İlham Əliyev: "Mən Azərbaycan gənclərinə üz tutub deyirəm..."

İlham Əliyev Fotonun müəllifi President.az
Image caption İlham Əliyev: "Mən Azərbaycan gənclərinə üz tutub deyirəm..."

"Mən Azərbaycan gənclərinə üz tutub deyirəm, - görürəm ki, burada toplaşanların əksəriyyəti gənclərdir, - ölkəmizin gələcəyi sizin əlinizdə olacaq", aprelin 11-də keçirilən prezident seçkisini qazanmış İlham Əliyev deyib.

Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda keçirilən konsert proqramına qatılan İlham Əliyev çıxışında seçicilərinə təşəkkür edib, president.az yazıb.

"Azərbaycan xalqı dünən bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi", o deyib.

Fotonun müəllifi President.az
Image caption İlham Əliyev növbədənkənar prezident seçkilərinin "açıq, şəffaf, ədalətli şəkildə" baş tutduğunu deyib.

İlham Əliyev növbədənkənar prezident seçkilərinin "açıq, şəffaf, ədalətli şəkildə" baş tutduğunu deyib.

"Dünən keçirilmiş prezident seçkiləri bir daha onu göstərir ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, Azərbaycan demokratiya yolu ilə uğurla gedir", o bildirib.

İlham Əliyev bundan sonra ölkənin uğurla inkişaf edəcəyinə, Azərbaycan xalqının sabitlik, təhlükəsizlik şəraitində yaşayacağına əmin olduğunu da qeyd edib.

Prezident seçkiləri bu ilin oktyabr ayında baş tutmalı idi, lakin ölkə prezidenti İlham Əliyevin qərarilə aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.

Fotonun müəllifi President.az
Image caption İlham Əliyevin xanımı Mehriban Əliyeva və qızları

Hakimiyyət erkən seçki qərarını ölkədə bir neçə əhəmiyyətli yerli və beynəlxalq tədbirin üst-üstə düşməsi ilə izah etmişdi.

Milli Şura da daxil bir neçə müxalif siyasi qurum seçkinin ertələnməsi barədə qərarı tənqid edərək səsverməni boykot edib.

Aprelin 11-də keçirilən prezident seçkisində hazırkı dövlət başçısı İlham Əliyev 86 faiz səslə qalib elan olunub.

İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlib. Ondan əvvəl 10 il müddətinə ölkəni atası Heydər Əliyev idarə edib.

ATƏT-in Seçki Müşahidə Missiyası deyib ki, Azərbaycanda prezident seçkisi "həqiqi rəqabətin olmadığı şəraitdə", "hüquq və azadlıqların məhdudlaşdırıldığı mühitdə" keçib.

Missiyanın aprelin 12-də açıqladığı hesabatında bildirilib ki, namizədlər ölkə başçısı olan digər namizədi - İlham Əliyevi tənqid etməkdən çəkiniblər və hakimiyyətə qarşı birbaşa əks mövqe göstərməyiblər.

Missiyanın açıqlamasında vurğulanıb ki, "prezident seçkisi günündə müşahidəçilərin icrası mütləq olan prosedurlara məhəl qoymaması, şəffaflığın olmaması, seçki qutularına topa bülletenlərin atılması qeydə alınıb".

Bu barədə daha geniş