç il əvvələ nisbətdə irəlilədiyini bildirib.

2 aprel bütün dünyada Autizm barədə Maarifləndirmə günü kimi qeyd olunur.

Autizmli uşağı olan Aytən Eynalova lazımi reabilitasiya mərkəzi olmadığına görə uşağının 7-8 yaşınadək xaricdə yaşamalı olub və orada uşağını xüsusi mərkəzə göndərib.

Daha sonra ölkəyə qayıdan Eynalova, hazırda özü də reabilitasiya təlimləri keçir.

Reabilitasiya təhsili neçəyə başa gəlir?

Onun sözlərinə görə, autizm diaqnozlu uşaq həftədə minimum 20 saat reabilitasiya təhsili almalıdır, lakin bəzi ailələrin buna imkanı çatmır:

"Autizmli bir uşağın həftədə dörd saat reabilitasiya təhsili alması üçün 250-300 manat tələb olunur. Əslində isə bu uşaqlar həftədə minimum 20 saat reabilitasiya təhsili almalıdır ki, bu da 1000-2000 manat xərc deməkdir."

Xanım Eynalova BBC Azərbaycancaya müsahibəsində maliyyə məsələsini reabilitasiya sahəsində "çox böyük problem" kimi qiymətləndirib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bakı Autizm Maarifləndirmə Günü ilə bağlı mavi rəngə boyanıb

67 AZN təqaüd və yaradılan süni problemlər

"Autizmə görə 67 manat pensiya müavinəti alırıq. Dünya praktikasında autizmin səviyyəsinə görə pensiya verilsə də, Azərbaycanda yüngül autizm səviyyəli uşaqlara pensiya verməmək üçün problem yaradırlar", "Birgə və Sağlam" İctimai Birliyininin rəhbəri olan müsahibimiz deyir.

Xanım Eynalova 2015-ci ilə qədər autizm sözünün əlillik meyarlarında olmadığı üçün pensiya ala bilmədiklərini, yalnız Milli Məclisə müraciətlərindən sonra pensiya verilməsi qərarının verildiyini deyir.

Onun sözlərinə görə, pensiyaya müraciət edən hər bir uşaq autizm diaqnozunun təsdiqlənməsi üçün 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında bir həftə yatmalıdır.

Fotonun müəllifi Getty Images
Image caption Azərbaycanda autizm diaqnozlu insanların sayı 6000-ə yaxın olduğu deyilir.

Aytən Eynalova onu da qeyd edir ki, Azərbaycanda autizmli uşaqlarla bağlı dövlət proqramı yoxdur.

O deyir ki, dövlət proqramı hazırlanarkən erkən müdaxilə, statistikanın aparılması, mütəxəssislərin yetişdirilməsi, təhsil mütəxəssislərinin və ən əsası valideynlərin maarifləndirilməsi məsələləri daxil olmalıdır.

Yerli və xarici təcrübə

Azyaşlı autist övladı olan Şəhla Əliquliyeva isə hazırda Kanadada övladını realibitasiya mərkəzlərinə aparır.

"Kanadada dövlətin maliyyələşdirdiyi autizm proqramları, eləcə də dövlət və özəl mərkəzlər var. Azərbaycanda isə xidmətlərin 100%-i özəl və pulludur", deyə o, yerli və xarici təcrübəsini müqayisə edir.

O qeyd edir ki, Kanadada cəmiyyətin autizm haqda daha məlumatlıdır.

Şəhla Əliquliyeva deyir ki, Kanada qurumları autist uşaqların xüsusi istedadlarını üzə çıxarmağa can atır:

"Oğlum Mustafaya görə Toronto Təhsil İdarəsi xüsusi iclas keçirdi. İdarənin ayrıca nitq terapevti, davranış terapevti, psixoloqu, əlillik mütəxəssisləri və sosial içiləri var. Onlar uşağın vəziyyətini dəyərləndirir, uşağa köməkçi müəllim təyin edir və ayrıca tədris proqramı hazırlayırlar", xanım Əliquliyeva əlavə edir.

Səhiyyə Nazirliyi nə deyir?

Fotonun müəllifi ADAM BERRY
Image caption İctimai Səhiyyə və İslahatlar Mərkəzi: "Həkimlər hər beş ildən bir Həkimləri Təkmilləşdirmə İnstitutunda kurslara göndərilir və burda autizmlə bağlı da kurslar keçirilir. Buna görə də, autizm diaqnozunun müəyyənləşdirilməsi artıq xeyli asanlaşıb"

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən BBC Azərbaycancaya deyilib ki, autizmlə bağlı ayrıca dövlət proqramı olmasa da, əlilliklə bağlı proqramda bu sindromla bağlı məsələlər də yer alır.

"Son üç ildə Səhiyyə Nazirliyi valideynlərin maarifləndirilməsi ilə bağlı bir sıra işlər görüb. Həkimlər mütəmadi olaraq təlimlərə göndərilir, xarici mütəxəssislər dəvət olunur", mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbinə Babazadə deyir.

Xanım Babazadə Səhiyyə Nazirliyinin nəzdində autizm reabilitasiya mərkəzlərinin olmadığını, lakin Sosial Müdafiə Nazirliyinin nəzdində ümumi reabilitasiya mərkəzlərinin olduğunu bildirib. O, autizm üzrə ixtisaslaşmış Psixo-nevroloji Uşaq Mərkəzinin bütün xidmətləri pulsuz olduğunu əlavə edib.

"Həkimlər hər beş ildən bir Həkimləri Təkmilləşdirmə İnstitutunda kurslara göndərilir və burda autizmlə bağlı da kurslar keçirilir. Buna görə də, autizm diaqnozunun müəyyənləşdirilməsi artıq xeyli asanlaşıb", o deyir.

Bu barədə daha geniş