AŞPA: "Azərbaycan" hesabatı qəbul olundu

AŞPA Fotonun müəllifi PACE
Image caption Canlı yayımla verilən müzakirələrdə bəzi deputatlar belə ittihamların AŞPA-nın nüfuzuna və işinə zərər vurduğunu deyir, Azərbaycan hesabatı "əsassız" adlandırır

Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Müstəqil İstintaq Qurumunun korrupsiya ilə bağlı hesabatı üzrə hazırlanmış qətnamə 123 səslə qəbul olunub.

Müzakirədə AŞPA-nın korrupsiyada və etika qaydalarını pozmaqda ittiham olunan indiki və keçmiş üzvlərinə sanksiyalar tətbiq edilib-edilməməsi əsas mövzusu olub.

Müstəqil İstintaq Qurumu Azərbaycanın bəzi AŞPA deputatlarını rüşvət və bahalı hədiyyələrlə ölkə hakimiyyətinin lobbisinə çevirməsi iddialarını araşdırıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov hesabatı etirazla qarşılayıb.

O deyib ki, "biz bu təşkilata dəyərlərinə görə gəlmişik. Siz korrupsiya haqda fikirləşmək istəyirsinizsə, başqa ölkələrə də nəzər salın. Nəyə görə ancaq Azərbaycan? Bir ay öncə sizin burada alqışladığınız Serzh Sarkisianı erməni xalqı korrupsioner kimi hakimiyyətdən uzaqlaşdırdı".

Deputat çıxışında deyib ki, araşdırmanı aparanlar onun adının orda olmadığını bildirsələr də hesabatda onun da adı keçir. Adının o hesabatda getməsini millət vəkili ədalətsiz hesab edib.

"Biz bu təşkilata qanunun aliliyinə görə gəldik. Lakin qanunun aliliyinin yerinə yeni terminologiya görürük - "böyük ehtimalla". Görünür ki, bu da yeni beynəlxalq qanundur"-Səməd Seyidov bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, bunula bağlı mübarizə aparacaqlar.

Səməd Seyidov çıxışının yekununda deyib: "18 il öncə bura üz tutanda fikirləşirdim ki, bura bizim Avropa Şurasımızdır. Amma indi düşünürəm ki, yox bu, sizin Avropa Şuranızdır. Mən belə bir Avropa Şurasında təmsil olunmaq istəmirəm".

Müzakirələrdə çıxış edən bəzi deputatlar bildiriblər ki, belə ittihamlar AŞPA-nın nüfuzuna və işinə zərər vurub və belə halların təkrarlanmasının qarşısı alınmalıdır.

"Yalnız bir ölkəyə yönəldilmiş"

Millət vəkili Asim Mollazadə korrupsiya ilə mübarizənin əhəmiyyətini vurğulayaraq hesabatı tənqid edib.

O, "bir ölkəni təkləyib, hədəfləməyə" qarşı olduğunu deyib.

"Bu hesabatın diqqəti, yalnız bir ölkəyə yönəldilib", Asim Mollazadə deyib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib ki, bu təşkilat getdikcə öz prinsiplərindən uzaqlaşır.

Sevinc Fətəliyeva hesabatı "qeyri-məqbul" adlandırıb. Onun sözlərinə görə, bu, "Azərbaycanı şantaj etmək və yaxud da demokratik yolundan döndərmək cəhdidirsə, belə bir cəhdlər baş tutmayacaq".

O deyib ki, hesabatda iddialar iddia olaraq qalır.

"Bu hesabat təşkilatın imici və mötəbərliyinə zərbə vurur", Azərbaycan nümayəndəsi deyib.

Sevinc Fətəliyeva deyib ki, AŞPA illər ərzində Azərbaycan torpaqlarının işğalı barədə səsləri eşitməyib.

Bu barədə daha geniş