Bakıda Formula 1 yarışlarını izləyən yerli və xarici azarkeşlərlə söhbət

f1

Artıq 3-cü ildir Bakıda Formula 1 üzrə Grand Prix keçirilir. Yarışları həm yerli, həm də xarici azərkeşlər izləyir.

Bakı Şəhər Halqasının məlumatına görə, 3 günlük yarışa bilet qiymətləri tribunalardan, vətəndaşın oturub və ya ayaq üstə dayanmasından, həmçinin gün sayından asılı olaraq 68 manatdan başlayır, 1 003 manatda bitir.

BBC Azərbaycanca yarışı izləmək üçün gələn xarici vətəndaşlardan və Bakı sakinlərdən F1 və bilet qiymətləri barədə fikirlərini soruşub.

"Təmiz şəhər"

Qazaxıstanın Almata şəhərindən gələn Şınar ilk dəfədir Formula 1 yarışlarını izləyir. O, Bakını da ilk dəfə ziyarət edib. Şınar buranı bəyəndiyini deyir. Yarışın isə təşkilatçılığından çox razıdır.

Söhbət zamanı o, həm də şəhərin təmizliyini vurğulayır və F1 könüllülərini tərifləyir.

Bundan əvvəl heç bir F1 yarışını canlı izləmədiyini deyən Şınar, Azərbaycanı öz ölkəsinə yaxınlığına görə seçib.

O deyir ki, çox güman ki, gələn il yenə gələcəklər.

"Əyləncəli"

Bakıda yaşayan almaniyalı müsahibimiz isə ikinci ildir yarışları izləyir. O da yarışların təşkilatçılığını bəyənir, amma ən çox dənizkənarı parkda bilet sahiblərinin əyləncəsi üçün nəzərdə tutulmuş fəaliyyətlərdən razıdır.

O, bu fəaliyyətləri "mədəni cəhətdən cəlbedici" adlandırır. Ən sevdiyi əyləncə isə xınadır.

Müsahibimiz biletə 230 manat ödəyib və bu qiymətdən razıdır.

"Bu bütün vaxt üçündür və konsertlər də daxildir. Avropada konsertlərin qiyməti 500 avrodur. Ona görə bu məncə əla qiymətdir", - o deyir.

"Diqqət çəkən mətbəx"

Bakıya ilk dəfə gələn və moskvalı Dima kimi özünü təqdim edən azərkeş də ilk dəfədir yarışları canlı izləyir. O deyir ki, F1-lə 1996-cı ildən maraqlanır.

İllər sonra nəhayət ki, sevimli yarışçılardan avtoqraf ala bildiyinə sevinən Dima, vaxtının xoş keçməsindən danışır.

O, Bakıya ötən il gəlməyi planladığını deyir. Lakin bu cəhdi alınmayıb. İndi şəhəri o qədər bəyənib ki, yarışdan sonra 3 gün də qalmaq istəyir.

Qonaqpərvərliyi bəyənən müsahibim deyir ki, şəhərdə istifadə etdikləri taksinin sürücüsü ona yerli mətbəxdən danışıb. Bu da onu çox maraqlandırıb.

"Özüm də yemək bişirməyi sevdiyim üçün, daha çox qalıb mətbəxlə tanış olacam", o deyir.

Dima 4 günlük bilet üçün 440 dollar pul ödəyib. O, qiymətin baha olduğunu etiraf etsə də, narazı deyil.

"Dörd gün üçün 440 dollar Soçiyə nisbətən ucuzdur. Əlbəttə daha ucuz olsa əla olardı. Amma konsertləri də nəzərə alsaq əla qiymətdir", - o deyir.

Yaxın olduğu üçün…

F1 yarışını sevən dostu ilə birgə Qətərdən Bakıya gələn Həmid də şəhərdə insanların münasibətindən və hava şəraitindən razıdır.

O, F1 yarışını ilk dəfədir izləyir. Deyir ki, Azərbaycan ölkəsinə yaxın olduğu üçün bura gəlib.

Həmid biletə 600 dollar ödədiyini deyir. O qiyməti baha sayır, amma gələn il də yarışa gəlməyə ümid edir.

"F1 ucuz deyil"

Azərbaycana Böyük Britaniyadan gələn Ben isə əsl Formula 1 azərkeşidir.

O, bundan əvvəl Çində, Budapeştdə, Əbu-dabidə və öz ölkəsində bu yarışları izləyib.

Ben Bakıdakı yarışları digərləri ilə müqayisə edərək daha çox bəyəndiyini deyir.

O, bunu yaxşı təşkilatçılıq və təmizliklə izah edir.

Bakıya ilk dəfə gələn Ben şəhəri çox sevib. O, Bakını həm müasir, həm də tarixi şəhər adlandırır.

Azərbaycanın havasını və mətbəxini də sevib Ben.

Ben biletə 200 dolar ödəyib. O, qiyməti normal sayır. Deyir ki, F1 onsuz da ucuz deyil və bu qiymətə dəyir.

Baha olsa da…

Yarışlara bir çox azərbaycanlılar da bilet alır.

750 manatlıq bilet almış Fatimə 2-ci ildir yarışı izləyir. O, təşkilatçılığın yüksək səviyədə olduğunu deyir.

Fatimə yarış günlərindən çox razı qalıb və əyləndiyini deyir.

Bahalı bilet alsa da o, şikayətçi deyil.

"Baha olsa da dəyər. Yarış vaxtı elə emosiyalar yaşayırıq ki, bu pula dəyər", - o deyir.

Fatimə bundan sonrakı yarışlara da gələcəyini və eyni qiymətə bilet alacağını da deyir.

Böyüklərə də eyni qiymət, uşaqlara da

Üç yaşlı qızı ilə Dənizkənarı Parkda gəzən Elxan Mərdanlı isə biletə 100 manat ödəyib.

O da yarışı ilk dəfədir izləyir. Xoş təəssüratlar yaşadığını deyən Elxan, bilet qiymətlərinin baha olduğunu da deyir.

"Uşağa da 100 manat ödəmişəm. Bu biraz qane etmir. Uşaqları pulsuz buraxsalar yaxşı olar", - o deyir.

Hədiyyə bilet

Kiçik oğlu ilə yarışları izləmiş Çinarə Əhmədova isə tədbirə rəfiqəsinin hədiyyə etdiyi biletlərlə qatıldığını deyir.

O, yarışa azərkeşlik etmədiyini, maşınları çox sevən azyaşlı oğlu üçün yarışa baxmağa gəldiyini də qeyd edir.

Çinarə yarışın ölkədə keçirilməsinin bir çox insanlara problem yaratdığını desə də, bu yarışın Azərbaycana xeyri olduğunu da deyir.

"Azərbaycanda keçirilməsi nə qədər o zonada yaşayanlara, işləyənlərə yolların bağlanması səbəbindən çətinlik yaratsa da, yüzlərlə adama iş yeri, komandada işləmə imkanı yaradır", Çinarə deyir.

Çinarə Dənizkənarı parkda təşkil olunan konsertləri, pilotlarla imza günlərini, uşaqlar üçün əyləncə zonasını və təşkil olunan tamaşaları bəyənib.

Amma o da bilet qiymətlərinin baha olduğunu deyir. Deyir ki, biletlər onların ailə büdcələrinə uyğun deyil.

"Bilet almayacam"

Yarışlar şəhərin mərkəzində təşkil olunub.

Yarışlar üçün nəzərdə tutulmuş halqa Azadlıq meydanından başlayaraq Hökumət Evininin ətrafından keçir və Qız Qalası, İçəri Şəhər və Nefçilər prospektini keçməklə başlanğıc nöqtəsinə gəlir.

Yarışların keçirildiyi ərəfədə şəhər mərkəzində bir çox yollar bağlanır.

Lakin bir çox sakinin evi məhz halqa ətrafında yerləşir. Onlar bilet almadan da yarışları izləyə bilərlər.

Adının çəkilməsini istəməyən bir sakin BBC-ə deyir ki, o illərdir F1 yarışlarilə maraqlanır. Lakin öz ölkəsində keçirilən yarışa bilet almaqdan və hətta halqaya açılan pəncərəsindən belə izləmək istəmir.

O, bunu ölkənin vəziyyətilə əlaqələndirir. O deyir ki, yarışlara milyonlarla manat xərclənir və ölkəyə gəlir qat-qat az gəlir. Əvəzində isə bir çox sahədə qiymət qalxır.

"İlk devalvasiyaya 4-5 il qalmış F1 tədbiri olsaydı, bəlkə də bilet alardım, Amma indi yox", o deyir.

Bu barədə daha geniş