Deputatların, ombudsmanın və məhkəmə hakimlərinin maaşı artırılıb

Milli Məclis Fotonun müəllifi AzerTAG
Image caption Milli Məclis

Milli Məclisdə mayın 4-də keçirilmiş iclasda hakimlərin, ombudsmanın və millət vəkillərinin əmək haqları təqribən 10 faiz artırılıb.

Parlamentdə "İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanuna edilən dəyişikliyə görə, ombudsmanın əmək haqqı 2025 manatdan 2230 manata qədər artırılıb.

"Milli Məclisin deputatının statusu haqqında" qanuna edilən dəyişikliyə görə isə parlament sədrinin əmək haqqı 2250 manatdan 2475 manata çatdırılıb. Buna müvafiq olaraq Milli Məclisin komitə sədrləri və sıravi millət vəkillərinin də əmək haqları artırılıb.

Sıravi deputatların maaşı isə təxminən 1700 manat olub.

10 faizlik artımdan sonra Konstitutsiya məhkəməsinin hakimləri 2335 manat əmək haqqı alacaq.

Digər məhkəmələrdə çalışan hakimlərin maaşı isə 2280 manat olub.

Bu qanun layihələrinə əmək haqqı ilə bağlı edilən dəyişikliklər bu aydan tətbiq ediləcək.

Bir müddət öncə təhsil və səhiyyə işçilərin maaşı və təqaüdlər də 10 faiz artırılmışdı.

10 faiz artımdan sonra deputatların əmək haqqında təxminən 225 manat, müəllimlərin maaşında isə 46 manat artım olur.

2018-ci ildən minimum əmək haqqı 14 manat artırılaraq 130 manat olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş