Bakı: SAT imtahanı hansı səbəbdən təxirə salındı?

imtahan, SAT, Bakı, Bakıda keçirilən beynəlxalq imtahan təxirə salınıb, exam Fotonun müəllifi FREDERICK FLORIN/AFP/Getty Images
Image caption "Təhlükəsizlik" səsəbi ilə Bakıda keçirilməli olan SAT imtahanı təxirə salınıb

Mayın 5-də Bakıda keçirilməli olan beynəlxalq SAT (Scholastic Assessment Test) imtahanı təxirə salınıb. Bu imtahan ABŞ və bir çox xarici ölkələrin universitetlərinə qəbul olmaq üçün tələb olunur.

İmtahanın təxirə salınmasına səbəb isə, bəzi valideynlərin sosial şəbəkələrdə yazdıqlarına görə, "imtahan cavablarının satılması" olub.

İmtahanı təşkil edən College Board-dan cavab almaq hələlik mümkün olmayıb.

Hərçənd qurumun saytında yazılıb ki, dünya üzrə 40-dan çox yerdə imtahanların keçirilməyi təxirə salınıb.

İmtahanın təxirə salındığı yerlər arasında ABŞ-ın Kaliforniya, Florida, Havay, Georgia ştatlarındakı imtahan mərkəzləri, eləcə də Qazaxıstan, Monqolustan, Livan və Çin kimi ölkələr var.

College Board artıq mayın 19-da yeni imtahanın keçirilməsi üçün Azərbaycanda olan imtahan mərkəzlərinə müraciət edib, müxtəlif imtahan mərkəzləri BBC Azərbaycancaya bildirib.

"SAT imtahanlarının təşkilat komitəsi imtahandan bir gün əvvəl elektron məktub göndərərək imtahanın vaxtının təxirə salındığını bildirib. Səbəb kimi isə imtahan materiallarının təhlükəsizliyinin təmin edilməsi göstərilib", Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadə bildirib.

Onun sözlərinə görə, materialların təhlükəsizliyinin təmin olunmasında hər hansı bir problem yaşanıb və burada tək Azərbaycanda yox, dünyanın bir çox yerlərində imtahanların keçirilməsi təxirə salınıb.

Xanlar Xanlarzadə əlavə edib ki, təxirə salınmış SAT imtahanı üçün Dövlət İmtahan Mərkəzində 45 nəfər qeydiyyatdan keçib və onlardan heç biri şikayətlə bu quruma müraciət etməyib.

Dövlət İmtahan Mərkəzinin rəsmisi onu da bildirib ki, onun təmsil etdiyi qurum hələ ki, 19 mayda imtahanın olacağını təsdiq etməyib, çünki mayın 20-də ölkədə ali məktəblərə qəbul imtahanı keçiriləcək.

Başqa bir qurum, Barattson imtahan mərkəzi BBC Azərbaycancaya bildirib ki, təxirə salınan imtahan mayın 19-da keçiriləcək.

Azərbaycanda SAT imtahanını Dövlət İmtahan Mərkəzi də daxil olmaqla, 9 fərqli mərkəzdə vermək mümkündür.

Bəzi valideynlər isə yeni imtahan gününü gözləməyiblər, əlavə ödəniş edərək övladlarını Gürcüstanın Tbilisi şəhərinə aparıb və orada imtahanda iştirak ediblər.

Bu barədə daha geniş