28 May: Azərbaycan tarixinin şanlı səhifəsi

Fotonun müəllifi AZƏRBAYCAN RESPUBLİKASI KİNO-FOTO SƏNƏDLƏRİ ARXİVİ
Image caption Arxiv: 1919-cu il, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Sovetinin iclası

Bu gün müasir Azərbaycan tarixində ən mühüm gündür.

1918-ci il mayın 28-də Azərbaycan xalqının nümayəndələri dünyaya Azərbaycanın müstəqilliyini elan ediblər. Əslində isə bir gündə iki qərar verilmişdi: milli müstəqilliyin və demokratik respublikanın elanı. Hər iki hadisə ayrıca diqqətə layiqdir.

Cənubi Qafqaz bir əsr Rusiya imperiyası tərəfindən idarə olunmuşdu. İmperiya 1917-ci ildə baş verən iki inqilabdan sonra dağılır.

İnqilab imperiyanın mərkəzində baş tutsa da, əyalətlərinə də təsir göstərərək azadlıq dalğası gətirir. Polyaklar, finlər və ukraynalılar kimi bəzi xalqlar öz müstəqilliklərini elan edirlər.

1918-ci il mayın 28-də Azərbaycan da müstəqil xalqlar cərgəsinə qoşulur. 1918-ci il müstəqillik elan etmək üçün tarixi imkan idi. Azərbaycanın liderləri doğru anda doğru qərar verə bilmişdilər.

Müstəqil dövlətin elanı 1918-ci ilin mayı üçün heç də yeganə nailiyyət deyildi. Bu ay həm də demokratiya və Azərbaycan xalqının təqdimatının elanını özündə ehtiva edirdi.

Azərbaycan xalqının liderləri Azərbaycandakı siyası rejim kimi demokratik parlament respublikasına üstünlük vermişdilər.

Fotonun müəllifi Wikipedia
Image caption AXC Milli Şurasının Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsinin elanı

Əksəriyyətinin yerli feodal elitasının övladları olmasına baxmayaraq, xalqın liderləri xanlığın bərpası seçiminə getmədilər. Əgər istəsəydilər, bu qərara asanlıqla haqq qazandıra bilərdilər. Bir əsr əvvəl rusiyalılar respublikaya yox, xanlıqlara son qoymuşdu.

O zaman Azərbaycanda respublika mövcud deyildi. Siyasi liderlər rusların dağıtdığı rejimi bərpa etdiklərini söyləyə bilərdilər. Onlar tarixi nümunə kimi Quba və ya Şəki xanlıqlarının adını çəkər və hakimiyyətin bir nəfərin əlində cəmləşməsi ideyasının Azərbaycan üçün tarixi və mədəni seçim olduğunu iddia edə bilərdilər.

Onlar xalqın çətin və təhlükəli zamanında yalnız güclü bir xanın ölkəni idarə edə biləcəyi fikrini ortaya ata bilərdilər. Bənzədərək əlavə edə bilərdilər ki, çətin anlarda sürünü yalnız yaxşı çoban idarə etmək qabiliyyətindədir. Milli hərəkatın liderləri monarxiya və ya təkhakimiyyətlilik üçün bu iddiaların heç birinə əl atmadılar.

Əvəzində 1918-ci il mayın 28-də Azərbaycanın liderləri demokratik və parlament respublikası idarə üsulunu seçdilər.

Fotonun müəllifi Prezident Kitabxanası
Image caption İstiqlal bəyannaməsinin fransızca mətnində AXC Demokratik Respublika kimi tərcümə olunur

İndi geriyə nəzər salarkən, biz bunu sadə və təbii bir qərar kimi qiymətləndiririk. Lakin 1918-ci ildəki vəziyyətin içində bu, inqilabi qərar idi.

Birinci Dünya Müharibəsindən əvvəl Fransa istisna olmaqla, Avropa qitəsində respublika mövcud deyildi. 1918-ci ildə heç də bütün yeni dövlətlər respublikaya çevrilməmişdi.

Məsələn, Yuqoslaviya 1918-ci ildə krallıq kimi yaranmışdı. Finlandiyanın 1918-ci ildə müstəqilliyi elan olunan zaman siyasi rejimi respublika yox, krallıq idi.

Respublika region üçün də yeni ideya idi. Şimalda, Rusiyada demokratik parlament respublikası cəmi bir il əvvəl, 1917-ci ilin fevralında yaranmışdı. Bu respublikanın ömrü isə yeddi ay oldu. Bu qısa təcrübədən qabaq isə Rusiya monarxiya idi.

Digər əhəmiyyətli qonşu sayılan İran Qacar sülaləsi tərəfindən idarə olunurdu. Bir neçə ildən sonra Rza şah hakimiyyətə gəlir və respublika elan etmək istəsə də, İranda monarxiyanı bərpa etməklə kifayətlənə bilir.

1918-ci ildə Türkiyədə də monarxiya idarəsi hökm sürürdü. Hakimiyyət Osmanlı sülaləsinin əlində idi. 1908-ci il Gənc Türk inqilabından sonra inqilabçılar parlamenti geri gətirirlər, amma respublika elan etməkdən çəkinirlər.

Fotonun müəllifi Milli Arxiv
Image caption Arxiv: Azərbaycan Milli Məclisinin açılış günü

Buna görə də 1918-ci ilin 28 mayı yalnız müstəqil bir dövlətin elanı ilə səciyyələndirilməməlidir. Bu tarix həm də demokratik parlament respublikasının və proqressiv və inqilabı qərarın elanı günüdür.

Azərbaycanın milli liderləri 1918-ci ilin 28 mayında müstəqilliyi elan edən zaman heç Azərbaycanda deyildilər. Onlar sürgündəki hökumət idi. Onlar Azərbaycana yalnız bir neçə həftə sonra daxil ola bilirlər. Hətta istəsə idilər belə, paytaxt Bakıya gedə bilməzdilər. Heç də hər kəs yeni respublikanın Yelizavetpol (Gəncə) quberniyasından böyük olacağına ümid etmirdi.

Bununla belə, problemlərin heç biri liderləri dayandırmadı. Onlar Azərbaycana inanırdılar, onlar Azərbaycan xalqına inanırdılar. Onlar tərəddüd etmədilər. Çünki mühüm bir şeyi bilirdilər. 1918-ci ilin 7 dekabrında parlamentdə Rəsulzadənin dediyi kimi, "Bir kərə yüksələn bayraq bir daha enməz".

Bu barədə daha geniş