Birləşmiş Ştatlar Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat verib

ABŞ Dövlət Departamenti Fotonun müəllifi Getty Images
Image caption Birləşmiş Ştatlar Azərbaycan hökümətini bəyanatda qeyd olunan məsələlərin həllinə çağırıb

Birləşmiş Ştatlar ATƏT-in seçkiləri müşahidə missiyasının aprelin 11-də keçirilən prezident seçkiləri haqqında verdiyi ilkin qiymətləndirilmə ilə razı olduğunu açıqlayıb.

Bu barədə məlumatı Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi öz Facebook səhifəsində yayıb.

Bəyanatda ATƏT-in, 11 aprel prezident seçkiləri haqqında ilkin hesabatında Azərbaycanda məhdud siyasi mühit, fundamental prinsiplərin məhdudlaşdırılması, rəqabət şəraitinin olmaması kimi bir sıra nöqsanlar yer alması xatırlanır.

"Seçkilərin təşkilatının yaxşı təşkil və təmin olunması ilə yanaşı, ATƏT-in müşahidəçiləri zəruri prosedurların geniş şəkildə pozulma hallarını, şəffaflığın olmamasını, seçki bulletenlərinin saxtalaşdırılması kimi çoxsaylı ciddi pozuntuları qeyd ediblər", - bəyanatda deyilir.

Birləşmiş Ştatlar Azərbaycan hökümətini sözügedən məsələlərin həllinə çağırıb:

"Biz, Azərbaycanı bu məsələri tez bir zamanda həll etməyə çağırırıq", - bəyanatda deyilir.

Bəyanatda, Birləşmiş Ştatların Prezident İlham Əliyev və Azərbaycan xalqı ilə insan haqları və fundamental azadlıqlara hörmətin təşviqi, iqtisadi islahatlara və firəvanlığa dəstək və terrorçuluqla mübarizə kimi məsələlər daxil olmaqla bir çox vacib ikitərəfli və regional məsələlərdə birgə işləməyə hazır olduğu bildirilir.

"Biz həmçinin ATƏT-in Minsk Qrupu ilə davamlı fəaliyyət göstərərək Dağlıq Qarabağ münaqişəsinin dinc həllinin tapilmasına da dəstək verməyə hazırıq", - sənəddə deyilir.


Fotonun müəllifi Getty Images
Image caption İlham Əliyev seçkilərdə 86,03 % səs toplayaraq qalib gəlib

İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı "seçkilərin ədalətli və şəffaf şəkildə keçirildiyini deyib.

Cənab Əliyev həmin çıxışında, prezidentliyə namizədlərin onu tənqid etməkdən çəkinməsi barədə fikirlərlə razı olmadığını bildirib:

"Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir", - o deyib.

ATƏT-in ilkin hesabatında prezidentliyə namizədlərin İlham Əliyevi tənqid etməkdən çəkindiyi deyilirdi.

Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in seçkiləri müşahidə missiyasının ilkin hesabatını açıqlanmasından sonra missiya nümayəndələrini quruma dəvət edərək öz etirazını bildirmişdi.

XİN seçkiləri müşahidə missiyasının hazırladığı ilkin hesabat ədalətli və obyektiv hesab etməyib.

Mərkəzi Seçki Komissiyası isə seçkinin ədalətli şəraitdə keçdiyini, bütün namizədlər üçün bərabər şərait yaradıldığını bəyan edib.


Aprelin 11-də keçirilmiş prezident seçkisində İlham Əliyev 86 faiz səs toplayıb.

İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlib. Ondan əvvəl 10 il müddətinə ölkəni atası Heydər Əliyev idarə edib.

Prezident seçkiləri bu ilin oktyabr ayında baş tutmalı idi, lakin ölkə prezidenti İlham Əliyevin qərarilə aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.

Hakimiyyət erkən seçki qərarını ölkədə bir neçə əhəmiyyətli yerli və beynəlxalq tədbirin üst-üstə düşməsi ilə izah etmişdi.

Milli Şura da daxil, bir neçə müxalif siyasi qurum seçkinin qabağa çəkilməsi barədə qərarı tənqid edərək səsverməni boykot edib. Onlar seçkinin ədalətli və demokratik keçirilmədiyini, seçki prosesində "kütləvi qanun pozuntularına" yol verildiyini əsas gətirək seçkinin nəticəsini şübhə altına alıblar.

Bu barədə daha geniş