Dövlət sərhədində Azərbaycan əsgəri həlak olub

əsgər Fotonun müəllifi APA.AZ

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanla həmsərhəd olan Naxçıvanda qarşı tərəfin təxribatı nəticəsində bir əsgərin həlak olduğu barədə məlumat yayıb.

Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir ki, "Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub".

Müdafiə Nazirliyi hadisəyə səbəb kimi, Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirlərinin həmin bölgəyə bir neçə gün əvvəl səfər etdiklərini göstərib.

Müdafiə Nazirliyinin məlumatında əsgərin hansı şəraitdə həlak olması haqqında məlumat verilməyib. Ermənistan Müdafiə Nazirliyi də insidentlə bağlı rəsmi məlumat yaymayıb. Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki, Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir. 1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulmasına dair xəbərlər verir.

Ötən ilin oktyabrında ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutub. Görüşdə tərəflər təmas xətti boyunca gərginliyi azaltmağa razılaşıblar.

Bu münaqişə ətrafında son görüş isə 18 yanvarda, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə keçirilib. Polşada görüşən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Bu barədə daha geniş