Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün deyil"

Esabeli mustafayev

"Biz çəkişən tərəflərik, çəkişmələrimiz daim gedir. Prokurorluğun bunu ayrı yerə yozması, vəkildən qisas almağa çalışması, onun cəzalanmasına nail olmaq istəməsi düzgün deyil", bir il müddətinə vəkillik fəaliyyəti dayandırılan Əsabəli Mustyafayev deyib.

Aprelin 23-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Əsabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərar qəbul edib.

Əsabəli Mustafayev qaçaqmalçılıq ittihamilə üç il həbs cəzası almış AXCP sədrinin müavini Gözəl Bayramlının, Nemət Kərimli isə dövlət sərhəddini qanunsuz keçməkdə, qaçaqmalçılıqda və dövlət qulluqçusuna xəsarət yetirməkdə ittiham edilərək 6 il azadlıqdan məhrum edilən jurnalist Əfqan Muxtarlının vəkilidir.

Vəkillər deyir ki, ötən ilin oktyabrında baş prokurorun birinci müavini Rüstəm Usubov dörd vəkil barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına şikayət göndərib və onlar barədə Kollegiyanın qərarı məhz bu müraciətlə bağlıdır.

Müraciətdə Rüstəm Usubov vəkilləri istintaq sirlərini yaymaqda və məsələləri siyasiləşdirməkdə ittiham edib, vəkillər deyir.

Vəkillər Kollegiyası isə deyir ki, verilmiş qərardə "heç bir qərəz" yoxdur və kollegiyada "bütün məsələlərə obyektiv baxılır".

Avropa Məhkəməsinin qərarları

"Ötən ilin mayında Gözəl Bayramlının işilə bağlı müsahibələrim olub, istintaqın hərəkətlərinə etiraz bildirimişəm, irad tutmuşam, tənqid etmişəm. Rüstəm Usubov hesab edib ki, mən bununla istintaqa təsir etmişəm və işi siyasiləşdirmişəm", - vəkil Əsabəli Mustafayev BBC Azərbaycancaya müsahibəsində deyir.

O, özünə qarşı olan heç bir ittihamı qəbul etmir və deyir ki, vəkilin müdafiə etdiyi şəxsin işində olan sübutlara və digər hərəkərlərə qiymət vermək hüququ var.

Cənab Mustafayev ehtimal edir ki, ona qarşı irəli sürülən iddialar təkcə Gözəl Bayramlının vəkili olması ilə əlaqədar deyil. O, Avropa Məhkəməsində apardığı işləri də misal gətirir.

"Neçə illərdir Prokurorluqla üz-üzə gəlirik. Avropa Məhkəməsinin prokurorluğun apardığı işlərlə bağlı qərarları var. Ola bilsin ki, Prokurorluqda müəyyən narazılıqlar yaranıb, siyasi xarakterli işlərdə aktiv olmağımız, vəsatətlər verməyimiz, məsələni ictimailəşdirməyimiz onları qıcıqlandırıb", - o deyir.

Əsabəli Mustafayev Vəkillər Kollegiyasının qərarının gözlənilən olduğunu və qərarı əldə edəndə məhkəməyə müraciət edəcəyini deyir.

"Azərbaycanda yeni termin yaranıb - siyasi vəkillər"

Kollegiya tərəfindən "cəzalandırılan" digər vəkil Nemət Kərimli də Kollegiyanın qərarına təəccüblənməyib.

"Mən kollegiyadan xaric edilməyi gözləyirdim", - o BBC Azərbaycancaya deyib.

Nemət Kərimli deyir ki, Rüstəm Usubov onu Əfqan Muxtarlının həbsinə siyasi don geyindirməklə ictimaiyyəti çaşdırmaqda ittiham edib. Vəkil şikayətdə heç bir sübut göstərilmədiyini də deyir.

"Vəkillik fəaliyəti haqqında qanunla qadağan olmayan bütün üsullardan istifadə edərək müdafiə etdiyim şəxsi qoruya bilərəm", - o ittihamları inkar edərək deyib.

Nemət Kərimli hesab etmir ki, onun Kollegiyadan bir illik uzaqlaşdırlması yalnız Əfqan Muxtarlının işi ilə bağlıdır.

"Azərbaycanda yeni termin yaranıb - siyasi vəkillər. Bu addımlar, qalan bir neçə vəkili də kollegiyadan kənarlaşdırmaq və siyasi səbəblərə görə həbs olunmuş şəxsləri vəkilsiz qoymaq məqsədi daşıyır", - o deyib.

Cənab Kərimli də məhkəməyə müraciət etmək fikrindədir.

Fotonun müəllifi barassociation.az
Image caption Kollegiyanın Rəyasət Heyətinin iclası, 23 aprel, 2018

Vəkillər Kollegiyası nə deyir?

Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyir ki, qurum bütün işlərə obyektiv, şəffaf və qanunauyğun şəkildə baxır.

Onun sözlərinə görə, bazar ertəsi baş tutmuş Kollegiyanın Rəyasət Heyətinin iclasında 29 işə baxılıb. Bunlardan yeddi iş üzrə intizam tədbiri verilib, 22 iş üzrə isə pozuntu aşkarlanmayıb.

"Vəkil etikası normalarının pozuntusu əsası ilə dörd vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, iki vəkilin ciddi pozuntulara görə Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub və bir vəkilə irad tutulub", - o bildirir.

Qurum rəhbəri Əsabəli Mustafayev və Nemət Kərimlinin bir il kollegiyadan uzaqlaşdırılması məsələsinin qabardılmasını "siyasi şou" adlandırır. O deyir ki, eyni qərar daha iki vəkillə də bağlı verilib.

"Yeddi nəfər cəzalandırılıb, iki nəfərə isə daha ağır cəza verilib, amma onların adlarını çəkən yoxdur. Bu məqsədyönlü şəkildə aparılan işlərdir və Kollegiyaya qarşı qaralamadır," - o qeyd edib.

Anar Bağırov Kollegiyanın qərarının Rüstəm Usubovun şikayəti ilə əlaqəsi barədə BBC Azərbaycancanın sualını şərh etməyib.

O, siyasi xarakterli işlərdə vəkillik edənlərə qarşı qərəzli münasibət göstərmədiklərini də deyib.

"Hamının işində qüsur ola bilər, ancaq insanlar bunu siyasiləşdirməyə çalışır, bu düzgün deyil. Bizim hamıya münasibətimiz eynidir, bütün üzvlərimiz bərabər hüquqa malikdir. Kollegiya tərəfindən bütün məsələlərə obyektiv və qərəzsiz baxılır. Burda hər hansı başqa səbəb, amil, bəhanə axtarmaq düzgün deyil", - o deyib.

Baş Prokurorluqdan məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Bu ilin yanvar ayında Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinə 1 illik xitam verilib. Fəxrəddin Mehdiyev ötən ilin oktyarında Baş prokurorun birinci müavini Rüstəm Usubovun şikayət etdiyi 4 vəkildən biri idi. Müraciətdə adı çəkilən 4-cü vəkil Aqil Layıc isə töhmət alıb.

2017-ci ilin noyabrında "siyasi məhbus" adlandırılan şəxslərin müdafiəsinə görə tanınan vəkil Yalçın İmanov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə qurumdan uzaqlaşdırılıb.

2014-ci ilin dekabrında isə Xalid Bağırov Vəkillər Kollegiyasından çıxarılıb.

Bu barədə daha geniş