Novruz Məmmədov: Yeni baş nazirinin təyinatı haqqında şərhlər

Novruz Məmmədov Fotonun müəllifi Azertag
Image caption Novruz Məmmədov

Bu gün Milli Məclisin iclasında İlham Əliyevin təqdimatına əsasən Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə qərar qəbul edilib.

Novruz Məmmədov təyinatdan sonrakı çıxışında Heydər Əliyev siyasətini davam etdirəcəyini bildirib.

"Biz birlikdə daha böyük əminliklə bu dövlətə xidmət edəcəyik. Biz daha böyük əminliklə ümummili lider Heydər Əliyevin başladığı yoldan gedəcəyik", - o deyib.

BBC Azərbaycanca Novruz Məmmədovun Baş nazir təyin edilməsi haqqında şərhləri toplayıb:

Fotonun müəllifi IQBAL AGAZADE
Image caption Iqbal Ağazadə

Keçmiş millət vəkili, Ümid partiyasının sədri İqbal Ağazadə Baş nazir postuna Novruz Məmmədovun seçilməsini "hakimiyyət üçün ən optimal variant" adlandırıb və bunun səbəblərini açıqlayıb:

"Novruz Məmmədov heç bir qruplaşmalarda yer almadığı üçün, prezidentə və komandasına sadiq qaldığı üçün və Heydər Əliyev dönəmindən çalışan biri olaraq bilavasitə prezidentin özünün nəzarətində olduğu üçün seçim onun üzərində qalıb", - o deyib.

İqbal Ağazadə Novruz Məmmədovun "böyük siyasi iddialara malik olmadığını" deyib və onun adının korrupsiya və rüşvətxorluqda bilavasitə hallanmamasının seçimə təsir etdiyini bildirib.

O, Novruz Məmmədovun təyinatının gətirəcəyi yeniliklər arasında "Baş nazir postunun və Nazirlər Kabinetinin səlahiyyətlərinin azalacağını və daha çox vitse-prezidentlik institutunun önə çıxacağını" sadalayıb.

İqbal Ağazadə ölkədə aparılacaq islahatların baş nazir vəzifəsində kimin olmasından asılı olmadığını, daha çox siyasi iradə və məsələlərə münasibətdən asılı olduğunu deyib:

"Baş nazirlik iqtisadi təyinatdan daha çox siyasi təyinatdır və əsas funksiyası təşkilatçılıqdır. İrad tutula bilər ki, yeni baş nazir ömründə bir gün belə istehsal sahəsində işləməyib və ya iqtisadçı deyil. Onun ətrafına sahələr üzrə iqtisadiyyatçıları cəmləyəcəklər. Hesab edirəm ki, bu, Novruz Məmmədov üçün çətin bir vəzifə deyil", - İqbal Ağazadə bildirib.

Fotonun müəllifi GOV.AZ
Image caption Siyavuş Novruzov

Millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Novruz Məmmədovun baş nazir postuna təyin olunmasını alqışlayıb.

"Bundan sonrakı fəaliyyətini daha uğurla, daha müvəffəqiyyətlə, Heydər Əliyev kursu ilə prezidentin siyasəti ilə həyata keçirsin", - Siyavuş Novruzov deyib.


Siyasi şərhçi Azər Rəşidoğlu hakimiyyətin strategiyasının dəyişmədiyini və "status kvonun qorunub saxlanıldığını" bildirib.

"Yeni baş nazir postuna xarizması o qədər böyük olmayan, siyasi iddiası çox olmayan və gənc olmayan insan seçilib. Əvvəlcədən məlum idi ki, Artur Rasi-zadə səhhəti ilə əlaqədar bu vəzifədə qala bilməyəcək və onu məhz eyni keyfiyyətlərə cavab verən sima əvəz edəcək", - Azər Rəşidoğlu deyib.

O, bildirib ki, Sarkisyanın baş nazir təyin olunması və Qarabağ danışıqlarında məhz onun iştirak etməsi Azərbaycanın danışıqlarda Novruz Məmmədovla təmsil olunacağı ehtimalını yaradıb.

Azər Rəşidoğlu strateji dəyişikliklərin olmayacağını, bunun taktiki səviyyədə olacağını və "bir neçə nazirlərin postunu itirəcəyini" deyib.

Cənab Rəşidoğlu dərin iqtisadi islahatları gözləmədiyini bildirib:

"Vəziyyət o dərəcədə gərgindir ki, nələrisə dəyişmək artıq qaçınılmazdır. Müxtəlif struktur dəyişikliyinin baş verməsi, müəyyən mənada islahatların imitasiyasının yaradılması qaçınılmazdır", - o söyləyib.

Azər Rəşidoğlu "yaxın günlərdə yeni təyinatların olacağını və bu baxımdan siyasi məhbus probleminin qismən həll olunacağını" bildirib.

"Tənqidedici media nümayəndələrinin və müxalifətçilərin həbsdən azad olunacağını gözləmək mümkündür, lakin nə qədər ki, monopoliya var və məhkəmələr azad deyil iqtisadi və siyasi islahatlardan danışmaq olmaz", - cənab Rəşidoğlu əlavə edib.


Millət vəkili, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Novruz Məmmədovun Heydər Əliyev və İlham Əliyevin dövlətçilik strategiyasına və ideallarına tam bağlı olduğunu deyib.

"Novruz Məmmədov Azərbaycanın dünən olduğu kimi bu günün də və hətta sabahın da İlham Əliyev idarəçiliyində və ümummilli liderimiz Heydər Əliyev yolunda olduğunu birdəfəlik və həmişəlik qəbul etmişdir", - o deyib.

Fotonun müəllifi müəllifiAPA
Image caption Səməd Seyidov Novruz Məmmədovun təyinatını islahatların dərinləşməsi üçün "uğurlu seçim" adlandırıb

Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Novruz Məmmədovu "Azərbaycan məmurlarına nümunə" adlandırıb.

O, Novruz Məmmədovun baş nazir postuna təyin edilməsini Azərbaycan xalqının maraqlarına uyğun olan seçim kimi qiymətləndirib.

"Bu seçim islahatların dərinləşməsi üçün çox uğurludur", - Səməd Seyidov deyib.

Novruz Məmmədov 2017- ildən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi və şöbə müdiridir.

Bundan əvvəl İlham Əliyev Baş nazir Artur Rasi-zadənin həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda uğurla çalışdığını qeyd edib.

Artur Rasi-zadə baş nazir vəzifəsində fasiləsiz olaraq 2003-cü ilin noyabr ayından işləyib.

Bu barədə daha geniş