İşgəncədən öldüyü iddia olunan Saleh Rüstəmov "sağdır"

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
Image caption DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi.

Barəsində işgəncələrdən öldüyü xəbəri yayılan, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanan siyasi fəal Saleh Rüstəmov sağdır.

Bunu onun qardaşı Valeh Rüstəmov BBC Azərbaycancaya bildirib.

Saleh Rüstəmov mayın 8-də saxlanıb, o, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinir.

Amma yaxınları 14 gün onun haqqında məlumat ala bilməyib, barəsində seçilən həbs-qəti imkan tədbirindən verilən apellyasiya baxılan zaman məhkəməyə gətirilməyib, bütün bunlar isə Saleh Rüstəmovun işgəncə aldığı və bundan öldüyü şübhəsini yaradıb, hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib.

Onun qardaşı Valeh Rüstəmov BBC Azərbaycancaya deyib ki, mayın 25-də Saleh Rüstəmovla görüşüb, onun bədəninə baxıb və hər hansı işgəncə faktına rast gəlməyib.

O, Saleh Rüstəmova görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısına toplaşan ictimai-siyasi fəalların, jurnalistlərin ordan dağılışmasını istəyib.

Valeh Rüstəmovun qardaşının vəkillə niyə görüşmədiyinə aydınlıq gətirməyib, bu barədə məlumatsız olduğunu deyib.

Saleh Rüstəmovun vəkili Bəhruz Bayramov BBC Azərbaycancaya deyib ki, əvvəlcə o da müvəkkili ilə görüşə dəvət olunsa da, onunla görüşə bilməyib: "Mənə dedilər ki, Saleh Rüstəmov vəkillə görüşmək istəmir, yalnız qardaşı ilə görüşəcək".

"Qardaş oğlu da məhkəməyə gəlməkdən imtina edib"

Valeh Rüstəmovun oğlu Vidadi Rüstəmov da əmisindən sonra saxlanıb.

Oqtay Gülalıyev Facebook hesabında yazıb ki, Vidadi Rüstəmov da Apellyasiya məhkəməsinə gəlməkdən, eyni zamanda ailəsinin tutduğu vəkildən imtina edib.

Vəkil Bəhruz Bayramov BBC Azərbaycancaya deyir ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanan Vidadi Rüstəmovla mayın 24-də görüşüb və müvəkkil ondan imtian etdiyini bildirib: "Dedi ki, ona hər hansı işgəncə verilməyib, vəkildən də imtina edir".

Bəhruz Bayramovun sözlərinə görə, ailəsi Saleh Rüstəmovun hüquqlarını qorumaq üçün onunla müqavilə bağlasa da, hələ Saleh Rüstəmova təqdim olunmayıb.

DİN işgəncə xəbərini təkzib edir

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, Saleh Rüstəmovun səhhəti və ona işgəncə verilməsi ilə bağlı yayılan xəbərlər əsassızdır.

Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.

Bu barədə daha geniş