İmişli: "Tarlaya gəlib alaq otlarını yığmağa başlayıblar, sonra huşsuz vəziyyətdə uzanıblar"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İmişlidə zəhərlənmiş pambıqçıların BBC Azərbaycancaya danışdıqları

"Alaq edirdik, onda oldu, yarım metr getmişdik yıxıldıq yerə. Neçə ildir işləyirik belə şey görməmişdik", zərərçəkmişlərdən biri Zəminə Babaşova BBC News Azərbaycanca bildirib.

O deyir ki, sahəyə girəndə onlara tarlanın dərmanlı olduğu, yemək yeyərkən və çay içərkən əllərini yumalı olduqları deyilib.

"Saat 11 radələrində çay fasiləsinə çıxan zaman gördüm ağzım zəhər dadır, sonra özümdən getdim, heç bilmədim məni kim gətirib bura."

Pambıqçıların sözlərinə görə, onlar ağızlarını bağlayıblar, amma bunun köməyi olmayıb.

Image caption Zəminə Babaşova deyir ki, o, günə 10 manat qazanaraq əlacsızlıqdan uşaq evinə qoyduğu 4 uşağına baş çəkməyə gedir.

Hansı dərmandan hansı sahəyə vurulub?

Sahələrin aid olduğu İmişli İnnovasiya Təsərrüfatından bildirilib ki, 12 sahə dərmanlanıb, amma işçilər 18-ci sahədə çalışıblar.

Verilən məlumata görə, zərərvericilərin məhvi üçün istifadə edilən dərman "Thiodicarb 80% DF" olub. Bu dərmanın 900 qramı 1 hektara traktorla və traktorçular da xüsusi geyim və əlçəkdən istifadə etməklə dərmanı vurur.

Zəhərlənənlər arasına uşaq işçi də var

İyunun 19-da İmişlidə pambıq tarlasında 100-ə yaxın adam zəhərlənib, İmişli prokurorluğu bildirib.

Xəstələr arasında 14 yaşlı uşaq da var. O, BBC-nin müxbirlərinə pambıq tarlasında işlədiyini bildirib.

Palatada olan xəstələr deyiblər ki, "səhər saatlarında tarlaya gəlib alaq otlarını yığmağa başlayıblar, sonra huşsuz vəziyyətdə uzanıblar".

Image caption İmişli Mərkəzi Xəstəxanasına 110 nəfər gətirilib, onların hamısının eyni şikayətləri olub, baş həkim bildirib.

İmişli Mərkəzi Xəstəxanasının baş həkimi Cəsur Paşayev BBC News Azərbaycancaya bildirib ki, xəstəxanaya zəhərləndiyi deyilən 110 adam gətirilib, onların hamısında eyni şikayətlər olub.

"Bu günvurma əlamətləri olmayıb, həkimlərin ilkin diaqnozu onların kimyəvi maddədən zəhərlənməsidir", - Cəsur Paşayev belə deyib.

Onun sözlərinə görə, xəstəxanaya gətirilənlərdən 11 nəfər müalicə alır, qalanları evə buraxılıb.

Image caption Zəhərlənən Elgün Muradovanın yaxını Xəzəngül Muradova deyir ki, gəlini dünən zəhərlənib xəstəxanaya gəlsə də, adam çox olduğundan evə gedib.

Zəhərlənən Elgün Muradovanın yaxını Xəzəngül Muradova deyir ki, gəlini dünən zəhərlənib xəstəxanaya gəlib.

"Adam çox olduğundan evə gedib, sonra ağrıları davam edib deyə yenidən xəstəxanaya qayıdıb. Günü 10 manat işləyirdilər, yoldaşı işləmirdi. 5-10 gün idi ki, işə gedirdi. İki uşağı var."

Həmçinin buna da bax:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Saatlıda zəhərlənmə: Medsestralar gəldi...ayıldım ki, sistem qolumdadı

Ötən həftənin şənbə günü Tərtərdə 14 pambıqçının halı pisləşmiş və onlar xəstəxanaya yerləşdirilmişdilər.

İyunun 11-də Saatlıda pambıq tarlasında çalışan 24 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılmışdı. Onların sahələrdə alaq otları və zərərvericilərə qarşı işlədilən dərman preparatlarından zəhərləndikləri bildirilirdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş