Emin Aslanov kimdir?

Emin Aslanov, saxlanıb, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Hüquqşünas, Azərbaycan Fotonun müəllifi Lalə Əliyeva
Image caption Emin Aslanov

20 saatdan çoxdur yaxınlarının xəbər ala bilmədiyi gənc hüquqşünas Emin Aslanovun yoxa çıxması Azərbaycanda vətəndaş cəmiyyətini narahat edib.

Ombudsman Aparatından BBC News Azərbaycanacaya bildiriblər ki, onlar məsələni araşdırırlar, yaxın vaxtlarda məlumat yayacaqlar.

Daxili İşlər Nazirliyi BBC News Azərbaycancanın Emin Aslanov barədə müracitərinə cavab verməyib.

"O peşəkar kimi işini görüb"

Emin Aslanovun adı geniş ictimaiyyətə məlum olmasa da onu vətəndaş cəmiyyətində yaxşı tanıyırlar, Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl BBC News Azərbaycancaya deyir.

Onun sözlərinə görə, ixtisasca hüquqşünas olan Emin Aslanov müxtəlif yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarında "öz peşəkar işini görüb".

Zöhrab İsmayıl xatırladır ki, 2014-cü ildə QHT-lərlə bağlı istintaq araşdırmalarında Emin Aslanovun 1700 manat vergidən yayınması göstərilmişdi: "Yaxşı xatırlayıram ki, o, iddia olunan vergi cəriməsini tamamilə ödəmişdi, baxmayaraq ki, bu cərimə qanunsuz idi", Zöhrab İsmayıl deyir.

O bildirir ki, Emin Aslanov Avropa Məhkəməsinə başqa həmkarları ilə birgə yerli məhkəmə qərarlarından şikayət ərizələri göndərib, amma "təşkilat rəhbəri olmayıb, hüquq müdafiəçisi kimi fəaliyyət göstərməyib".

Azərbaycanın "vicdanlı gənclərindən biri"

Hüquq müdafiəçisi Intiqam Əliyev BBC News Azərbaycancaya deyir ki, Emin Aslanov ölkənin "vicdanlı gənclərindən biridir və ölkənin ictimai-siyasi həyatında fəal" iştirak edib.

İntiqam Əliyevin sözlərinə görə, 2014-cü ildə vətəndaş cəmiyyətinə "basqılar və həbslərlə bağlı" Emin Aslanov hüquqi yardım göstərib.

Hüquq müdafiəçisi deyir ki, hazırda Emin Aslanovla bağlı nə baş verdiyini bilmir, amma "uzun illərin təcrübəsinə söykənərək" güman edir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır:

"Amma yaxınlarına xəbər vermirlər. Biz bununla bağlı hökümət qurumlarına müraciət etmişik ki, adamın bu cür tutulması, aparılması oğurluqdur və bu oğurluğa son qoymaq lazımdır", İntiqam Əliyev əlavə edir.

Fotonun müəllifi Emin Aslan
Image caption Emin Aslanov

"Onun həbsi üçün hüquqi səbəb yoxdur"

"Emin Media Hüququ İnstitutunda bizimlə birgə çalışarkən neçə-neçə işin Avropa Məhkəməsində aparılmasına yardım etdi. Yerli məhkəmə işlərini apardı. Onun həbsi üçün hər hansı hüquqi əsasdan söhbət belə gedə bilməz", Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı deyir.

O, Emin Aslanovla bağlı baş verənləri vətəndaş cəmiyyətinə, ictimai fəal gənclərə qarşı "hökumətin dağıdıcı hücumlarının tərkib hissəsi" sayır.

"Emin Aslanov Bakıya evlənməyə gəlmişdi"

Araşdırmaçı jurnalist Xədicə İsmayıl düşünür ki, Emin Aslanovun "yoxa çıxması ilə hökumət hər hansı bir fəallığın qarşısınıa almağa, insanları qorxutmağa çalışır".

O deyir ki, Emin Aslanov Bakıya şəxsi səbəblərdən gəlmişdi, evlənməyə hazırlaşırdı. "Hazırda onun fəaliyyətində hökuməti narahat edəcək heç nə yox idi. Onun həbsi başqalarına qarşı iş tikmək üçündür", o deyir.

Jurnalist hesab edir ki, Emin Aslanov həbs edilibsə, bu zaman da "Azərbaycan hökuməti 2014-cü ildə QHT nümayəndələrinin, hüquq müdafiəçilərinin həbs olunduğu zaman qarşılaşdığı ciddi beynəlxalq təzyiqlə üzləşəcək".

"Onun adını eşitməmişəm"

Millət vəkili Zahid Oruc Emin Aslanovun adını daha əvvəl eşitmədiyini və yalnız sosial şəbəkələrdə paylaşımlarda gördüyünü deyir.

"Onun adını eşitməmişəm, partiya təəssübkeşi, ön cəbhədə fəaliyyət aparan fəal, ideoloji siyasi təhlilləri ilə seçilən şəxs kimi tanımıram", o əlavə edir.

Onun Emin Aslanovla bağlı baş verənlər haqqında heç bir mülahizəsi yoxdur, ancaq düşünür, "siyasi mübarizə qanun müstəvisində aparmalıdır ki, əlavə mülahizələrə ehtiyac qalmasın".

Zahid Oruc deyir ki, "Qərb təhsili olanların qarşı tərəfdə durmasında" problem yoxdur, "bu onun əqidəsi də" ola bilər. Millət vəkili əlavə edir ki, hakimiyyətin siyasətini dəstəkləyən minlərlə də qərb təhsilli var.

"İstəyirəm ki, Qərbdən, Şərqdən gələn vətəndaşlar özlərilə yaxşı ideya, düşüncə gətirsinlər, dovlətin özülü ilə toqquşmasınlar. Arzulamadıqları hallar varsa, hamımız birgə dəyişək", Zahid Oruc bildirir.

"Harda təhsil alması qabardılmamalıdır"

Millət vəkili Aydın Mirzəzadə Emin Aslanovun harada olması ilə bağlı versiyaların ehtimal olduğunu deyir:

"Eminin harda təhsil alması qabardılmamalıdır. Əgər polis orqanları cavab verəcəklərini deyirlərsə, demək ki, cavab verəcəklər", Aydın Mirzəzadə bildirir.

"Həbsin arxasında siyasi motiv var"

Emin Aslanovla bağlı cəmiyyətdə tanınmış 130-dan çox şəxs yaydıqları müraciətdə müəllifləri hüquq-mühafizə orqanlarının rəhbərlərindən onun harada saxlanması barədə dərhal gəncin yaxınlarına, vəkilinə və ictimaiyyətə məlumat verilməsini, təqsirkar şəxslərin cəzalandırılmasını tələb edirlər.

"Biz Emin Aslanovu bu ölkənin peşəkar hüquqçu və bu ölkənin ən ləyaqətli gənclərindən biri kimi tanıyır, bütün məsuliyyəti ilə bildiririk ki, o, heç bir cinayət törətməyib. Bu həbsin arxasında peşə və ictimai fəaliyyətindən dolayı siyasi motivlər dayanır", - müraciətdə deyilir.

Sənəd müəllifləri daha çox vəkili Emin Aslanovun müdafiəsinə qoşulmağa çağırırlar və siyasi motivli həbslərə son qoyulmasını tələb edirlər.

Bu barədə daha geniş