Azərbaycandan Avropaya uzanan kəmərə ilk qaz vurulub

NEFT-QAZ Fotonun müəllifi AzerTAG

Bu gün Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində ilk qaz vurulub.

Azərbaycan prezidenti İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb, yerli media xəbər verir.

Bununla da Cənub Qaz Dəhlizində Trans Anadolu Boru Kəmərinə - (TANAP) qaz vurulmasına başlanıb.

TANAP iyunun 12-də Əskişəhərdə istifadəyə veriləcək və mərasimə Azərbaycan və Türkiyə prezidentlərinin də qatılacağı gözlənir.

Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihənin tərkib hissəsidir.

Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Fotonun müəllifi TAPAG.com
Image caption Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

"Stabil gəlir əldə etmək imkanı"

Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, Azərbaycan özünün qaz ehtiyatlarını dünya bazarına çıxarmaq imkanı qazanır: "Azərbaycan indiyədək regional bazara öz təbii qazını çıxarırdı. Artıq böyük bazarlara yolu açılır".

İlham Şaban BBC Azərbaycancaya bildirir ki, bu, Azərbaycana Avropanın timsalında təkcə böyük bazar yox, həm də stabil gəlir əldə etmək imkanı qazandıracaq.

"Enerji təhlükəsizliyi layihəsi"

Bu ilin fevralında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında prezident İlham Əliyev Cənub Qaz Dəhlizini "enerji təhlükəsizliyi layihəsi" adlandırıb.

Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazını Gürcüstan, Türkiyə Yunanstan, Bolqarıstan, Albaniya ərazilərindən və Adriatik dənizin dibindən keçməklə İtaliyaya çatdırmağı nəzərdə tutur.

Azərbaycan 2020-ci ilə isə "Şahdəniz" qazını İtaliyanın cənubuna çatdırmağı planlaşdırır.

"Cənub Qaz Dəhlizi" layihəsinin maliyyə dəyəri 40 milyard dollar dəyərində qiymətləndirilir.

Bu barədə daha geniş