Azərbaycandakı avropalı biznesmenlər: "Şəffaflıq yoxdur, kadr çatışmır, korrupsiya, bürokratiya var, qanunun aliliyi qorunmur"

Ai forum
Image caption Avropalı iş adamları: "Azərbaycanda ilk növbədə vergi, gömrük, hüquq və təhsil sistemində ciddi islahatlar aparılmalıdır"

Azərbaycanda fəaliyyət göstərən avropalı iş adamları ölkədəki gözə görünən yeganə islahat kimi ASAN xidməti vurğulayır, gömrük, təhsil, hüquq sahəsindəki vəziyyətdən narazılıqlarını bildirirlər.

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə hazırlanan "Aİ Azərbaycan Biznes mühiti 2018" hesabatında belə deyilir.

Hesabat bu gün Aİ-Azərbaycan Biznes Forumunda təqdim edilib.

Aİ-yə üzv 20 ölkədən Azərbaycanda fəaliyyət göstərən 400-ə yaxın şirkət ölkədəki biznes mühitini qiymətləndirib.

Hesabatda deyilir ki, sorğuya cəlb olunanların 51 faizi biznes mühiti üçün siyasi sabitliyi "ən yaxşı göstərici" kimi qiymətləndirsə də, 74 faizi "bazarın qeyri-müəyyən istiqamətdə inkişafını" ciddi biznes riski sayıb.

Respondentlər hesab edirlər ki, Azərbaycanda ilk növbədə vergi, gömrük, hüquq və təhsil sistemində ciddi islahatlar aparılmalıdır.

Hesabatda göstərilir ki, Avropa şirkətlərində "gömrüklə bağlı mənfi rəy formalaşır". Müəlliflərə görə, 2016-cı ildə elektron bəyənnamənin tətbiqi üçün "həyata keçirilən ümidverici islahatlardan sonra Aİ şirkətləri arasında gömrükdə islahat tempinin zəiflədiyinə dair müəyyən narahatlıq yaranıb".

Hesabat müəllifləri qeyd edirlər ki, son dəyişiklik fonunda vergi orqanlarında olan etimadın artacağı gözlənir, "lakin hüquq sisteminə dair narahatlıq davam etməkdədir.

"Maliyyə sektorunun dumanlı perspektivi"

Respondentlərin 52 faizi düşünür ki, ixracın diversivikasiyası üçün göstərilən institusional dəstək orta səviyyədədir.

Hesabatda deyilir ki, Aİ şirkətləri üçün maliyyə sektorunun perspektivləri tutqun olaraq qalır, təhsil sistemində isə ciddi islahatlara ehtiyac var.

Bəzi avropalı iş adamları Maliyyə Bazarlarina Nəzarət Palatasının fəaliyyətini "səmərəsiz" sayıb.

Onlar vurğulayıblar ki, xarici investisiyaların cəlb edilməsi üçün başlıca şərtlərdən biri ali və peşə təhsili sisteminin daha da inkişaf etdirilməsidir.

Hesabat müəllifləri qeyd edirlər ki, artan neft qiymətləri və orta səviyyəli iqtisadi artım nəticəsində Aİ şirkətlərinin milli iqtisadiyyatla bağlı fikirləri əvvəlki illərlə müqayisədə yaxşılaşıb.

Əgər 2016-cı ildə respondentlərin 80 faizdən çoxu Azərbaycanda cari vəziyyəti və perspektivi pis qiymətləndirmişdisə, 2018-ci il üçün bu rəqəm xeyli düşüb. Hazırkı vəziyyəti 35 faiz pis qiymətləndirir, 11 faiz isə perspektivi ümidsiz sayır.

Image caption Avropalı iş adamlarının bəzisi ölkədə "qanunun aliliyindən məmnun" deyil

İxtisaslı kadrların yoxluğu...

Hesabatda göstərilir ki, əmək bazarında bütün faktorlar üzrə son iki illə müqayisədə müsbət dəyişiklik qeyd edilsə də, gömrükdəki vəziyyət və ixtisaslı kadrların mövcudluğu göstəriciləri 2017-ci illə müqayisədə pisləşib.

Müəlliflər sorğunun nəticələrinə əsasən bildirirlər ki, əksər hallarda peşə təlimi və akademik təhsil proqramları Azərbaycandakı avropalı şirkətlərinin ehtiyaclarına uyğun gəlmir.

Avropalı biznesmenlər yerli təchizatçıların keyfiyyətindən də narazıdırlar.

Hesabat müəllifləri yazırlar ki, hüququn "dəqiqliyin azlığı və ziddiyyətli məhkəmə sistemi, o cümlədən korrupsiyanın mövcudluğu ölkəyə xarici investisiyanın qoyulmasına əhəmiyyətli dərəcədə maneə törədir".

"Qanunun aliliyindən məmnun deyilik"

Respondentlərin 41 faizi ölkədə "qanunun aliliyindən məmnun olmadığını" bildirib.

Sorğuda iştirak edənlərin 47 faizi dövlət satınalmalarında şəffaflıqdan məmnun deyil və korrupsiya ilə mübarizəni qeyri-qənaətbəxs sayır.

"Bundan əlavə, sorğunun nəticələri göstərir ki, dövlət satınalmalarında şəffaflığın çatışmazlığı iri şirkətlərə nisbətən kiçik şirkətlərə daha çox mənfi təsir göstərir", hesabatda göstərilir.

Avopalı biznesmenlərə təsir edən faktorlar

Avropa şirkətləri öz bizneslərinə təsir edən iqtisadi faktorlardan danışarkən bazarın qeyri-müəyyən istiqamətdə inkişafı ilə yanaşı bürokratiyanı, inflyasiyanı, valyuta məzənnəsinin dəyişkənliyini də ilk sıralarda göstəriblər.

Onlar ixtisaslı kadrların çatışmazlığını, korrupsiyanı, gömrük nəzarətini də bizneslərinə əsas mənfi təsir göstərən faktor kimi qeyd ediblər.

Image caption Hesabatda deyilir ki, xarici investisiyaların cəlb edilməsi üçün başlıca şərtlərdən biri ali və peşə təhsili sisteminin daha da inkişaf etdirilməsidir.

Amma 66 faiz yenidən Azərbaycana investisiya qoyar

Aİ şirkətləri Azərbaycana son 10 il ərzində 21 milyard dollar investisiya qoyub. Bundan əlavə, Azərbaycanın ticarət dövriyyəsinin 35 faizi Aİ ölkələrinin payına düşür.

Ancaq bütün narahatlıqlarına baxmayaraq, sorğuda iştirak edən respondentlərin 66 faizi Azərbaycana yenidən investisiya qoya billəcəklərini deyirlər. Onlar bu nikbinliyi daxili və ixrac bazarlarlna çıxış, strateji tərəfdaşlıq, texnologiya və ya bilikdən, o cümlədən təbii sərvətlərdən istifadə imkanları ilə izah edirlər.

Gürcüstan razı olsa, ortaq gömrük nəzarəti olacaq

Aİ-Azərbaycan Biznes Forumunda iştirak edən Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, islahatlar prosesində sahibkarların təklifi dəyərləndiriləcək.

"Sahibkarlar gömrük xidmətindən hansı islahatları istəyirlərsə, istər ticarətin asanlaşdırılması, istər gömrük qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində bu təklifləri onlarla müzakirə edəcəyik", o deyib.

Səfər Mehdiyev deyib ki, yerli məhsulların xarici bazara çıxarılması, ixracla bağlı gömrük rüsumu yoxdur. O vurğulayıb ki, sərhəddə gözləmələrin minimuma endirilməsi istiqamətində fəaliyyətlərini gücləndirəcəklər.

O deyib ki, Azərbaycan "Sınıqkörpü" Gömrük-Keçid Məntəqəsində Gürcüstanla ortaq nəzarətin həyata keçiriləcəyi bina tikmək niyyətindədirlər.

Cənab Mehdiyevin sözlərinə görə, hazırda bununla bağlı Gürcüstan tərəfi ilə danışıqlar gedir: "Əgər qarşı tərəflə razılıq əldə edilsə, regionda ilk dəfə sərnişinlərə və yüklərə ortaq gömrük nəzarəti həyata keçiriləcək".

"Ümumi vergi yükü azaldılacaq"

Vergilər naziri Mikayıl Cabbarov isə qeyd edib ki, Azərbaycanda vergi inzibatçılığı və qanunvericilikdə islahatlar həyata keçiriləcək.

Amma nazir vurğulayıb ki, biznes strukturunun "bu islahatlardan məmnunluğu onların öz bizneslərini hansı dərəcədə şəffaf həyata keçirməsindən asılıdır".

"Məndə olan məlumata görə, burada olan biznes nümayəndələrinin 60-70 faizi ƏDV ödəyicisi kimi qeydiyyatdadır. Amma fəal vergi ödəyicilərinin cəmi 3 faizi ƏDV ödəyicisidi", Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Vergilər Nazirliyi özəl sektorda və qeyri-neft sektorunda ümumi vergi yükünün azaldılması üçün müəyyən addımlar atmağı planlaşdırırlar.

Bu barədə daha geniş