Güzəştli mənzillər: 260 mənzilin seçimi yenidən təşkil olunacaq

MİDA, sosial mənzillər, Yasamal Yaşayış kompleksi Fotonun müəllifi mida.gov.az
Image caption Yasamal Yaşayış Kompleksindəki 260 mənzilin seçimi yenidən təşkil olunacaq.

Mənzil İnşaatı üzrə Dövlət agentliyi (MİDA) bildirib ki, mayın 7-də keçirilmiş mənzil seçimi zamanı yaranmış texniki problemlər səbəbindən nəticələr ləğv edilib.

MİDA Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 nömrəli binalarındakı 260 mənzilin seçimi yenidən təşkil edəcək.

"Agentliyin sərəncamında olan mənzillərin güzəştli satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 nömrəli binalarında yerləşən 260 mənzilin seçimi yenidən təşkil olunacaq".

Dövlət Agentliyi seçiminin yenidən təşkil olunacağı tarix barədə əlavə məlumat verəcəyini də bildirib.

Qurumun məlumatına görə, mayın 7-də keçirilən mənzil seçimi mərhələsində "Elektron hökumət" portalı kütləvi daxilolmalara görə yüklənib.

Bundan başqa bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi səbəbindən sistemdə problemlər yaranıb.

"Güzəştli mənzil" sistemində yaranmış xətayla bağlı 963 nəfərə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilib.

Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş problemlərə görə əməliyyatı başa çatdıra bilməyib.

Qurum onu da bildirib ki, gələcəkdə bu kimi problemlərlə qarşılaşmamaq üçün zəruri tədbirlər həyata keçirir".

Mənzil İnşaatı Dövlət Agentliyin Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli Fərmanı ilə fəaliyyətə başlayıb.

Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində ilk 260 mənzil 2018-ci il mayın 7-də satışa çıxarılıb.

Satışa çıxarılan mənzillərin seçimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu "Elektron hökumət" portalında yaradılan "Güzəştli mənzil" elektron sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə daha geniş