Millət vəkilləri: "Dövlət SOCAR-a niyə pul ayırmalıdır?"

Milli Məclis, deputatlar, Büdcə qanunu, dəyişikliklər, büdcə artırılır Fotonun müəllifi Getty Images

Azərbaycanda dövlət büdcəsinin xərcləri 2 milyard manatdan çox artırılır, neftin proqnoz qiyməti də dəyişdirilir.

Bunu maliyyə naziri Samir Şərifov bu gün parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Samir Şərifov bildirib ki, qeyri-neft sektoru ilə vergi vasitəsilə daxil ediləcək gəlirlərin proqnozu 1 milyard manatdan çox azaldılır.

Komitə iclasında millət vəkili Vahid Əhmədov deyib ki, bu məsələ sual doğurur: "Biz qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün küllü miqdarda vəsait ayırırıq, lakin büdcədə bu sahə üzrə gəlirlərin azaldılması nəzərdə tutulur".

APA xəbər verir ki, Vahid Əhmədov Dövlət Neft Şirkətinə (SOCAR) qazma işləri ilə bağlı 663 milyon manat vəsaitin ayrılması planına da etiraz edib:

"Mən bir məsələni başa düşə bilmirəm. Necə olur ki, Azərbaycan özü qaz hasil edir, lakin "Azərenerji"yə kompensasiya veririk? Düşünürəm ki, qeyri-neft sektorunun inkişafı daha diqqətdə olmalı olan məsələdir".

"Köməklik edilirsə, elə əhaliyə edilsin"

Millət vəkili Əli Məsimli isə deyib ki, büdcədə nəzərdə tutulan xərclər "səmərəsiz xarakter" daşıyır.

O deyib ki, tikintiyə ayrılan vəsait 5 milyard manatdan çoxdur, insan inkişafına, təhsilə ayrılan xərclər isə azdır: "SOCAR Azərbaycan dövlət büdcəsinə yardım etməlidir. Dövlət büdcəsindən SOCAR-a yardım edilməməlidir. Bu, büdcədən vəsaitin qoparılması deməkdir".

Əli Məsimli deyib ki, "köməklik edilirsə, elə əhaliyə edilsin".

Millət vəkili vurğulayıb ki, dövlət büdcəsindən SOCAR-a edilən yardım heç bir məntiqə sığmır: "SOCAR kimi böyük şirkətlər bu cür yardıma arxayınlaşıb dövlət zəmanəti ilə kredit alıb qaytarmayacaqlar. Bu, Azərbaycanın dövlət büdcəsini donor büdcəyə çevirmək deməkdir".

"... bu israfçı yanaşmadır"

Müstəqil iqtisadçı Rövşən Ağayev deyir ki, büdcənin dəyişdirilməsi təcrübəsinin həmişə əleyhinə olub.

O deyir ki, büdcə planlaşdırılması orta və uzun dövrü əhatə etməlidir.

"Bu gün əlimizdə pul var biz bu pulu mütləq xərcləməliyik yanaşmasından çıxış edib büdcəni dərhal ilin ortasında artırmaq və xərcləmək yanaşması israfçı yanaşmadır, doğru yanaşma deyil",- Rövşən Ağayev BBC News Azərbaycancaya bildirib.

O, bu addımın nəticəsinin səmərəsiz olduğunu düşünür.

"Nəticə əsaslı büdcə olanda büdcə vəsaitinə sərəncam verən hər bir qurumun orta və uzun müddətli strateji planları və büdcə xərcləmə planları olur. Onda ilin əvvəlində vəsait qıtlığı olan zaman, vəsait çatmayanda, hökümət ilin ortasında bəyan edir ki, bizim bu məqsədlərimiz var və bunu həyata keçirməyə imkanımız çatır. Belə olan halda ilin ortasında büdcəyə yenidən baxmaq olar".

Onun fikrincə, "bu gün bizim neftin qiyməti aşağıdır, biz büdcəni belə tərtib edirik, ilin ortasında da neftin qiyməti qalxdı, pulu xərcləyirik, büdcəni yenidən artırmaq istəyirik yanaşması doğru deyil".

Büdcədə 1 barel neftin qiymətində proqnoz 10 dollar artırılır

Maliyyə naziri bildirib ki, gəlir və xərclərin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi üçün buna ehtiyac var.

Samir Şərifov bildirib ki, büdcə üçün xam neftin 1 barelinin proqnoz satış qiymətinin 45 dollardan 55 dollara artırılması nəzərdə tutulur.

Maliyyə naziri deyib ki, bu ilin dövlət büdcəsində xərclər 2 milyard 14 milyon manat artırılır.

Yəni dövlət büdcəsinin xərcləri 23 milyard manatdan çox olacaq.

Pulu artırılacaq dövlət qurumları

Samir Şərifovun verdiyi məlumata görə, Şərq-Qərb dəmir yolu dəhlizinin yenidənqurulması üçün "Azərbaycan Dəmir Yolları" QSC-yə 100 milyon, kənd təsərrüfatına dövlət qayğısının artırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə 98 milyon manat ayrılacaq.

Təbii fəlakətlərin nəticələrinin daha çevik aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi və turizmin inkişafı üçün Dövlət Turizm Agentliyinin hərəsinə 20 milyon manat ayrılması nəzərdə tutulur.

Nazir deyib ki, "Ümid", "Babək", "Qarabağ" yataqlarının işlənməsi üçün 663 mln. manatın ayrılması da planlaşdırılır.

Bu ilin büdcəsinin gəlirləri cari illə müqayisədə 20 faiz artaraq 20.1 milyard manat, xərcləri isə 18 faiz artaraq 21.1 milyard manat təsdiqlənmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş