Avropa Məhkəməsinin hökmü: NİDA üzvlərinin hüquqları pozulub

Avropa İnsan Haqları məhkəməsi

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2013-cü ildə həbs olunan NİDA hərəkatı fəallarının hüquqlarının pozulduğunu bildirir.

Rəşad Həsənov, Zaur Qurbanlı, Rəşadət Axundov və Üzeyir Məmmədlinin işilə bağlı hökm iyunun 7-də çıxarılıb.

Qərarda deyilir ki, onların həbsi Avropa İnsan Hüquqları Konvensiyasına zidd olaraq şəxsi azadlıq haqqını pozub.

Məhkəmə iddiaçılara qeyri-maddi zərərə görə 20 min avro dəyərində təzminat ödənilməsi barədə hökm çıxarıb.

İyunun 7-də məhkəmənin yaydığı açıqlamaya görə NİDA üzvlərinə dair "yetərincə aydın" olmayan ittiham heç bir dəlillə təsdiq olunmayıb.

Onlar həmçinin qanun pozuntusuna yol verdiyi barədə "əhəmiyyətli şübhə" olmadan saxlanılıblar, AİHM tərəfindən yayılan açıqlamada qeyd edir.

"Məhkəmə sistemində islahat aparilmalıdır"

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Fazil Mustafa hesab edir ki, yerli məhkəmələr belə məsələlərdə "həssas olmalıdır".

Onun sözlərinə görə, məhkəmələr bəzən elə qərar qəbul edirlər ki, buna görə "dövlət ittiham olunur".

Millət vəkili hesab edir ki, ciddi məhkəmə islahatlarına ehtiyac var.

Onun fikrincə, məhkəmələr "digər məsələlərdə də elə hökm verirlər ki, bundan şikayətlər əsasında Avropa Məhkəməsində Azərbaycan əleyhinə qərarlar qəbul oluna bilər".

Fazil Mustafa deyir ki, bütün bunlar nəzərə alınmalıdır.

2014-cü ildə keçirilən məhkəmə kütləvi iğtişaşların təşkili və narkotiklə bağlı maddələr üzrə həbs edilmiş NİDA fəalı barədə hökm çıxarıb.

Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il həbs cəzası kəsilib. Rəşad Həsənov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Zaur Qurbanlı, Üzeyir Məmmədli,Rəşad Həsənov, Rəşadət Axundov bir neçə ildən sonra prezidentin əfv sərəncamı ilə azadlığa çıxıblar.