Azərbaycanda "islahatlar qaçılmazdır"

Mehman Əliyev
Image caption Mehman Əliyev Qərb və Azərbaycan arasında "hansısa formada...razılaşma" olduğunu hesab edir

BBC Azərbaycanca "Növbədənkənar Prezident Seçkisi 2018" layihəsi çərçivəsində siyasətçilərlə, ölkənin tanınmış fikir adamları ilə silsilə müsahibələrə başlayıb.

Bu dəfə qonağımız Turan informasiya agentliyinin rəhbəri Mehman Əliyevdir.

Onunla əməkdaşımız Səadət Akifqızı söhbət edib.

Bu müsahibənin video-yazını Youtube-da izləyin.

- Mehman bəy, prezident seçkisinə sayılı günlər qaldı. Bu ilki seçkiqabağı vəziyyətlə əvvəlkilər arasında bir fərq varmı? Yaxşılığa və ya pisliyə doğru nə isə dəyişibmi?

- İlham Əliyev hakimiyyətə gələndən sonra ilk dəfədir ki, Azərbaycanda böhran şəraitində seçkilər keçirilir. Biz hələ böhrandan çıxmamışıq. O, vəziyyətə öz təsirini göstərir. İkinci amil seçkilər standart şəkildə keçirilmir, yəni vaxtından tez təyin olunub. Demək olar ki, fors-major şəklində, tələsik formada. Bu da öz təsirini göstərir. Müxalif aparıcı partiyalar Müsavat və Xalq Cəbhəsi seçkiləri boykot edir. Seçki mühiti kifayət qədər formaldır. Mən bunu texniki seçkilər adlandırıram. Nəticələri bəllidir. Çünki demokratik seçki deyil. Seçki məsələsi həll olunur polemikada, informasiya mübadiləsində, təqdimatlarda. Bunun üçün ölkədə şərait yoxdur.

-Amma İctimai Televiziyada namizədlərin ödənişsiz imkanları var.

- Sizə 2 dəqiqə vaxt ayrılır, bu o deyil. Seçki 20 gün ərzində və seçki günü həll olunmur. Bu prosses hər gün həll olunur və seçkidən birbaşa asılı deyil. Yəni bu, sadəcə olaraq ölkənin ictima-siyasi yaşayış tərzidir. Son 15 ildə görmüsünüzmü ki, müxalifət liderləri televiziya kanallarında çıxış etsinlər, öz mövqelərini bildirsinlər, danışa bilsinlər? Müstəqil ekspertlər danışa bilərmi? Mehman Əliyevi sonuncu dəfə televiziya kanalında 2006-2007-ci ildə görüblər bəlkə də. Hamıya blok qoyulur, bunları göstərmək olar, bunları göstərmək olmaz, bunları dəvət etmək olmaz, bunları danışdırmaq olmaz deyə. Heç bir otel imkan vermir tədbir keçirməyə, yəni otellərə də nəzarət edirlər. Yəni insanların hardasa gəlib çıxış etmək, dəyirmi masa keçirmək, konfrans, brifinq, mətbuat konfransı keçirtmək üçün imkanları yoxdur. Sərbəst toplaşma məsələsi, demək olar ki, yoxdur. Hamısı məhdudlaşdırılıb. Yəni belə bir vəziyyətdə, plüralizm olmayan yerdə, balanslı informasiyanın yayılmaması vəziyyətində seçici hansı normal qərarı çıxara bilər. Seçiciləri düzgün informasiya əldə etməkdən məhrum edirlər. Əgər düzgün informasiya yoxdursa, birtərəflidirsə, seçici düzgün nəticə çıxara bilərmi ki, kimə səs versin və ya verməsin. Bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə bizim vətəndaşlarımız kifayət qədər savadlıdırlar və görürlər ki, bu seçki hansı səpgidə keçirilir, hansı hüquqi, demokratik, seçici pozuntuları, konstitusiya pozuntuları var. Ona görə onlar seçkiyə də qatılmırlar. Mən hesab edirəm ki, bizdə seçkilərə uzaqbaşı əhalinin 5-10 faizi qatılsa, böyük şeydir. Ondan yuxarı da deyil.

-Mehman bəy, deyirsiniz ki, İlham Əliyev ilk dəfədir ki, böhran vəziyyətində seçkiyə gedir. Böhran vəziyyəti deyəndə bunu iqstisadi mənada nəzərdə tutursunuz, yoxsa insan haqları kontekstində?

- Xeyr, bu sistemli böhrandır. Yəni təkcə iqtisadi böhran deyil. İqtisadi, əlbəttə ki, ciddi amildir, bu platformadır. Amma iqtisadi böhran da onu göstərdi ki, bizim hakimiyyət bu böhrana hazır deyil. Onlar bu böhranı gözləmirdilər. Bu o deməkdir ki, sistem buna hazır deyildi və bu, sistemli böhrandır. Yəni idarəetmə pozulub və idarəetmədə ciddi pozuntu var. Əgər siz böhranı görmürsünüzsə və görməyi gözləmirsiniz, hesab edirsiniz ki, bu, qısamüddətlidir və neftin qiymətinin düşməsi və ya s. keçib gedəcək, o zaman bu, onu göstərir ki, hakimiyyətdə olan şəxslər vəziyyəti adekvat qiymətləndirə bilmirlər və faktiki olaraq, milyonlarla insanları çox pis vəziyyətə qoyurlar.

-Bu böhran manatın devalvasiyasından sonra baş verəndimi, yoxsa ondan da əvvəl hiss olunurdu...

- Ondan qabaq artıq başlayırdı, özünü, sadəcə açıq şəkildə göstərmirdi. Çünki bazarda tənəzzül hiss olunurdu. Amma bu, özünü açıq şəkildə devalvasiyanın nəticələrində göstərdi. Və bütövlikdə iqtisadiyyat münasibətlərində demək olar ki, düşgünlük yaranmağa başladı. Bu, realdır. Amma böhranın başqa tərəfləri də var. Mən yenə də deyirəm ki, hakimiyyətin özünün davranışı göstərir ki, iqtidarda təmsil olunanların böyük əksəriyyəti oturduğu və tutduğu vəzifələrə uyğun deyil. Onlar ölkəni bu böhrana gətirib çıxardılar. O birisi tərəfdən isə demək olar ki, bütün sahələrdə, vətəndaş cəmiyyəti sahəsində böhranı göstərdi. Çünki vətəndaş sektoru bu prossesdə, demək olar ki, bu gün yoxdur. Böhranın səbəblərindən biri odur ki, hakimiyyətə vətəndaş cəmiyyəti tərəfindən, media tərəfindən nəzarət itirilib. Nəzarət olsaydı, demək başqa cür də ola bilərdi. Saymamazlıq və volyuntarizm bu vəziyyətə gətirdi. Bütövlikdə cəmiyyət və hakimiyyət münasibətləri də böhran vəziyyətindədir.

Fotonun müəllifi AzerTAG
Image caption Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası

-İlham Əliyev hökumətin iclaslarından birində bildirmişdi ki, ölkə iqtisadi böhrandan çıxa bildi.

- Bilmirəm, onlar necə çıxıblar. Əgər devalvasiyadan əvvəl orta maaş 400 manat idisə, bu 400 avro edirdi. İndi orta maaş elə qalır 400 manat, ancaq bu indi edir 200 avro. Bu necə olur, qiymətlər də artıb, necə olur bu böhrandan çıxış? Deyək, artım var, sıfıra enmişik və sıfırdan başlayırıq qalxmağa. Məsələn, deyək ki, 1-2% artım var və bu o demək deyil ki, biz böhrandan cıxmışıq. Nə zaman ki, insanların rifahı, yaşayış vəziyyəti düzəlsə, heç olmasa böhrandan əvvəlki vəziyyətə gəib çıxsa, o zaman biz deyə bilərik ki, böhrandan çıxmışıq. Hələ ki, bu baş verməyib. Qiymətlər demək olar ki, iki dəfə artıb, amma atamın təqaüdü cəmi on faiz artıb.

-Hökumət yol xəritələri qəbul etdi və bəziləri artıq icra olunmağa başladı.Məsələn, turizm sahəsində. Hətta mətbuat da yazır ölkəyə turust axınından. Təkcə burda deyil, gömrük sahəsində də müəyyən dəyişikliklər aparıldı. Ən çox şikayət olunan sahələr barədə diqqət ayrımağa başlanıb. Yəni bunlar görünmürmü?

- Görünür. Addımlar atılır. 2015-ci ildə bunlar özlərini itirmiş vəziyyətdə idilər. 2016-cı ildən başladılar hərəkət etməyə və yenə də gözləyirdilər ki, bəlkə neftin qiyməti qalxdı, bu durumu xilas edər. Bu baş verməyəndə başa düşdülər ki, bu uzunmüddətli problemdir və artıq başladılar hərəkət etməyə ki, hansı sahədə nə etsinlər. Doğrudur, turizm, kənd təsərrüfatı sahələrində aktivlik var. Başqa sahələrdə də aktivlik var, mən deməzdim ki, yoxdur. Qəbul olunan yol xəritələri ilə bağlı onu deyə bilərəm ki, hazırlıq işləri gedir və bunu qəbul etmək lazımdır. Amma bunların hamısı demir ki, biz böhrandan çıxmışıq. Biz sadəcə böhrandan çıxmaq üçün cəhdlər göstəririk.

Fotonun müəllifi mehriban-aliyeva.az
Image caption Mehriban Əliyeva

-Belə fikirlər vardı ki, Mehriban Əliyevanın namizədliyi irəli sürülə bilər və hətta Rusiyada Medvedev ssenarisi kimi o, seçilə bilər. Sizcə bu niyə olmadı? Hakimiyyət bu planı təxirə saldı, yoxsa birinci xanımın namizədliyinin irəli sürülməsinə qarşı təzyiqlər vardı?

- Hələki Azərbaycanda klanlar sistemidir. Naxçıvan klanı var, ermənistanlılar klanı var, Qarabağ klanı var və başqa klan var. Daha çox klanların təsiridir ki, istəmirlər Mehriban Əliyeva prezident və ya dövlət başçısı seçilsin. Onlar buna ciddi şəkildə etiraz edirlər. Təkcə hakimiyyətin başında duranlar yox... Yenə də deyirəm, bizdə klan sistemi elədir ki, onun daxili hakimiyyətində olan elita, yuxarıda oturanlar, orta təbəqə, iş adamları, müxalifəti və sairə. Bu, bütün sistemi bürüyür. Klan maraqları hansısa başqa maraqlardan daha da üstün tutulur. Azərbaycanın böyük bir faciəsidir ki, bunlar hələ də klan sistemi ilə yaşayırlar. Bunlar hesab edirlər ki, hakimiyyətə kimlərinsə gəlməyi onların maraqlarına ciddi zərbə vuracaq. Çünki əslində bizdə, oliqarx sistemi belə qurulub ki, siyasi postu tutan adamlar bu sistemdən kifayət qədər bəhrələnirlər, hər şey bunun üstündə qurulub. İqtisadi maraqlar siyasi maraqlarla, demək olar ki, qaynayıb-qarışır. Bunlar başa düşürlər ki, siyasi postdan gedən kimi sənin iqtisadi maraqların da zəifləməyə başlayır. Fikrimcə, daha çox klandaxili təzyiqlər, hakimiyyətdaxili təzyiqlər nəticəsində hələlik bu baş vermir.

-Həbsdən çıxandan sonra müsahibələrinizdən birində demişdiniz ki, sizdən Mehriban Əliyevanın komandası medianın vəziyyəti ilə bağlı təhlil və təklif istəyib. Söhbət hansı komandadan gedir?

- Medianın vəziyyəti ilə bağlı narahatçılıq idi. Artıq onda hiss edirdilər ki, bu mediada, ümumiyyətlə daha çox sosial şəbəkələrdə, çünki medianın böyük hissəsi artıq alınıb, nəzarətdədir. Onlar hesab edirlər ki, medianı nəzarətə götürməklə ictimai fikri idarə edə biləcəklər, təsir edə biləcəklər, istədikləri formada nəyisə yedizdirəcəklər. Bu baş vermədi və internetin inkişafı, sosial şəbəkələrin inkişafı bu sistemi, bu yanaşmanı demək olar ki, dağıtdı. Bu gedən prosseslər və əsasən də mən hesab edirəm ki, yayılan böhtanlar, təhqirlər, bunları çox narahat edirdi. Ona görə də bu vəziyyətdən necə çıxmaq və necə düzəltmək, onların axtarışları var idi. Ona görə bu barədə mənimlə də söhbət olunub...

Image caption Mehman Əliyev:"İslahatlar qaçılmazdır"

-Təkliflər göndərmişdinizmi? Təhlillər və təkliflər nədən ibarət idi?

- Bəli, göndərmişdik. Təkliflərə gəlincə, qeyd etdim ki, vəziyyət həddən artıq ağırdır. Ənənəvi media, keyfiyyətli media sıradan çıxarılıb və bu, çox ciddi problemdir. Boşluq yaranıb. Ənənəvi media heç olmasa müəyyən dərəcədə qanun-qaydalar, etik kodekslə oturub-durur, çalışır. Ancaq sosial şəbəkələrin nümayəndələri, onların əksəriyyəti peşəkar jurnalistlər deyillər. Onlar böhtan, tənqid və ya təhqir arasındakı fərqi o qədər görmürlər. Əslində heç bir qanun peşə, əxlaq kodeksinə bağlı deyillər. Orda tamam başqa bir vəziyyətdir. İnformasiya məkanının aparıcı qüvvəsi, hansı ki, bu prosseslərə təkan verə bilərdi, müəyyən formada idarə edə bilərdi, bu sıradan çıxarılıb. (səs kəsilib - 18:02) Və bu 3 amildi. Bu təklifim vardı. Bu bərqərar olmalıdır birinci növbədə.

-Bunu necə yaratmaq nəzərdə tutulurdu? Yenidən nədən başlamaq lazım idi?

- Göstərmişdim ki, indiki durumda Mətbuat Şurası, KDF bunu edə bilməz. Bu vaxta qədər edə bilməyiblərsə, edə bilməyəcəklər. Əslində mediada bu tənəzzül elə onların dövründə, indiki təmsil olunan idarə heyətində komandanın dövründə baş verib. Ona görə yeni institutun yaradılmasını, prezidentin yanında media-ombudsman institutu yaratmağı təklif etmişdim. Bu informasiyanın ombudsmanı deyil, bu tamam başqa bir şeydir.Yəni bütün medianın aspektlərini əhatə edən məsələləri həll edən bir institutdur. Vahid bir siyasət aparılmasıdır.

-Bu təkliflər ünvanına çatdımı?

- Çatıb-çatmadığını bilmirəm. Vasitəçi olan adamlar dedilər ki, biz buna hələki hazır deyilik. Yəni məsələ alınmadı.

-Siz seçkidən sonra ciddi islahatlar gözləyirsiniz?

- İslahatlar qaçılmazdır. Mən bir amili də qeyd etmək istəyirəm. Avropa Birliyi və ABŞ referendum elan olunanda və prezident seçkiləri vaxtından əvvəl elan olunanda heç bir reaksiya göstərmədi, hər hansı ciddi bir tənqid olmadı. Fikrimcə, hansısa formada tərəflər arasında razılaşma var və əlbəttə ki, bu razılaşmalar Azərbaycanda avtoritarizmin qurulması, diktaturanın qurulmasına hesablanmayıb. Bunun arxasında həmən o ciddi islahatlar... siz dediyiniz 12 yol xəritəsi bir tərəfdən, o biri tərəfdən isə Avropa Birliyi ilə hazırlanan strateji partnyorluq haqqında saziş durur. Bizdə iki dənə mühüm istiqamət üzrə sənədlər var və hesab edirəm ki, seçkidən sonra həmən o istiqamətdə, həmən sənədlər əsasında canlanma baş verəcək. Əlbəttə ki, biz istərdik bu, daha çevik şəkildə baş versin.

-Mehman bəy, sizin dediklərinizdən çıxış eysək, necə bilirsiz, hakimiyyət o öhdəliklərdən, islahatlardan yayınmaq üçün manevr edə bilərmi?

- Hesab edirəm ki, getdikcə bu məhdudlaşır. Məsələn, deyək ki, seçkilərə qədər manevr etmək üçün... Böhrana qədər neft amili var idi, çox güclü vəsaitlər var idi. Demək olar ki, vətəndaş cəmiyyəti darmadağın olmuşdu. Həmən ərəfədə böyük həbslər keçirilidi. Leyla Yunus, İntiqam Əliyev və başqaları. Donorlar qovulur, media tam nəzarətə götürülür, sanki bundan sonra heç nə baş verməyəcək və bu hakimiyyət əbədi olaraq belə də idarə edəcək. 2015-ci ildən sonra hər şey başladı dəyişməyə və ona görə də indiki vəziyyətdən çıxmaq üçün islahatlar prossesini davam etdirmək lazımdır. Yəni burada manevr etmək, yubatmaq vəziyyəti daha da gərginləşdirəcək, daha da pisləşdirəcək.

Bu barədə daha geniş