Dərs demək üçün 6-7 saat yol getməsilə tanınan Həbib Əlizadənin başı qalmaqaldadır

Həbib Əlizadə

Lənkəran Gəgiran kənd orta məktəbinin müəllimi Həbib Əlizadə məktəbliləri Bakıya eksursiyaya aparmaq istədiyi üçün məktəb direktorunun şikayəti əsasında yerli polis idarəsinə çağrıldığını iddia edib.

Lənkəran şəhər təhsil şöbəsinin müdiri Aslan İbrahimov BBC Azərbaycancaya anlaşılmazlıq baş verdiyini və məsələnin yoluna qoyulduğunu deyir.

Sosial şəbəkələrdə isə Həbib Əlizadəyə dəstək mesajları yazılır.

Lənkəran Gəgiran kənd orta məktəbinin müəllimi Həbib Əlizadə Facebook hesabında yazıb ki, Gəgiran kənd orta məktəbinin direktoru Ziyafəddin Cavadov ondan "uşaqları icazəsiz Bakıya ekskursiyaya aparmaq istədiyi" üçün polisə şikayət edib.

Həbib Əlizadə yazıb ki, gəzinti ideyası olub, ancaq hələ icazə verilmədiyi üçün o, ekskursiyanı gerçəkləşdirə bilməyib. Və o, direktorun bu şikayətindən "şok olduğunu" qeyd edir.

Həbib Əlizadə yazır ki, indiyə qədər təşkil etdiyi ekskursiyaları Təhsil Nazirliyi, yerli təhsil şöbəsi ilə razılaşdırıb.

O bildirib ki, hər zaman məktəbdəki problemləri ictimailəşdirməkdən qaçıb, yerində həll olunmasına çalışıb: "Direktordan şəxsim üçün deyil, məktəblə bağlı müəyyən istəklərim olub və beləliklə, arzuolunmaz müəllim elan olunmuşam. Fikrimcə, artıq məktəbdə işləməyimi istəmirlər".

"Məktəb direktoru şagirdlərin təhlükəsizlik məsələlərindən narahat olub"

Lənkəran şəhər təhsil şöbəsinin müdiri Aslan İbrahimov BBC Azərbaycancaya bildirib ki, o məsələ ilə yaxından tanışdır, "işin içindədir" və bütün olanlar Həbib Əlizadə ilə məktəbin direktoru Ziyafəddin Cavadov arasında anlaşılmazlıqdan doğub:

"Gəgiran Lənkərandan 47 km aralıda yerləşir, burdan da Bakıya 300 km-ə yaxın yol var. Məktəb direktoru da məsuliyyətli şəxs kimi narahat olub ki, məktəblilər bui qədər yolu gedib-gələcək, üstəlik, onların Bakıda qidalanma məsələsi var. Bu cür məsələlərə görə onların arasında anlaşılmazlıq yaranılb. Ancaq mən dəqiqləşdirmişəm, məktəb direktoru polisə rəsmi şikayət etməyib, bəlkə şifahi edib, onu dəqiq deyə bilmərəm".

Aslan İbrahimov deyir ki, onlar həm məktəb rəhbərliyinə, həm də Həbib Əlizadəyə hər zaman dəstək veriblər və o güman etmir ki, məktəb direktoru ilə gənc müəllim arasında ziddiyətlər yaşanır: "Məktəb direktoru Təhsil Nazirliyinin imtahanında 60 mümkün baldan 51 bal toplayıb Gəgiran kənd məktəbinə göndərilib. Həbib Əlizadə də tədrisə fərdi yanaşması olan müəllimdir, məktəb direktoru onu dəstəkləyir, biz də hər ikisini dəstəkləyirik".

Təhsil şöbəsinin müdiri əlavə edir ki, ekskursiyalar, tədbirlər barədə planlar sentyabrda sinif rəhbəri tərəfindən hazırlanmalı və məktəb rəhbərliyi tərəfindən təsdiqlənməlidir: "Gəzinti uzaq məsafədədirsə, bu zaman biz yol polisinə müraciət edirik. Söhbət 30 şagirddən gedir, bütün təhlükəsizlik tədbirləri nəzərə alınmalıdır".

#Hebibleyik haştaqı

Həbib Əlizadənin statusu Facebookda 600-dən çox paylaşılıb və #Hebibleyik haştaqı yaradılıb. Bir çox sosial şəbəkə istifadəçisi Həbib Əlizadəyə dəstək verilməsinə çağırıb və onun ekskursiyaya görə polisə çağrılmasını pisləyib.

Həmçinin buna da bax:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Dərs demək üçün 6-7 saat yol gedən müəllim: Həbib Əlizadə

Əlaqəli mövzular

Bu barədə daha geniş