ATƏT-in Seçki Missiyası: "Seçkilər həqiqi rəqabətin olmadığı şəraitdə keçirilib"

ATƏT
Image caption Missiya hesab edir ki, seçki günü "çox sayda ciddi pozuntu halları ilə xarakterizə olunub"

Azərbaycanda prezident seçkisi "həqiqi rəqabətin olmadığı şəraitdə" keçib. ATƏT-in Seçki Müşahidə Missiyası (SMM) və digər beynəlxalq müşahidəçilər çərşənbə günü 11 aprel seçkisi ilə bağlı rəyini açıqlayıb.

Missiya bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi "hüquq və azadlıqların məhdudlaşdırıldığı mühitdə" baş tutub.

Mərkəzi Seçki Komissiyası (MSK) isə seçkinin ədalətli şəraitdə keçdiyini, bütün namizədlər üçün bərabər şərait yaradıldığını bəyan edib.

"Azərbaycanda növbədənkənar prezident seçkisi günündə müşahidəçilər icrası mütləq olan prosedurlara məhəl qoyulmaması, şəffaflığın olmaması, seçki qutularına topa bülletenlərin atılması qeydə alınıb", ATƏT SMM-nın xüsusi əlaqələndiricisi Nilza de Sena cümə axşamı keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçki administrasiyası effektiv təşkil edilib, hakimiyyət orqanları beynəlxalq müşahidəçiləri ilə seçki öncəsi açıq olub, lakin seçki günü problemlər yaşanıb.

Beynəlxalq müşahidəçilər bildirirlər ki, seçki öncəsi ölkə mediasında plüralizm olmayıb.

"Digər namizədlər birbaşa olaraq hazırkı prezidenti tənqid etməkdən çəkinirdi və hazırkı prezidentin təşviqat kampaniya və rəsmi fəaliyyəti arasında fərq qoyulmurdu", AŞPA, ATƏT PA və ATƏT-in DTİHB-nın birgə bəyanatda deyilir.

Image caption ATƏT: "Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi "hüquq və azadlıqların məhdudlaşdırıldığı mühitdə baş tutub"

"Seçki qutusunda topa bülleten"

Missiya hesab edir ki, seçki günü "çox sayda ciddi pozuntu halları ilə xarakterizə olunub".

ATƏT və seçki günü onun əməkdaşlıq etdiyi digər beynəlxalq müşahidəçilər seçki qutusuna "topa bülleten atılması", seçici siyahılarında "çoxlu oxşar imzalar", "qrup şəklində başqasının yerinə səsvermə" və "təkrar səsvermə" halları müşahidə ediblər.

Nilza de Sena qeyd edib ki, ölkədə mediaya aid son dərəcə məhdudlaşdırıcı qanunlar tətbiq edilir.

TƏT DTHİB-nin seçkini müşahidə missiyasının rəhbəri Corien Jonker qeyd edib ki, rəsmi təbliğat dövründə media vaxtının 48.81 faizini dövlətin fəaliyyətinə, 27.40 faizini prezidentə həsr edib: "Boykota çağıran qüvvələrlə bağlı neqativ işıqlandırma aparılıb. Bərabər mühit yaradılmayıb".

O deyib ki, məntəqələrin 12 faizində pozuntu qeydə alınıb. Corien Jonker bunun "pis göstərici" kimi qiymətləndirib.

Missiya Azərbaycan hökumətinə gələcəkdə belə halların qarşısının alınması üçün bir sıra tövsiyə hazırladığını vurğulayıb.

MSK-nın sədri Məzahir Pənahov çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, 11 apreldə keçirilən seçki ilə bağlı onların qaynar xəttinə heç bir şikayət daxil olmayıb.

MSK-nın katibi Mikayıl Rəhimov BBC Azərbaycancaya müsahibəsində deyib ki, əgər qanun pozuntuları varsa, buna hüquqi qiymət veriləcək.

Bu barədə daha geniş