ADR 100: Britaniyanın Azərbaycan-Türkiyə əlaqələrinə dair şübhələri və AXC-nin cavabı

Admiral Richard Webb Fotonun müəllifi National Portrait Gallery London
Image caption Britaniyanın "Konstantinopolda" Baş Komissar müavini Admiral Richard Webb, Azərbaycanla Türkiyə arasında əlaqələrdən şübhələnirdi

Britaniya Xarici İşlər Nazirliyinə ünvnalandırılan müraciətlərində Türkiyə və Qafqazda fəaliyyət göstərən britaniyalı komissarların Azərbaycanın etibarlılığı barədə kəskin şəkildə fərqlənən mövqeləri aydın olub.

Azərbaycanın Türkiyə ilə əlaqələrinə dair təyziqlər Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Paris Sülh Konfransında tanınmasından dərhal sonra artıb.

Britaniyanın Konstantinopoldaki (İstanbul) Baş Komissar müavini Admiral Richard Webb-i ən çox narahat edən, əsasən erməni qəzetlərinin yazılarındakı iddialar olub.

Bu maraqlı müzakirələri, britaniyalı rəsmilərin fərqlənən mövqeləri və AXC-nin bununla yanaşı qərarını izah edən sənədləri sizə aşağıda təqdim edirik.


Həmçinin oxuyun:


İstanbuldan teleqram

Azərbaycanın Paris Sülh Konfransında de-fakto tanınmasından qısa müddət sonra, Britaniyanın Konstantinopola (İstanbula) Baş Komissar müavini Admiral Richard Webb, Britaniya XIN-nə teleqram ünvanlandırır.

Göndərilib: 25 yanvar 1920Qəbul edilib: 27 yanvar 1920

Webb, Baş Komissar Konstantinopol

Prioritet A

20 nömrəli Tehran teleqramı. Cənab Wardrop-a böyük ehtiramla, mən qeyd etməliyəm ki, Azərbaycanın münasibətilə bağlı ciddi şübhələrim var.

Biz hazırda hakimiyyətdə olan MÜSAVAT partiyasının Gənc Türklərə münasibətləri barədə bir-birini tam təkzib edən xəbərlər alırıq. Bakıda NURİ PAŞA və HALİL PAŞA-ya sığınacaq verilməsi orada Gənc Türklərin çox sayda dostu olduğunu göstərir. Bizdə olan etibarlı məlumata görə, Azərbaycandan nümayəndə heyəti Sivasda bu yaxınlarda keçirilən Pan-islamçı Kongresdə iştirak ediblər. Türk zabitləri Azərbaycana sərbəst gedib gəlirlər və hətta orada rəsmən işə götürülürlər. Azərbaycanın de-fakto tanınması burada İttihad və Tərəqqi Komitəsilə əlaqələri olan qəzetlər tərəfindən böyük coşqu ilə qarşılanıb, ona baxmayaraq ki, Gürcüstan barədə çox az yazılmışdı. Hər şey Azərbaycanda yüksək təsirə sahib olan elementlər və türk millətçilər arasında sıx və xoş əlaqələrin olduğuna işarə verir.

Mən 68 nömrəli teleqramımda qeyd etdim ki, Azərbaycan nümayəndə heyətinin buraya səfərindən yaranan imkandan istifadə edərək, onlara xatırlatdım ki, de-fakto tanınmaq imtiyazlarla yanaşı öhdəliklər də yaradır. Mən qeyd etdim ki, burada yazılır ki, Türkiyənin Müttəfiqlərə qarşı vuruşduğu vaxtı Azərbaycan Türkiyəni dəstəkləmişdi.

Mən qeyd etdim ki, hətta cənab Vəzirovun özünə qarşı Türklərlə çox sıx əlaqədə olduğu barədə iftiralı xəbərlər mövcuddur.

Cənab Vəzirov bir daha qətiyyətlə ölkəsinin Türkiyə ilə müttəfiq olmağa istəyi və ya niyyətinin olmadığını israr etdi.

Növbəti gün, yanvarın 23-ü yerli fransız dilli erməni qəzeti qeyd etdi ki, etibarlı mənbənin məlumatlna əsasən, Türkiyənin xarici işlər nazirliyi və Azərbaycan nümayəndiliyi arasında 2 ay müddətinə danışıqlar olub və bu danışıqlar şərtləri naməlum olan bir razılıqla nəticələnib.

Aydındır ki, bu bəyanatın mənbəsi çox qərəzlidir. Fəqət burada çox geniş inanılan məlumatlara görə, Azərbaycan və Türkiyə hökuməti və ya Mustafa Kamal arasında az-çox Pan-islamçı idealar üzərində bir anlaşma ya əldə edilib ya da ki, hazırda müzakirə olunur.

Azərbaycanı hökumətini rəsmən və cənab Vəzirovun da burada şəxsən bu iddiaları təkzib etmələrinə göstəriş vermək yaxşı olmazdımı?

Ünvanlandırılıb: Xarici İşlər Nazirliyi və Tehran.

Fotonun müəllifi Creative Commons
Image caption John Oliver Wardrop Azərbaycanla Türkiyə arasında müttəfiqlik barədə iddiaların şişirdilmiş olduğu qənaətində idi.

Wardrop-un ilk cavabı

Göndərilib: 27 yanvar 1920

Qəbul olunub: 29 yanvar 1920

Wardrop Tiflis

Zati ali, sizin mənə, 76 XİN, 6 Tehrana ünvanlandırdığınız 12 nömrəli teleqram.

Xahiş edirəm bundan əvvəlki teleqrama da baxasınız.

Əvvəlcə Müsavat daha sonra isə İttihad Türk yönümlü siyasəti təqib ediblər. Müsavat bu mövqeni Türklərin Azərbaycanı idarə etmək niyyətlərini göstərdikdən sonra tərk edib. İttihad isə Türk yönümlü mövqeyə sahib çıxdı ki, Türklərdən bir silah olaraq istifadə edərək Müsavat məğlub etsinlər. Hazırda İttihad mart ayında keçiriləcək seçkilərdə qələbədən əmindir və Türkləri tərk edərək bizimlə əlaqələr qurmaq istəyirlər.

Azərbaycana, tarixində ilk dəfə müstəqil olmağa şansı üçün özünü borclu saydığı bəzi nüfuzlu Türklərə sığınacaq verməsi şişirdilməməlidir.

Ünvanlandırılıb: Konstantinopol 39, təkrarlanıb XİN 53, Tehran 30.

Wardrop-un Azərbaycandan ötürdüyü məlumat

Göndərilib: 5 fevral 1920

Qəbul olunub: 6 fevral 1920

53 nömrəli teleqramınıza cavab olaraq.

Polkovnik Stokes-dan aldığım məlumat:

Azərbaycan hökuməti Türkiyə ilə gizli razılıq barədə iddianı Baş Komissarın razılı ilə ictimai şəkildə təkzib etməyə hazırdır.

Onların və Türkiyəli Paşaların buradan çıxaırlmasına gəldikdə, mən düşünürəm ki, hazırda onların çıxarılması tələbatı ciddi kabinet böhranı yaşamaqda olan hökuməti təhlükəyə sala bilər.

Düşünürəm ki, Paşalarla yanaşı bütün Türkiyəli zabitlər və mənim daha ciddi təhlükə hesab etdiyim rəsmilərin çıxarılması tələbini Azərbaycan ordusu üçün hərbi formalar və sursat formasında verərək dəstəyimizi sübüt etdikdən sonra, lakin silah və qüllələr verməmişdən əvvəl vermək yaxşı olar. Çox güman ki, tezliklə hakimiyyətə gələcək İttihad partiyasının rəhbəri bildirib ki, türklərin çıxarılmasına qarşı deyil, lakin Nuri Paşanın liderlərlə keçmişdəki sıx əlaqələri çətinliklər yarada bilər.

Türk zabitlər çıxarıldıqdan sonra, məncə onların Britaniyalı təlimçilər tərəfindən əvəz edilməsi mümkün olacaq. XİN-nin 31 nömrəli teleqramı bildirir ki, bu cür təlimçilərin göndərilməsi hazırda mümkün deyil. Xahiş edirəm ki, bu məsələnin həlli mənim Londona qayıdışıma qədər dondurulsun. Orada ümid edirəm ki, demobilizasiya olunmuş və hazırda işsiz qalmış zabitlər taparam.

Ünvanlandırılıb: XİN nömrə 78, təkrar olunub Konstantimopol nömrə 51, Tehran nömrə 33.

Fotonun müəllifi Azərbaycan Milli Arxivi
Image caption Wardrop Britaniya XIN-ə ünvnalandırdığı teleqramda bildirir ki, Fətəli Xan Xoyskinin ona Azərbaycan barədə şaiyələrin "fantaziya və təməlsiz" olduğunu deyib.

Azərbaycanın təkzibi

Göndərilib: 23 fevral 1920

Qəbul olunub: 24 fevral 1920

Wardrop Tiflis.

Azərbaycan hökuməti Türkiyə hökumətilə hər hansı bir gizli və ya gizli olmayan razılığın əldə edilməsinə dair rəsmi təkzibini dərc edib.

Xarici İşlər naziri mənə bildirib ki, bunun əksinə olan şaiyələr fantaziya və təməlsizdirlər.

Ünvanlandırılıb: Konstantinopol 63, təkrarlanıb XİN 115, Tehran 38.

_____________________________________________________________

Redaktordan: BBC News Azərbaycanca Birtaniya arxivlərindən əldə etdiyi və Azərbaycan Xalq Cümhuriyyəti illərinə aid sənədlərin yayımına başlayır.

Bu sənədlər əsasən ingilis diplomatların təxminən 100 il öncə bir-birinə yazdığı məktublar və teleqramlardır. Bu məktublarda Azərbaycan Demokratik Respublikasına və onun liderlərinə həm inamsızlıq, həm etimad var.

Biz - BBC Azərbaycanca komandası fəxr edirik ki, Azərbaycanın tarixi və kimliyi üçün həlledici olan o günləri, 100 il əvvəl baş verən hadisələri oxucularımıza daha əvvəl ortalığa çıxarılmamış sənədlərin köməyilə çatdırırıq. Bunun üçün bizə o dövrün şahidlərinin - ingilis diplomatların məktub və teleqramları yardım edir. Biz o cümlədən Əli Mərdan bəy Topçubaşovun məktublarını da əldə etmişik. Saytımızı izləyin və növbəti həftələr ərzində onları oxuyun.

Bu barədə daha geniş