"Saxlanan şəxsin bununla bağlı ailəsinə dərhal məlumat vermək hüququ var"

Emin Aslan, həbs olunub, Xaricdə oxuyan azərbaycanlılar, ABŞ-da təhsil, hüquqşünas, hüquq üzrə magistratura

Şəklin mənbəyi, Lalə Əliyeva

Şəklin alt yazısı,

Dostları "naməlum şəxslərin apardığı" Emin Aslanovdan uzun müddət xəbər almayıb

30 günlük həbs cəzası alan hüquqşünas Emin Aslanovun "naməlum şəxslər" tərəfindən saxlanmasından sonra yaxınları, dostları ondan 24 saat xəbərsiz qaldı və bunu "adam oğurluğu" kimi qiymətləndirdi.

Real üzvü Azər Qasımlının ailəsi də bir neçə saat ondan məlumatsız qalıb.

Həm yerli, həm də Azərbaycanın qəbul etdiyi Avropa Konvensiyasına görə, saxlanan şəxsin bununla bağlı yaxınlarına dərhal xəbər verməsi, vəkili ilə görüşməsi hüququ var, hüquqşünas Fərhad Mehdiyev deyir.

Ombudsman Aparatı da bildirir ki, onlar belə şikayətlər alırlar və dərhal aidiyyətli qurum qarşısında məsələ qaldırırlar.

Zahid Oruc hesab edir ki, saxlanan şəxslə bağlı xəbərin "bir gün gecikdirilməsi ətrafında qalmaqal yaradılması ölkənin imicini zərbə altına qoymağa yönəlir".

Daxili İşlər Nazirliyi isə "BBC News Azərbaycancanın "polis bəzi hallarda saxladığı şəxsin bu barədə yaxınlarına məlumat verməsini niyə təmin etmir" sualını cavablandırmayıb.

Şəklin mənbəyi, Lalə Əliyeva

Şəklin alt yazısı,

Emin Aslanov

"Bu, adam oğurluğudur"

ABŞ-da təhsili yenicə bitirib vətənə qayıdan Emin Aslanovun dostları sosial şəbəkələrdə yazırdılar ki, gənc fəalla bağlı Bakının mərkəzdə yerləşən bütün polis idarələrinə baş çəksələr də, polisə məlumar versələr də onun yerini müəyyən edə bilmirlər.

Ombudsman Aparatı da yaydığı məlumatda bildirib ki, Emin Aslanovla bağlı yaxınlarının və KİV nümayəndələrinin müraciətindən sonra ombusdman Elmira Süleymanova Daxili İşlər Nazirliyinə müraciət edib.

Uzun çəkən axtarışların sonunda gənc fəalın inzibati həbs aldığı bəlli olub.

Sosial şəbəkələrdə bu məqama diqqət yetirənlər onun polis tərəfindən saxlanması şübhəsini dilə gətirir, məlumatın açıqlanmamasını " "adam oğurluğu" kimi qiymətləndirirdilər.

"Polisdə dedilər ki, bura belə bir adam gəlməyib"

Bu günlərdə həbs olunmuş REAL-çı Azər Qasımlının xanımı Samirə Qasımlı BBC News Azərbaycancaya deyir ki, onlar da bir neçə saat Azərdən xəbərsiz qalıblar.

"Mayın 29-da Azər mülki geyimli şəxslərin müşayətilə Baş Prokurorluqdan çıxdı, onu Yasamal polis idarəsinə apardılar. Biz 1 saat gözlədik, sonar Yasamal polis idarəsinə getdik ki, məlumat alaq. Dedilər ki, bura belə adam gəlməyib", Samirə Qasımlı deyir.

Şəklin alt yazısı,

Azər Qasımlı

Onun sözlərinə görə, əllərini hara atsalar da Azər Qasımlı barəsində məlumat toplaya bilməyiblər.

"Ancaq iş gününün axırında öyrəndik ki, o, Yasamal rayon məhkəməsindədir", Samirə Qasımlı deyir. Əlavə edir ki, məhkəmə Azər Qasımlıya inzibati həbs verdikdən sonra da səhəri gün saat birə kimi nə vəkili, nə də ailə üzvləri onun harada saxlanması barədə məlumat ala bilməyiblər.

Şəklin alt yazısı,

Hüquqşünas Fərhad Mehdiyev (sağda)

"Açıq-aydın şəkildə yazılıb ki..."

Polis tərəfindən saxlanan şəxsin bu barədə ailəsinə məlumat vermək hüququ var, hüquqşünas Fərhad Mehdiyev BBC News Azərbaycancaya deyir.

Onun sözlərinə görə, istər cinayət, istərsə də inzibati xəta pozuntusu şübhəsiylə tutulmuş şəxsin öz yaxınlarına məlumat vermək hüququ təmin edilməlidir.

Fərhad Mehdiyev deyir ki, Cinayət Prosessual Məcələsinin 153-cü maddəsində şəxsin təmin edilməli olan bir neçə hüququ arasında hansı səbəblə tutulduğu, onun öz əleyhinə ifadə verməmək , müdafiəçidən yararlanma və yaxınlarına xəbər vermə hüquqlarının olduğu sadalanır".

İnzibati Xətalar Məcəlləsində tutulmuş şəxsin xahişi ilə onun yaxınlarına, qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin rəhbərliyinə, yaxud vəkilinə məlumat vermək hüququnun təmin olunması "açıq-aydın şəkildə yazılıb", hüquqşunas vurğulayır.

Fərhad Mehdiyev bildirib ki, Azərbaycan 1987-ci ildə qəbul olunmuş və 4 əsas standartı olan Avropa İşgəncələrin Qarşısının Alınması Konvensiyasını qəbul edib:

"Bu 4 hüquq arasında birincisi şəxs saxlandığı zaman dərhal yaxınlarına məlumat vermək , ikincisi vəkili ilə görüşmə, üçüncüsü həkim ilə görüşmə (işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etmək üçün həkim onun bədənini yoxlayır), dördüncüsü nə ilə ittiham olunduğu barədə məlumatlandırılma hüquqlarına sahibdir", o deyir.

"Bizə də şikayətlər gəlir"

Ombudsman Aparatı işgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə BBC News Azərbaycancaya deyib ki, saxlanma, vəkillərin görüşməsi ilə bağlı onlara müraciətlər daxil olur.

"Əgər saxlanan şəxslərin yaxınları tərəfindən bu tipli müraciətlər olarsa, təbii ki, biz ona dərhal reaksiya veririk, həmin şəxslərin yerinin müəyyən edilməsində, vəkillərlə görüşünün təmin edilməsində yardımçı oluruq", Rəşid Rumzadə belə deyib.

Onun sözlərinə görə, hər hansı pozuntu ehtimalı olan məsələlər varsa , onu müvəkkil dərhal həmin qurum qarşısında qaldırır.

"...müxtəlif səbəblərdən ola bilər"

Millət vəkili bəzi hallarda şəxs saxlanarkən bu barədə ailəsinə dərhal xəbər verilməməsi iradlarını "şişirdilmiş" sayır.

Zahid Oruc hesab edir ki, saxlanan şəxslə bağlı xəbərin "bir gün gecikdirilməsi ətrafında qalmaqal yaradılması ölkənin imicini zərbə altına qoymağa yönəlir".

Onun fikrincə, saxlanan şəxlər barəsində dərhal məlumat verilməməsi müxtəlif səbəblərdən ola bilər.

"Konkret olaraq əməliyyat məlumatları daxil olduqda qısa zaman kəsiyində aydınlaşdırılması istənilir, dəqiqləşdirilməyə çalışılır. Yalnız ondan sonra bu barədə rəsmi xəbərlər verilir və eyni zamanda həmin şəxsin hüquq müdafiəsini təmin edən digər addımlar atılır", o deyir.

"Nazir bu məlumatların yoxlanması üçün göstəriş verib"

Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancanın suallarına cavab veriləcəyi deyilsə də, onlarla əlaqə saxlamaq mümkün olmayıb.

İyunun 4-də daxili işlər naziri Ramil Usubov Azərbaycanda səfərdə olan İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin prezidenti Mikola Qnatovski ilə görüşündə deyib ki, saxlanan şəxslərin vəkillə görüşünün təşkilində və yaxınlarının məlumatlandırılmasında çatışmazlıqların mövcudluğu ilə bağlı vəziyyətin bir daha yoxlanılması və nöqsanların aradan qaldırılması üçün aidiyyəti baş idarələrə lazımi göstərişlər verdiyini deyib.

Nazir bildirib ki, saxlanan şəxslərin vəkilləri və yaxınları ilə görüşmək üçün heç bir məhdudiyyət yoxdur, DİN-in yaydığı rəsmi məlumatda qeyd edilir.

Bu ilin birinci rübündə ərazi polis orqanlarının müvəqqəti saxlama yerlərində Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi 54 monitorinq keçirib, Ramil Usubov deyib

"Həmin müddətdə aşkarlanan kobud rəftar, əsassız gətirmə, saxlama hallarına görə 115 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 7 nəfəri xidmətdən xaric olunub, daha 7-si tutduğu vəzifədən azad edilib, 101 nəfər barəsində isə digər intizam tədbirləri görülüb", nazir qeyd edib.