İraq məhkəməsi azı "üç azərbaycanlı qadına ölüm hökmü verib"

Qadın Fotonun müəllifi Getty Images
Image caption Azərbaycanın İraqdakı səfirliyi bu məsələlərlə bağlı davamlı araşdırmalar aparır

İraqda aralarında azərbaycanlıların olduğu yeddi xarici vətəndaşa ömürlük həbs cəzası və ölüm hökmü verilib, RİA Novosti agentliyi İraq televiziyasına istinadən yazır.

Üç azərbaycanlı və bir qırğızıstanlı qadın özünü İslam Dövləti (İD) adlandıran hərbi qruplaşmanın fəaliyyətində iştirak etməkdə ittiham olunur.

AFP agentliyinin məhkəmənin haqlarında ölüm hökmü çıxardığı azərbaycanlı qadınların sayının beş olduğunu deyib.

Azərbaycanın Xarici İşlər Nazirliyi bu haqda rəsmi məlumatın olmadığını, lakin məsələnin araşdırıldığını deyib.

Azərbaycanın İraqdakı səfirliyi də BBC Azərbaycancaya bu məsələnin araşdırıldığını bildirib.

Bundan başqa, məlumatda deyilir ki, iki dağıstanlı və bir fransalı qadına isə ömürlük həbs cəzası verilib.

Dağıstanlı qadınlar "terrorçuluq" və "sərhədi qanunsuz keçməkdə" ittiham olunur.

Bir məhkəmə rəsmisi AFP-ə deyib ki, yanvar ayından bəri 97 xarici qadın barəsində ölüm hökmü, 185 nəfər barəsində isə ömürlük həbs cəzası çıxarılıb.

Mənbə qadınların çoxunun Türkiyə və keçmiş Sovet İttifaqı respublikalarından olduğunu deyib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BBC Azərbaycancaya deyib ki, qadınların kimliyi barədə məlumat yoxdur.

O qeyd edir ki, Azərbaycanın İraqdakı səfirliyi bu məsələlərlə bağlı davamlı araşdırmalar aparır.

"Qeyri-qanuni hərbi qruplaşmalara qoşulanlar həm Azərbaycanın Cinayət Məcəlləsini, həm də olduqları ölkənin qanunlarını pozmuş olurlar", - cənab Hacıyev deyib.

Azərbaycanın İraqdakı səfirliyindən BBC Azərbaycancaya bildirlib ki, məsələnin araşdırılması üçün aidiyyatı qurumlara müraciət ediblər.

Rəsmi məlumatlara görə, 900-ə yaxın azərbaycanlının və onların ailə üzvlərinin bu münaqişələrə qoşulması haqqında məlumat var. Bəzisi döyüşçü kimi, bəzisi onun ailə üzvü kimi gedib. 300-ə yaxının öldüyü barədə məlumat var, 92 nəfər haqqında məhkəmə hökmü qüvvəyə minib, o cümlədən, 260-a qədər adamın Azərbaycan vətəndaşlığı ləğv edilib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov BBC Azərbaycancaya müsahibəsində bildirmişdi.

Bu barədə daha geniş