İlham Əliyevin Türkiyə səfərində TANAP-ın açılış vaxtı müəyyənləşib

İlhamƏliyev, Recep Tayyip Erdoğan Fotonun müəllifi president.az
Image caption İlham Əliyev prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə edib

Trans Anadolu Qaz Kəmərinin (TANAP)-ın açılışının bu il iyunun əvvəllərində baş tutacağı müəyyənləşib, bu barədə Türkiyə prezidenti Recep Tayyip Erdoğan İlham Əliyevin Türkiyəyə səfəri zamanı keçirdikləri mətbuat konfransında deyib.

Türkiyənin Anadolu agentliyinin yaydığı xəbərə görə, Erdoğan Cənub Qaz dəhlizi layihəsinin önəmli hissəsi olan TANAP-ın sadəcə Türkiyə və Azərbaycan üçün deyil, bütün Avropanın enerji təhlükəsizliyində rol oynayacağını deyib.

Xəbərdə deyilir ki, prezident Ilham Əliyevin Türkiyə səfərində iki ölkə arasında bir neçə sahədə qarşılıqlı sənədlər imzalanıb.

Recep Tayyip Erdoğan imzalanan anlaşmalardan preferensial ticarət sazişi üzrə müzakirələrə dair memorandumu xüsusi vurğulayıb və bundan şad olduğunu bildirib.

"Qarşımızdakı müddətdə yeni layihələr həyata keçirəcəyik. Təbii ki, bunlardan ən əhəmiyyətlisi iqtisadi sahədə yerli və milli pula keçid olacaq"- Recep Tayyip Erdoğan deyib. İqtisadçılar deyir ki, bu layihə gələcəkdə iki ölkə arasında ticarət zamanı milli valyutalardan istifadəni nəzərdə tutur.

İmzalanan sənədlər ətraf mühitin qorunması, elektron imza sahəsində əməkdaşlıq, mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında sahələri əhatə edib.

Bununla yanaşı, Azərbaycan və Türkiyə hökümətləri arasında şəxsi heyətin mübadiləsinə dair sənəd də hərbi qurumların rəhbərləri tərəfindən imzalayıb.

Türkiyə prezidentinin sözlərinə görə, İzmirdə inşaatı davam edən Star neft emalı zavodunun sentyabr-oktyabr aylarında açılışını etdikdən sonra Azərbaycan Türkiyədə bir nömrəli investora çevriləcək.

"Dağlıq Qarabağ problemini əvvəldən bəri öz məsələmiz olaraq gördük. Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı, Birləşmiş Millətlər Təşkilatının qərarlarına uyğun həllini tapması arzumuzdur", prezident Erdoğan sözlərinə əlavə edib.

Cənab Erdoğan 28 may 2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasını xatırladıb və bu münasibətlə Azərbaycan xalqını təbrik edib.

O deyib ki, "2018-ci il boyunca Azərbaycanın sərhədlərinin müəyyən olunmasında rolu olan Qafqaz İslam Ordusunun şəhidlərinin yad olunması münasibətilə hər iki ölkə hazırlıqlar aparır".

Bu barədə daha geniş