Ramiz Mehdiyev: "…məmurlarla vaxt baxımından çox böyük itkilərə yol verə bilərik"

Ramiz Mehdiyev Fotonun müəllifi AzərTAG
Image caption Ramiz Mehdiyev

"Biz hesab edirik ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti həm də sabitliyin qorunub saxlanılması naminə öz seçimini davamlı olaraq İlham Əliyevlə bağlayırlar", Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vurğulayıb.

"Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri" məqaləsində akademik Mehdiyev İlham Əliyevin 15 illik fəaliyyətini iqtisadi aspektdən şərh edib.

Azərtac-da yayılan məqaləsində Ramiz Mehdiyev yazır ki, Azərbaycanda iqtisadi inkişaf bazar münasibətlərinə əsaslansa da, o, həm də sosial ədalət prinsipi ilə tamamlanır. O, bu prinsipin pensiya və sosial müdafiə sisteminə keçiddə, ipoteka krediti sisteminin və sosial mənzillərin tikilməsində özünü göstərdiyini vurğulayır.

Prezident Adminstrasiyası rəhbəri xatırladır ki, 2003-cü illə müqayisədə 2018-ci ildə dövlət büdcəsi xərclərinin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu xərcləri 55,5 dəfə artaraq, 86,9 milyon manatdan 4,8 mlrd. manata çatıb.

"Bu isə genişmiqyaslı infrastruktur layihələrinin maliyyələşdirilməsi deməkdir", o vurğulayıb.

Ramiz Mehdiyev qeyd edir ki, dünyada investisiya layihələrinin bahalaşdığı bir şəraitdə neft dollarlarının yalnız depozit şəklində saxlanılması təklifi populizmdən başqa bir şey deyil:

"İnfrastruktur xərcləri neft gəlirlərinin yenidən bölgüsünü təmin etməklə, eyni zamanda, təkcə bugünkü deyil, həm də gələcək nəsillər üçün yatırılan kapital kimi dəyərləndirilməlidir", o yazır.

Ramiz Mehdiyev əlavə edir ki, dövlət quruculuğunun və iqtisadi islahatların ardıcıl həyata keçirilməsinin başlıca şərti ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanmasıdır.

Məqaləsində dövlət orqanlarında kadr potensialına toxunan akademik vurğulayır:

"Öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik."

Ramiz Mehdiyev yazır ki, idarəetmə sistemində aparılan islahatlar dövlət idarəetmə orqanlarının debürokratizasiyasına, iqtisadiyyatda dövlət inhisarçılığının aradan qaldırılmasına şərait yaratmalıdır.

Hakimiyyətin tənqidçiləri isə hesab edirlər ki, İlham Əliyev hakimiyyəti dövründə neft gəlirlərinin qeyri-bərabər bölgüsü nəticəsində iri miqyaslı korrupsiyaya imkan yaradılıb. Onlar hakimiyyəti ölkədə rəqabətli sahibkarlığı boğmaqda, iqtisadiyyatda inhisar yaratmaqda tənqid edirlər.

Ölkənin bəzi müxalif siyasi təşkilatları Müsavat və Milli Şura hesab edir ki, Azərbaycan iqtisadiyyatı, əsasən neft gəlirlərinə söykənib və neftin qiyməti dünya bazarında kəskin düşərsə, bu, ölkə maliyyə və iqtisadi bazarını kəskin böhranla üzləşdirəcək.

2015-ci ilin əvvəllərində dünya bazarında neftin qiyməti düşməsi nəticəsində manat dollar nisbətdə iki dəfədən çox ucuzlaşmış, bir sıra banklar bağlanmışdı.

Bu barədə daha geniş