İraq: "Üç azərbaycanlı qadın ömürlük həbs edilib"

qadın Fotonun müəllifi Getty Images
Image caption Qadınların kimliyi müəyyənləşdirilir

İraq məhkəməsi aralarında üç azərbaycanlının olduğu səkkiz xarici vətəndaşa ömürlük həbs cəzası verib.

Qadınlar özünü İslam Dövləti adlandıran hərbi qruplaşmanın fəaliyyətində iştirak etməkdə ittiham olunur.

Xarici İşlər Nazirliyi BBC Azərbaycancaya deyib ki, qadınların kimliyi barədə məlumat araşdırılır.

Həbs olunanlar arasında üç Türkiyə, bir Özbəkistan və bir Suriya vətəndaşı da var.

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyir ki, Azərbaycanın İraqdakı səfirliyi məsələ ilə bağlı mütəmadi danışıqlar aparır.

O, nazirliyin indiyədək həbs olunan qadınların ailə üzvləri ilə görüş keçirdiyini, onlara proseslərin izah edildiyini deyib.

Nazirliyin sözçüsü əlavə edib ki, saxlanan azərbaycanlı qadınlara İraq Respublikasının qanunlarına uyğun olaraq hüquqi yardım göstərilir.

"Azərbaycan bu məsələlərlə bağlı İraq tərəfi ilə daimi müzakirələr aparır", - Hikmət Hacıyev söyləyib.

O deyib ki, "bu qadınların Azərbaycan vətəndaşlığından çıxarılması müzakirə mövzusu deyil".

Fotonun müəllifi Reuters
Image caption Ötən il Iraqda özünü İslam Dövləti adlandıran hərbi birləşmə ilə əlaqədə şübhəli bilinən 200 Azərbaycanlı qadın saxlandığı iddia edilmişdi

"Qeyri-qanuni hərbi qruplaşmalara qoşulanlar həm Azərbaycanın Cinayət Məcəlləsini, həm də olduqları ölkənin qanunlarını pozublar", - XİN sözçüsü qeyd edib.

Cənab Hacıyev həbs olunan qadınların uşaqlarının kimliyinin və valideynlərinin identifikasiyasının aparıldığını və bundan sonra müvafiq addımlar atıldığını deyib.

Təhlükəsizlik məsələləri üzrə eskpert İlham İsmayıl deyir ki, Azərbaycan Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasına qoşulub və bu öhdəliklərə əməl etməlidir.

"Azərbaycan həbs olunan vətəndaşlarını nə vaxtsa ölkəyə gətirə bilər, lakin Azərbaycan qanunlarına görə qeyri-qanuni hərbi qruplaşmalarda iştirak etmək cinayət xarakteri daşıyır".

O deyir ki, Azərbaycan yalnız bir müddət keçdikdən sonra "onların Azərbaycana qaytarılması perspektivini" müzakirə edə bilər.

Cənab İsmayıl Azərbaycanın İraqdakı nümayəndəliyinin həbs olunan qadınların övladlarının Azərbaycana qaytarılması üçün danışıqlar aparmalı olduğunu deyib.

"Azərbaycan höküməti o uşaqları himayəyə götürməyə borcludur", - o söyləyib.

Ekspert deyir ki, əgər ittiham olunan qadınlar İraqa məcburi getdiyini beynəlxalq səviyyədə sübut edə bilərsə, onlar geri qaytarıla bilər.

Aprelin sonunda İraq məhkəməsi Azərbaycan, Rusiya, və Tacikistan vətəndaşları olan 19 qadını analoji cəzaya məhkum edib.

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev örən il açıqlamışdı ki, "ümumilikdə 900-dək azərbaycanlı İŞİD terror təşkilatına qoşulub" və onlardan 85 nəfəri hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.

2015-ci ildə qanunvericiliyə edilən dəyişikliyə görə, Azərbaycan vətəndaşının terror fəaliyyətində iştirakı onun vətəndaşlığının itirilməsi ilə nəticələnir.

Bu barədə daha geniş