Həbsdə olan jurnalist Əfqan Muxtarlının "səhhəti pisləşib"

Əfqan Muxtarlı Fotonun müəllifi ELMİR MİRZOYEV
Image caption Həbsdə olan jurnalist Əfqan Muxtarlının səhhətinin pisləşdiyi deyilir

Həbsdə olan jurnalist Əfqan Muxtarlının səhhətində ciddi problemlərin yarandığı bildirilir.

Bu haqda BBC Azərbaycancaya jurnalistin həyat yoldaşı Leyla Mustafayeva məlumat verib.

Penitensiar Xidmətdən BBC Azərbaycancaya deyilib ki, jurnalistin nəzərdə tutulan bütün müayinələri aparılacaq.

Leyla Mustafayeva deyir ki, Əfqan Muxtarlı ürək və sinə nahiyələrindəki kəskin ağrılardan əziyyət çəkir.

"Əfqanı rentgen müayinəsindən keçirən həkim deyib ki, ciyərində ləkə var", xanım Mustafayeva deyir.

O, yaxın saatlarda Əfqan Muxtarlının zəng etdiyini və onun yeni həkim müayinəsini gözlədiyini söyləyib.

"Ağrılar zərbədən ola bilər"

Leyla Mustafayeva Əfqan Muxtarlının həbsi zamanı onun ürək nahiyəsinə zərbələr endirildiyini və ağrıların bununla əlaqəli ola biləcəyini iddia edir.

"Onu oğurlayanda ürək nayihəsinə dirsəklə vurmuşdular. Ağrılar bundan sonra başlayıb", - o deyir.

Leyla Mustafayeva deyir ki, Əfqan Muxtarlı Tbilisidə mütəmadi həkim müayinəsindən keçib.

Image caption Gürcüstan baş naziri: Əfqan Muxtarlının işində dövlətin rolu olmayıb

"Əfqan bərk öskürür, təzyiqi qalxır və nəbzi yüksəlir. Onda heç vaxt bu hallar sürəkli olmayıb", - jurnalistin xanımı deyib.

Leyla Mustafayeva Əfqan Muxtarlının şəkər xəstəsi olduğunu və təcridxanada idman üçün lazımi şəraitin olmadığını söyləyir.

Bu gün yeni müayinə keçməlidir

Jurnalistin vəkili Nemət Kərimli BBC Azərbaycancaya deyib ki, Əfqan Muxtarlının səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət göndərib.

O deyir ki, cümə axşamı Tibb Baş İdarəsinin rəisinin qəbulunda olub və jurnalistin yeni müayinəsi üçün ixtisaslaşmış həkim göndəriləcəyi deyilib.

"Bu gün Əfqan Muxtarlının yeni müayinəsi baş tutmalıdır. Yəqin ki, yaxın saatlarda bu haqda məlumat ala bilərik", Nemət Kərimli deyib.

"Peşəkar həkimlər var"

Penitensiar Xidmət bütün istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində peşəkar həkimlərin olduğunu deyir.

Qurumun mətbuat xidmətin rəhbəri Mehman Sadıqov BBC Azərbaycancaya deyib ki, jurnalistin nəzərdə tutulan bütün müayinələri aparılacaq.

"Əgər səhhətində hər hansı bir problemlər müəyyən olunarsa, müalicə kursu təyin olunacaq", - o deyib.

Mehman Sadıqov əlavə edib ki, müayinə-müalicə prossesində müəssisələrin həkimlərindən başqa, Tibb Baş İdarəsinin həkimlərindən, eləcə də digər tibb ocaqlarının həkimlərindən də istifadə olunur.

İndiyədək nə baş verib?

Məhkəmə Əfqan Muxtarlını mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhəddini qanunsuz keçmək ittihamı ilə 6 il azadlıqdan məhrum edib.

Əfqan Muxtarlı bu ittihamları təkzib edir və mayın 29-da axşam saatlarında yaşadığı Gürcüstan paytaxtı Tbilisidən oğurlanaraq Azərbaycana aparıldığını deyir.

O, Gürcüstanda saxlandığı və Azərbaycana aparıldığı gün döyüldüyünü, daha sonra cibinə 10 min avro qoyulduğunu deyib.

Məhkəmə Əfqan Muxtarlını qaçaqmalçılıq, sərhədi qanunsuz keçmək və sərhəd xidməti əməkdaşının həyat və sağlamlığına zor tətbiq etməkdə təqsirli bilib.

26 oktyabr 2017-də Əfqan Muxtarlıya verilən "Pavel Şeremet jurnalist mükafatı - 2017" onun həyat yoldaşı Leyla Mustafayevaya təqdim edilib.

Bu barədə daha geniş