Azərbaycan: Siyasətçilər ATƏT-in rəyini təhlil edirlər

Seçki məntəqəsi Fotonun müəllifi Getty Images

Müxalifət lideri Cəmil Həsənli Seçki Müşahidə Missiyasının rəyi ilə razıdır, İlham Əliyevin nümayəndəsi Eldar İbrahimov bunu "kiminsə göstərişi" olduğunu deyir, siyasi şərhçi Azər Rəşidoğlu hesabatı "texniki məsələ" sayır.

«Azərbaycanda seçki adına bir şey qalmayıb», Milli Şuranın sədri Cəmil Həsənli ATƏT-in Seçki Müşahidə Missiyasının 11 aprel seçkisinin nəticələri ilə bağlı hesabatını qiymətləndirərkən deyib.

"Ən yüksək səviyyədə keçirilən seçkiyə qara yaxmaq ATƏT-in Demokratiya İnistutu və İnsan Haqları bürosunun adətidir", millət vəkili Eldar İbrahimov BBC Azərbaycancaya deyib.

Siyasi şərhçi Azər Rəşidoğlu SMM-nin rəyinə "texniki məsələ" kimi yanaşır.

Azərbaycan Xarici İşlər Nazirliyi bu ilkin rəyin açıqlanmasından sonra missiya nümayəndələrini quruma dəvət edərək öz etirazını bildirib.

ATƏT-in Seçki Müşahidə Missiyası (SMM) həftənin çərşənbə günü keçirilən prezident seçkisinin "həqiqi rəqabət" şəraitində keçirilmədiyini, plüralizmin və şəffaflığın pozulduğunu bildirib.

"İlham Əliyev bütün seçki sistemini məhv edib"

Milli Şuranın sədri Cəmil Həsənli SMM-in ilkin rəyi ilə razıdır.

"Hesab edirik ki, hətta mənfi ilkin rəy belə Azərbaycandakı seçki saxtakarlığının gerçək mənzərəsini əks elətdirmir. Azərbaycanda seçki adına bir şey qalmayıb. İlham Əliyev Azərbaycanın ümumiyyətlə bütün seçki sistemini məhv edib"- Cəmil Həsənli BBC Azərbaycancaya deyib.

O hesab edir ki, həm Milli Şuranın seçkidən sonra verdiyi bəyanat, həm də ATƏT və digər beynəlxalq müşahidəçilərin elan etdiyi rəy 11 apreldə keçirilən seçkilərin qeyri-legitimliyini özündə əks elətdirib və Milli Şuranın elan etdiyi boykotun təsdiqini tapdığını göstərib.

"Qara yaxmaq ATƏT-in adətidir"

Prezidentliyə namizəd və seçkini böyük səs fərqi ilə qazanan İlham Əliyevin səlahiyyətli nümayəndəsi olan deputat Eldar İbrahimov isə bildirir ki, "ən yüksək səviyyədə" keçirilən seçkiyə "qara yaxmaq ATƏT-in Demokratiya İnistutu və İnsan Haqları bürosunun adətidir".

Eldar İbrahimov iddia edir ki, beynəlxalq müşahidəçilər "həmişə hazır vəziyyətdə" gəlirlər:

Image caption Seçki Müşahidə Missiyasının hesab edir ki, seçki günü "çox sayda ciddi pozuntu halları ilə xarakterizə olunub"

"Adəti üzrə gəldilər, burda da, özləri də monitorinq keçirdilər, camaatın əhval-ruhiyyəsini gördülər. Nədən belə yazırlar, çünki qərəzli mövqeləri var. Kimlərinsə tapşırığı ilə, kimlərinsə, belə deyim ki, göstərişi ilə belə edirlər", o BBC Azərbaycancaya danışıb.

"Texniki məsələdir"

Siyasi şərhçi Azər Rəşidoğlu isə SMM-nin rəyinə "texniki məsələ" kimi yanaşır.

Amma politoloq onu da əlavə edir ki, bunlar yeni prezidentin "legitimliyini şübhə altına" qoyur.

"Əslində Azərbaycanın Avropa strukturları ilə aralarında razılaşma var. Avropa İttifaqı ilə sazişin imzalanması gözlənir. Bu baxımdan bu bəyanatlar Azərbaycana müəyyən təzyiqlər kimi qiymətləndirilə bilər. Ancaq güman etmirəm ki, seçkinin nəticələrinə çox ciddi təsir edəcək"- Azər Rəşidoğlu deyib.

O ehtimal edir ki, ABŞ rəsmiləri yaxın müddətə Azərbaycana səfərlərini təxirə sala bilər.

Siyasi şərhçi hesab edir ki, təzyiqlərin əsas fonunda demokratik inkişaf yox, məhz Rusiya-Qərb qarşıdurmasında Azərbaycanın kimin yanında olacağı durur.

Azər Rəşidoğlunun sözlərinə görə, son 15 ildə seçki prosesləri ilə bağlı beynəlxalq tənqidlər səslənib və tənqiddən sonra hansısa bir konkret addımlar atılmayıb:

"Buna görə də bu tənqidləri ötən seçkilərdə də müşahidə etdiyimizə görə, texniki bir məsələ kimi dəyərləndiriəm".

"Əvvəldən hazırlanmış materialı…"

Prezidentin köməkçisi Novruz Məmmədov isə öz Twitter-ində hesabatı pisləyib. O, hesabata təəccüblənmədiyini vurğulayıb:

"Hər şeydən əvvəl bu qədər şişirtmək heç düzgün deyil, bu necə beynəlxalq müşahidə missiyası oldu? Seçki Müşahidə Missiyasının özünün tərkibindəkilərin böyük hissəsi seçki haqqında müsbət fikirdədir"- Novruz Məmmədov yazıb.

"Əvvəlcədən hazırlanmış materialı ilkin nəticələr haqqında bəyanat kimi yaymaq tərəfdaş ölkənin seçicilərinə və xalqına, onların iradəsinə və seçiminə hörmətsizlikdir"- prezident köməkçisi düşünür.

SMM nümayəndələri XİN-ə çağrılıb

Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat yayaraq bildirib ki, SMM nümayəndələri quruma dəvət edilib və məsələ ilə əlaqədar Azərbaycan tərəfinin etirazını onlara çatdırılıb.

XİN hesab edir ki, SMM-nin hazırladığı ilkin hesabat ədalətli və obyektiv deyil.

Bu barədə daha geniş