DTX əməkdaşı saxlanıb: O, dələduzluq yolu ilə pul almaqda günahlandırılır

Dövlət Təhlükəsizliyi Xidməti Fotonun müəllifi AzertTAG
Image caption Dövlət Təhlükəsizliyi Xidməti

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şirvan şəhər şöbəsinin əməkdaşı tutulub.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun yaydığı birgə məlumata görə, qurumun əməkdaşı Rövşən Ağayev narkotika qaçaqmalçılığında ittiham olunaraq həbs edilən şəxslərdən birini azadlığa buraxmaq üçün onun yaxınından pul alıb.

Məlumatda deyilir ki, iki şəxs fevral ayında narkotik və psixotrop maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirmək istədikdə saxlanıblar.

Faktla bağlı başlanılmış cinayət işi üzrə digər bir şəxsin də iştirakı müəyyənləşib və onun evində aparılan axtarış zamanı psixotrop maddələr tapılıb, prokurorluq və DTX bildirir.

Rəsmi qurumlar açıqlayıb ki, araşdırmalar zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı Rövşən Ağayevin sonuncu şəxsin həbsdən buraxılmasına kömək etmək adı ilə onun anası Sarayxanım Abdullayevadan "xeyli miqdarda pul alıblar".

Baş prokurorluq və DTX bildirir ki, Sarayxanım Abdullayevanın mayın 24-də itkin düşdüyü məlum olub.

Rəsmi məlumatda deyilir ki, Rövşən Ağayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarından xaric edilib və iş üzrə o və onunla əlbir olan daha bir şəxs şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda Sarayxanım Abdullayevanın itkin düşməsi ilə bağlı "zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir", güc strukturları bildirir.

Məlumatda Rövşən Ağayevin ona qarşı irəli sürülən ittihamla razılııb-razılaşmadığı göstərilmir. Onun vəkilinin və yaxınlarının iddiaya münasibətini öyrənmək mümkün olmayıb.

Bu barədə daha geniş