ReAl sədrinin sözçüsü: "Təzyiqlər də olacaq, maneələr da olacaq"

Azər Qasımlı

Respublikaçı Alternativ (ReAl) Hərəkatı internet vasitəsilə qurultay keçirərək partiyaya çevrilib və hazırda həbsə olan İlqar Məmmədov rəqibsiz olaraq qurultay iştirakçıları tərəfindən partiyanın sədri seçilib.

BBC Azərbaycancaya partiyanın planları barədə danışan və ReAl sədri İlqar Məmmədovun sözçüsü Azər Qasımlı partiyanın hədəfinin hakimiyyətə gəlmək və öz proqramını həyata keçirmək olduğunu deyib.

O, hazırda partiyanın hər hansı bir partiya ilə əməkdaşlıq etmək niyyətində olmadığını, lakin "dünya, ölkə dəyişdikcə" bunun mümkün olmasını istisna etmədiyini qeyd edib.

Partiya sədrinin həbsdə olmasının müxtəlif maneələr yaratdığını etiraf edən sözçü, buna baxmayaraq partiyanın da bunun öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.


Həmçinin oxuyun:


ReAl Hərəkatı partiya olaraq formalaşması və bunu internetlə keçirilən qurultay və səsvermə vasitəsilə etdiyini bazar ertəsi günü bəyan edib.

Azər Qasımlı və partiya üzvü Natiq Cəfərlinin iştirak etdikləri mətbuat konfransında, Natiq Cəfərli sentyabr ayından indiyədək, ReAL-ın qurultay üçün yer ayrılması üçün müxtəlif hökumət orqanlarına 48 dəfə müraciət etdiyini bildirib.

Bunun kimi maneələr, özünün ölkədən kənara çıxışına qoyulan izahsız qadağa və partiyanın sədri İlqar Məmmədovun həbsinin partiyaya qarşı təzyiqlərin nümunələri olduğunu qeyd edən Azər Qasımlı, "geriyə addım" olmayacağını deyib.

O, şəxsən hakimiyyət tərəfindən partiyaya daha yumşalmış mövqenin nümayiş edilməsini gözləmədiyini, lakin mənalı dərəcədə sərtləşməyəcəyini də düşündüyünü bildirib.

"Təzyiqlər də olacaq, maneələr da olacaq", o qeyd edib.

Seçki planları

Partiyanın hədəfinin hər bir siyasi partiya kimi "hakimiyyətə gəlmək" olduğunu deyən Azər Qasımlı ReAl-ın proqramında dərin siyasi və iqtisadi islahatların təklif edildiyini vurğulayıb.

Azərbaycanda "dövlət monopoliyasi" və "oliqarxik" iqtisadi modelin mövcud olduğunu iddia edən ReAl sözçüsü vurğulayıb ki, partiyanın hədəfi "Azərbaycanda azad və liberal iqtisadi modeli bərqərar etmək, cümhuriyyəti bərpa etmək"dir.

Seçkilərdə iştirak etməyə dair planlarda gəldikdə, Azər Qasımlı bu barədə yekun qərar üçün hələ erkən olduğunu, lakin partiya üzvlərinin həm bələdiyyə, həm də parlament seçkilərində iştirak etmək niyyətində olduğunu deyib.

O, yaxın bir ay ərzində partiyanın toplantısının keçiriləcəyini və bu toplantıda seçilən idarə heyətinin partiyanın seçkilərdə iştirakına dair müzakirələr aparacağını bildirib.

O əlavə edib ki, bu toplantıda partiyanın idarə heyətinə seçilən katiblərin öz funksiyaları və cavabdeh olduqları sahələr olacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş