Bayılda aşınmadan "4 ev çöküb, 55 sakin köçürülüb"

Bayıl yamacı, Buxta küçəsi ev çöküb

Bayıl yamacında Buxta küçəsində aşınma nəticəsində iki ev tam, ikisi isə qismən dağılıb, Ekologiya və Təbii Sərvətlər nazirliyinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

"Yamacda aşınma prosessi gedir. Bu yeni deyil, zamanında, 40-50 il ərzində tam yüklənib. İnsan amili nəticəsində yamac kəsilib. İndi orda təbii aşınma gedir", o BBC Azərbaycancaya bildirib.

Cənab Qaralovun sözlərinə görə, aşınma nəticəsinədə, yük artıq olduğu üçün müəyyən evlərə ziyan dəyib.

O deyir ki, hazırda Ekologiya və Təbii Sərvətlər Naziliyi və aidiyyatı qurumlarla birgə ərazidə müşahidə aparılır və "hələ də gərginlik var".

Səbail Rayon İcra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən İsrafil Kərimov BBC Azərbaycancaya deyib ki, dağılan binalar köhnə olub.

"Sovet dövründə, 1950-ci illərdə tikilmiş bir mərtəbəli istifadə müddətini keçmiş yaşayış binalarıdır. Neçə vaxtdır qəzalı vəziyyətdədir. Sakinləri köçürmüşük," - İsrafil Kərimov belə deyib.

Onun sözlərinə görə, ərazidə yaşayan 22 ailə, ümumilikdə 55 nəfər sakin bir neçə gün əvvəldən köçürülüb.

"Sakinlər müvəqqəti olaraq qohumlarının evində yerləşdirilib. Onlara kirayə pulu, yaxud da kompensasiyanın ödənilməsi isə Nazirlər Kabinetinin qərarından asılı olacaq", o deyib.

İcra Hakimiyyəti rəsmisi deyir ki, hadisə barədə Nazirlət Kabinetinə məlumat verilib və FHN rəy verib.

Bundan əvvəl, yanvarın 24-dən etibarən Bayıl yamacındakı sürüşmə zonasında olan 80 evin 390 sakini təhlükəsiz yerlərə -qohum və tanışlarının evlərinə və məktəblərdə yaradılan sığınacaqlara köçürülüb.

Fevralın 10-da baş vermiş növbəti sürüşmə zamanı isə dərənin yamacında tikilmiş dörd ev yararsız vəziyyətə düşüb.

Bu barədə daha geniş