Sosial media #EminAslan barədə: "Xaricdə təhsil alıb vətəninə qayıdanların qarşısı alınır"

Emin Aslan Fotonun müəllifi Eastern European Centre for Multiparty Democracy -
Image caption "Biz bu hadisəni yaxından izləyəcəyik", Çoxpartiyalı Demokratiya üçün Şərqi Avropa Mərkəzi bəyan edib.

ABŞ-da təhsilini bitirərək yenicə Azərbaycana qayıdan gənc hüquqşünas Emin Abbasovun "naməlum istiqamətə aparılması" sosial mediada qızğın müzakirələrlə müşahidə olunur.

Təxminən 20 saat harada olduğunu bilinməyən Emin Abbasovun vəkili, çərşənbə axşamı onun polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla təqsirləndirilərək 30 sutka azadlıqdan məhrum edildiyini bildirib.

Bundan əvvəl, vəkil bildirib ki, "Emin Aslanov iyunun 4-də Bakının Dənizkənarı Bulvar ərazisində mülki geyimli şəxslər tərəfindən naməlum istiqamətə aparılıb".

Vəkilin Eminin izibati həbsi barədə bəyanatından əvvəl, Daxili İşlər Nazirliyi BBC News Azərbaycancaya bildirib ki, məsələni araşdırdıqdan sonra cavab verəcək..

"Xaricdə təhsil alıb vətəninə qayıdanların qarşısı alınır"

Elə Facebook və Twitter-in Azərbaycandan olan istifadəçiləri də gənc hüquqşünasın harada olduğunu anlamağa çalışır.

Alish Abdullayev adlı istifadəçi yazır ki, o "Azərbaycana külli miqdarda yeni fikir gətirdiyi üçün saxlanılıb".

"Emin Aslanın tutulmasının səbəbi nədir sualına verilə biləcək bir dənə cavab var. Cavab siyasi aparteiddir. Azərbaycanda mövcud olan rejimin adı siyasi aparteiddir. Və onun cəza aparatını işlətməsinin bir əsası var - siyasi kimlik və bir məqsədi var - siyasi kimliyə görə diskriminasiya. Mövcud vəziyyəti bu cür təyin etməliyik", Samed Rahimli yazır.

"Son on ildən çoxdur ölkədən 120 minə yaxın ali təhsilli insan gedib. "Beyin axını"nın qarşısını almaq əvəzinə, xaricdə təhsil alıb vətəninə qayıdanların qarşısı alınır", Abdul Abilov yazır.

Bir çox istifadəçilər Emin Aslanın "oğurlandığını" və "həbs edildiyini" güman edib:

Elnur Majidli isə səbəbi belə görür: "Cümhuriyyət ilində cümhuriyyətçilərdən qisas alırlar. Cəbhəçilərin oğurlanaraq işgəncə verilməsi, Azər Qasımlı başda olmaqla realçıların həbsi, dünəndən də Emin Aslanın oğurlanması (hələ yeri bəlli deyil). Rəsmən kütləvi adam oğurluğu, "rekertçilik"lə məşğuldurlar."

"Əziz dostumuz Emin Aslan oğurlanıb. Bu dəlixanaya, özbaşınalığa artıq bir son qoyulmalıdır. Qeyd edim ki, o, öz təhsilini Amerikada yenicə bitirib geri qayıtmışdı." - Eljan Gajiev paylaşıb.

"Ümid edirəm, həbs edilməz, ya da 15-20 sutka inzibati həbslə qurtarar", Tural Abbaslı Facebook-da yazır.

Tamerlan Musayev isə belə deyir: "Qayıtmaqda səhv edib. Gərək gəlməyəydi"

"Bunu bilə bilə öz şəxsi istəyilə ölkəyə qayıtdı, faydalı olmaq üçün. Bataqlığa ayaq basmaq ilk baxışda məntiqsiz görünə bilər. Amma əsas olan fədəkarlığı gözə almaqdır. Emin də məhz belə böyük ürəkli insandır." - Javid Ramazanov yazıb.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl isə yazır ki, Emin Aslan jurnalistlərə hüquqi yardım göstərib, maarifçilik edib və beynəlxalq hüquq müdafiə təşkilatlarında çalışıb.

"Bu həbsə etiraz səsinizə ehtiyac var. Faydasızdır deməyin. Sükutumuzla haqq qazandırmayaq qanunsuzluğa" - deyə vətəndaş cəmiyyəti nümayəndələrini imzatoplama kampaniyasına çağırıb.

"Emin hər hərəkəti ilə, hər davranışı ilə bütün gənclərə örnək bir insandır. 3000-dən artıq kitab oxumuş bir gəncə qarşı bu cür addımlar atmaq çox gülüncdür. Emin bütün varlığı ilə, gəncləri marifləndirməyə çalışan bir insandır. Belə bir insana qarşı irəli sürüləcək hər hansı bir cinayət tərkibli ittiham özünü ifşa etməkdən başqa bir şey ola bilməz. İşıqlı gəncləri #azadet", Toghrul Ibrahim paylaşıb.

Bir zamanlar əməkdaşı olduğu Çoxpartiyalı Demokratiya üçün Şərqi Avropa Mərkəzi (EECMD) də ona dəstək mesajı paylaşıb:

"Sabiq həmkarımız #EminAslan Emin Aslan yenicə ABŞ-da təhsilini bitirərək vətəninə qayıtmışdı və görünür ki, o Azərbaycanda həbs edilib.

O ölkəsinin yaxşı vətəndaşıdır və bizimlə çalışarkən azərbaycanlı gənclər üçün çox iş görüb. Biz bu hadisəni yaxından izləyəcək və onu dəstəkləmək üçün hər cür cəhd edəcəyik".

Tbilisidə mənzillənən İnsan Haqları Evi də Facebook səhifələrindəki paylaşımlarında keçmiş həmkarları Emin Aslanın həbsindən "dərin narahatlıq" keçirdiklərini bildiriblər.

Bu barədə daha geniş