"Tərtər pambıqçıları zəhərlənməyib" - Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri

pambıq Fotonun müəllifi AzerTAG

"Analizlər laboratoriyada yoxlanıb, hər hansı zəhərlənmə əlamətləri yoxdur", Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov BBC News Azərbaycancaya deyib.

İki gün öncə 14 pambıqçı zəhərlənmə diaqnozu ilə Yevlax Mərkəzi Xəstəxanasına gətirilib.

Azər Maqsudovun sözlərinə görə, pambıqçılardan götürülüb analiz üçün onlara göndərliən nümunələrdə zəhərlənmə aşkarlanmayıb.

"Zəhərlənmə təsdiqlənmədi, amma nə baş verib, bunu deyə bilmərəm", Azər Maqsudov deyib.

O əlavə edib ki, Yevlax Mərkəzi Xəstəxanasına daxil olan xəstələrdə vəziyyət dəyişikliyi olub: "Biz xəstələri görməmişik, ona görə də ətraflı bir şey demək çətindir".

Hazırda Yevlax Mərkəzi Xəstəxanasına gətirilən pambıqçılardan bir qadın hələ də reanimasiyadır. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən BBC News Azərbaycancaya deyiblər.

Qurumun mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədovanın sözlərinə görə, xəstəxanaya gətirilmiş 14 nəfərdən 9-u evə buraxılıb, 4-ü reanimasiyadan adi palataya keçirilib.

"Yalnız bir qadının vəziyyəti stabilləşmədiyi üçün hələ də reanimasiyadadır", o bildirib.

"Pambıqçılara qoyulan diaqnozla bağlı son sözü Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsi nümunələrin analizi əsasında verəcək", Aynurə Əhmədova vurğulayıb.

Iyunun 16-da 14 nəfərin Tərtərin Seyidimli kəndində pambıq tarlasında çalışarkən zəhərləndiyi xəbəri yayılıb.

Onlardan 8-i Yevlax sakini olub.

Bundan bir neçə gün əvvəl isə Saatlıda pambıq tarlasında çalışan 24 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Onların alaq otları və zərərvericiləri məhv etmək üçün istifadə olunan kimyəvi maddədən zəhərləndiyi bildirilmişdi.

Həmçinin buna da bax:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Saatlıda zəhərlənmə: Medsestralar gəldi...ayıldım ki, sistem qolumdadı

Bu barədə daha geniş