Siqareti atmaq mümkündürmü?

siqaret Fotonun müəllifi Getty Images

İllərlə siqaret çəkib onu tərk etmək mümkündürmü?

"İndi siqaret əvəzinə bir fincan çay içirəm"

Aleksandr, yazıçı, 58 yaş, 8 il siqaretsiz

İyirmi beş il siqaret çəkmişəm, ona qədər isə heç tamını da bilmirdim.

Uşaqlıqdan elmlə maraqlanmışam. On üç yaşımdan adtrobioloq olmaq arzusunda idim. Yad planetlərin quruluşunu, orada həyatın olub-olmaması ehtimalını öyrənmək istəyirdim. Amma düşünərək qərara gəldim ki, bu, çətin olar. NASA -ya və ya Baykonura işə düzəlmə şanslarım olduqca az idi.

Ona görə də okeanoloq olmaq qərarı verdim - okean da, yad planetlər kimi öz qanunları ilə yaşayan, hələ sona qədər oxunmamış bir dünyadır. Və bununla əlaqədar - axı, okeanları gəzəcəkdim - ciyərlərim təmiz və sağlam olmalı idi.

Halbuki evdəkilərin hamısı siqaret çəkirdi, mənimsə bu vərdişə heç vaxt meylim olmayıb. Həm də on altı yaşımdan yoqa ilə məşğul olmağa başladım. Siqaretin burada da yeri yox idi.

Əsgərlik vaxtı çevrəmdəkilər çəkirdilər. Təsəvvür edin, əsgərləri bağlı, qutuya bənzər maşında aparırdılar. Maşındakı altı nəfər siqaret çəkirdi, tək məndən başqa. Amma dözdüm. Digərlərinin atdığı siqaret kötüklərini süpürürdüm, özüm isə çəkmirdim.

"...sındım"

İnstitutun sonuncu kursunda elmi kommunizm fənni üzrə zaçota hazırlıq zamanı sındım. Bir sərt müəllimimiz var idi, imtahanı verə bilməyən tələbələri kəsib ikinci ilə saxlayırdı. O qədər gərgin idim, yadımdadır, mağazaya gedib sakitləşmək üçün özümə bir qutu siqaret aldım.

O vaxtdan çəkməyi başladım. İşə daxil olanda da davam etdim. Günə təxminən 8-10 siqaret çəkirdim. İnsanlar üçün siqaret həm də ünsiyyət qurmaq üçün önəmlidir. Pəncərənin önündə iş yoldaşlarım, həmkarlarımla yığışıb siqaret çəkirdik, dünya və bəşəriyyət miqyaslı məsələləri müzakirə edirdik.

Fotonun müəllifi Getty Images

Sonradan işimi dəyişdim. Uzun müddət oturub yazı yazırdım. Arada kiçik tənəffüs etməli olurdum. Və bu tənəffüs zamanı siqaret ən yaxın dostum idi.

Qazanc üçün çətin olan doxsanıncı illərdə filtrsiz "Astra" və "Prima" siqaretlərini çəkirdim, onlar ucuz idi.

Özüm üçün müştük düzəltmişdim. Lap çətin vaxtlarımda 1-2 santimetri qalmış siqaret kötüklərini müştüyə salıb çəkirdim.

"Siqaret kötüklərini yığıb satırdılar"

Ümumiyyətlə, bu illərdə insanlar həm yaşam tərzlərində, həm adət və vərdişlərindən geri qalmamaq üçün müxtəlif yollar tapırdı.

Yadımdadır, doxsanların əvvəllərində Ukraynada məni iki məqam məəttəl qoydu: biri, şüşə qabların qıtlığı ucbatından pivənin polietilen paketlərdə satılması, ikincisi isə - siqaret kötüklərinin bankaya yığılıb kiçik bir məbləğə satılması...

Təbii ki, hər siqaret çəkənin əzabları məni də narahat edirdi: öskürək, təngənəfəslik, damarlar ilə problemlər və s. Amma bu "yaxın dostumu " atmaq niyyətində deyildim.

2010- cu ildə kinoda çəkildiyim zaman ayağımda kəskin ağrı başladı. Baxdım, gördüm ki, ayağım qaralıb. Sən demə, damardan qan sızma dərinin altına yığılıb.

Nə isə, xəstəxanaya apardılar, ayağımı sarıdılar və çəkilişə davam etdim. Amma düşündüm ki, bunlar hamısı siqaret çəkməyimdəndir. Və özümə qərar verib siqareti atdım.

Bu, çətindir, asandır - bunu heç düşünmürdüm. Özümə qərar verməyi və bu qərarları yerinə yetirməyi bacaran bir kəsəm. Və artıq səkkiz ildir ki, siqaret çəkmirəm. Işdə fasilə lazım olanda, siqaret əvəzinə bir fincan çay içirəm.

"Siqaretə başlamağın əsas səbəbi...

Yana, baş mühasib, 38 yaş, 5 il siqaretsiz

İlk dəfə siqaret çəkməyim yadımdadır, düşünürəm ki, insanların 80 faizi belə başlayır: məktəbi yenicə bitirmişdim, insituta daxil olmağa hazırlaşırdım. Yay idi, rəfiqəmlə haradansa bir qutu siqaret əldə etdik və axşam vaxtı yaxınlıqdakı uşaq bağçasının həyətindəki köşkdə oturub ilk siqaretimizi yandırdıq...

Təbii ki, ilk dəfə heç xoşuma gəlməmişdi. Əvvəlcə məclislərdə hərdən bir çəkirdim, sonra isə əməlli-başlı vərdişə çevrildi. O zaman qrup yoldaşlarımla, idman klubumla tez-tez təbiətə, dəniz qırağına gedirdik və oradakı mühit siqaret çəkmək üçün uyğun idi.

Evdə siqaret çəkən yox idi. Atam nə vaxtsa çəkirdi, amma çoxdan atmışdı. Əvvəllər valideynlərim bilmirdi, sonradan şübhələnməyə başladılar və get-gedə şübhələri möhkəmləndi. Bu, uzun müddətli bir proses idi, ona görə onların bu hala özlərini öyrəşdirməyə vaxtları var idi. Və nəhayət məni siqaretlə tutanda, sadəcə "Hə, onsuz da bilirdik" kəlməsini dedilər. O vaxt artıq 18-19 yaşım var idi, yetkinlik yaşında idim.

Amma kənardan çoxları "bu, axı ziyandı!" sözləri ilə baş-beynimi aparırdı. Elə bil siz demədən mənim siqaretin ziyanlığı haqqında məlumatım yoxdur! Çox qıcıqlandırırdı məni.

"Siqaret çəkən qızlar isə tualetə sığınırdılar"

Bakıda küçədə siqaret çəkmirdim, amma kafelərdə sərbəst idim. Heç vaxt digərləri kimi tualetdə gizlənmirdim. İşdə tədbirlər planlaşdırılanda bir restoranda və ya açıq məkanlarda yığışırdıq, kişilər masa arxasında sərbəst siqaret çəkirdilər. Siqaret çəkən qızlar isə tualetə sığınırdılar. Bunu heç vaxt anlamırdım.

Təxminən 17-18 il ərzində siqaret çəkirdim. Çox çəkirdim, gündə azı bir qutu, fasiləsiz. 25 yaşdan sonra siqareti atmaq istəyi ilə yaşayırdım. Düzünü desək, çəkməyi sevirdim... hamı sevir. Amma mənfi tərəfləri də çox idi: axşam siqaret çəkməyəndə səhər xoş əhval-ruhiyyəli, gümrah və tamamilə yuxunu almış kimi oyanırsan.

Əgər axşam siqaretlə keçibsə, səhər çətinliklə oyanırsan, gözünün altı qaralır, dərinin vəziyyəti heç də yaxşı olmur. Siqaret çəkməkdən tez qocalmaq qorxusu daim səni izləyir. Hələ buna sərf edilən pulları demirəm. Siqaret buna görə atmaq istəyirdim.

Fotonun müəllifi Getty Images

Hərdən bir indi rəfiqələrimlə kafeyə qəlyan çəkməyə gedirik.

Az siqaret çəkə bilsəydim tərgitməyi heç düşünməzdim. Amma mən birini çəkib dərhal bir qutuya keçənlərdənəm.

25 yaşından etibarən siqareti atmağa çalışırdım. Bir dəfə iki həftə, bir dəfə yarım il çəkdi. "Filan ilin dekabrın 31-dək çəkməyəcəm" - özümə demişdim. Və çox asanlıqla da buna riayət edirdim, halım da yaxşı idi.

"İçki içən kimi siqaret istəyirsən"

Problem nədədir: siqareti atanda təxminən 2-3 ay ərzində gərək içki içməyəsən, çünki dərhal siqaret çəkmək istəyirsən.

Atandan sonra günləri sayırsan: "Ah, nə gözəl, mən artıq beş (yeddi, səkkiz, on beş) gün çəkmirəm". Müəyyən anda siqaret beynindən çıxır və hesablamağı da kəsirsən.

Yarım il bitəndə, öz-özümə dedim: "Dözə bildim axı, birini çəkim, heç nə olmaz". Amma təbii ki, dözmədim, yenə də bir qutu çəkməyə başladım.

Yoldaşımla ailə həyatı quranda o, siqaret çəkmirdi, indi də çəkmir, halbuki mənim çəkməyimi normal qəbul edirdi. Üstəlik məşqçi ilə qaçışla məşğul oldum. Və bir anda başa düşdüm ki, həyat tərzim dəyişdi və siqaretə yer qalmadı. Artıq özümü siqaret çəkən təsvir etmirdim.

Əvvəl sərbəst iş rejimim var idi, əsasən gecələr kompüterin qarşısında bir fincan çay və siqaret-külqabı ilə əyləşirdim. Sonradan isə rejimli işə keçdim, doqquzdan altıya kimi. Düzdür, işdə məhdudiyyət yox idi, amma hər halda siqaret çəkmək üçün harasa çıxmalısan və buna həmişə həvəs olmur.

Fotonun müəllifi Getty Images

Evdə çəkmək istəmirdim, çıxmağa isə yer yox idi. Üstəlik ana olmaq planlarım artıq var idi və anlayırdım ki, siqareti hamiləlikdən qat-qat öncə atmaq lazımdır.

Siqaret çəkəndə özünü ona daimi bağlayırsan, siqaretsiz həyatı təsvir edə bilmirsən. Düşünürsən: "İndi qutuda beş-altı ədəd var, bəs birdən bitsə?". Gecə vaxtı evdən çıxıb siqaret arxasınca getmək çox adı hal idi. Ərazidə bütün 24 saat işləyən dükanları bilirdim, maşına minib siqaret üçün gedirdim.

Siqaretə başlamağın əsas səbəbi - bu, yetkinliyin bir simvolu kimi qəbul olunur. Mənim üçün müəyyən ana düşdü - məktəbi bitirib "böyük" həyata addım atırdım.

"Sevgilim siqareti atmağımı istəmirdi"

Nərminə, qrafik dizayneir, 24 yaş, 4 ay siqaretsiz

Siqaret çəkməyə universitetdə başladım. İlk kursumun ikinci semestri idi. Çox gərgin tədris ili idi, əsəb içində idim. Tənəffüsdə institutun həyətinə düşmüşdük, qrup yoldaşım: "Götür, çək, rahatlaşarsan" deyə mənə siqaret təklif etdi. Götürdüm. Təbii ki, ilk dəfə alanda necə olur? Çəkə bilmədim, öskürdüm.

Növbəti dəfə yenə də əsəbləşib siqareti çəkdim. Maraqlıdır, aşkar etdim ki, həqiqətən də məni sakitləşdirir.

Yeri gəlmişkən, institutda siqaret çəkən qız çox idi. Həyətdə çəkəndə mənə qınaqla baxırdılar, amma tualetdə həmin qızlar çoxluq təşkil edirdi və orada rahatlıqla siqaretlərini çəkirdilər. Mənsə gizlənmirdim, düşünürdüm ki, bu, mənim şəxsi işimdir.

"Bircə anamın bilməsini istəmirdim"

Yalnız anamdan gizlənirdim, istəmirdim ki, üzülsün. Təbii ki, harada anamın tanışları ola bilərdi, orada çəkmirdim. İy-qoxu olmasın deyə, heç vaxt qapalı məkanlarda siqaret çəkmirdim. Həm də özüm çəksəm belə normal nəfəs də almaq istəyirdim. Ona görə həmişə ya eyvanlarda, ya da küçədə çəkirdim, sonra isə saqqız çeynəyirdim ki, qoxu getsin.

Anam qoxunu hiss etsə, deyirdim: "Yanımda siqaret çəkiblər". Çantamda siqaret tapanda (çəmi iki dəfə olub), deyirdim: "Mənim deyil, dostlarım verib ki, saxlayım". "Sən məni axmaq hesab edirsən?" - əsəbləşirdi. "Yox, nə danışırsan? İstəyirsən, həmin qıza zəng edim, təsdiqləsin?" - deyirdim.

Amma anamın məni yoxlamaq xasiyyəti yox idi. Düzdür, etiraf etsəydim, məni döyüb-öldürməzdi, amma təqsiri özündə axtaracaqdı: "Mən uşağıma pis tərbiyə vermişəm". "Hamı belə edir", - özümü sakitləşdirib bəraət qazandırırdım.

Amma universitetdə bəzi analar qızlarının siqaret çəkdiyini biləndə onları döymüşdülər. Bir dəfə anamdan soruşdum: "Bilsən ki, siqaret çəkirəm, məni döyərdin?" Dedi: "Artıq böyümüsən, döyməyin nə faydası?"

"Bəzən kafedə yaxınlaşırdılar..."

Elə oğlan var idi, qınayırdı: "Siqaret çəkən qız külqabıya bənzəyir". Özü isə siqaret çəkən qızlarla görüşürdü, amma qızın çəkdiyini bilmirdi.

Bəzən kafedə oturub siqaret çəkəndə mütləq biri yaxınlaşır, soruşur: "Siqaret çəkənsən?" deyirəm: "Sizcə, necə?" Deyir: "Rusdillisən və siqaret çəkirsən, deməli, mütləq ayağın sürüşkəndi". Deyirəm: "Anlamadım, rusdilliyin və ya siqaretin davranışıma və əxlaqıma nə dəxli var?".

Ətrafımda siqaret çəkən çox idi. Amma yavaş-yavaş onlar da azaldı. Kimsə özü atdı, kimsə ailə həyatı qurub ana olmağa hazırlaşırdı. Düşünürəm ki, çoxumuz üçün sadəcə, bu bir maraq idi.

Atmağımın səbəbi yenə də siqaretin xoşagəlməz qoxusu oldu. Ondan xilas olmaq mümkün deyil. Əşyaların, çantan, əllərin, saçların siqaret qoxusu verir. Bundan bezdim və çəkdiyim siqaretin miqdarını azaltmağa başladım. İctimai yerlərdə siqaretə qadağa da lap yerinə düşdü.

Əvvəl yarım qutu, sonra gündə üç ədəd, sonra bir az içki içəndə, sonra isə tamamilə atdım. Yanvarın on üçü, ""köhnə yeni ili" qeyd edəndə sonuncusunu çəkib özümə və dostlarıma "bitdi, artıq çəkmirəm!" dedim. Siqəret çəkməyim altı il çəkdi.

Dostlarımla çıxanda, onlar mənə "Götür, çək!" deyəndə, imtina edirdim. Və özümü uduzmuş kimi qəbul etmirdim, əksinə, dözümlüyümə görə hörmət qazandım.

O qədər də ucuz siqaret çəkmirdim. Gündə siqaretə 3 manat verirdim. Hesabladım ki, altı-yeddi ildə bu pulu yığsaydım, özümə maşın ala bilərdim.

İlk zamanlar düşünürdüm: "Əsəbiyəm axı, mən nə edəcəm?". Görüşdüyüm oğlan özü siqqaret çəkirdi, məni normal qəbul edirdi, amma atmaq istəyimdə heç dəstək olmadı: "Nəyinə lazımdır? Onsuz da bacarmayacaqsan! Siqaret çəkmək sənə xüsusi cazibə verir".

Əsəblərim pozulmadı, amma indi işdə istirahət edəndə siqaret əvəzinə Youtube-da bir-iki videoya baxıram.

Ruslan, bank işçisi, 38 yaş, 5 il siqaretsiz

"İki ay ərzində siqareti hətta yuxumda görürdüm"

İki dəfə siqareti atmışam, bu, çöxlu nəticə çıxartdığım gözəl təcrübədir.

İlk dəfə nə vaxt atdım, yadımda deyil. Alen Karrın "Siqaret çəkməyi atmağın asan üsulu" adlı məşhur kitabını mənə verdilər. Oxudum, elə bil mənə kömək etdi. İki ildən artıq siqaret çəkmədim. Özümü saxlayırdım.

Bir dəfə ad günümü qeyd edəndə bir az içki içdim və fikirləşdim: "Artıq iki ildir ki, siqaret çəkmirəm, bir dəfə ilə heç nə olmaz". Dostlarım məni fikrimdən daşındırmaq istədi, amma qulaq asmadım, dedim: "Verin!". Cəmi bir siqareti çəkib, bir ay çəkmədim.

Bir ay keçdikdən sonra yenə də dostlarımla çayxanada görüşdük. Düşündüm: "Axı bir ay özümü saxlaya bildim, siqaret çəkmədim". Yenə də bir siqaret çəkdim. Və daimi, həftədə bir dəfə çayxanada yığılmağa başladıq. Sonra isə həftədə iki dəfə... Özüm də bilmirəm necə oldu, amma yarım ildən sonra cibimdə yenə də siqaret qutusu vardı.

Özümə nifrət edirdim. Özümü əsl "narkoman" kimi hiss edirdim. Siqaret çəkmək istəyirdim və "Bu, nornaldı!" sözlərində bəraət axtarırdım. Siqareti çəkəndən sonra isə "Axı bu, mənə lazım deyil idi, nəyə görə bunu etdim?"düşünürdüm.

İkinci və sonuncu cəhd

Bir il sonra siqareti özüm atdım, kitabsız-zadsız. İkinci dəfə daha ağır idi. İki ay ərzində siqareti hətta yuxumda görürdüm. Oyanırdım, "siqaretmi çəkdim" düşünürdüm, sonra deyirdim, yox, bu sadəcə yuxu idi. Siqaretin dadını hər an damağımda hiss edirdim. Bir aydan sonra bir az rahat oldum. Amma özümə siqaret çəkilən yerlərdən və adamlardan qaçmamağı söz vermişdim. Dostlarım əvvəl yanımda çəkirdi, üç aydan sonra çölə çıxmağa başladılar və buna görə onlara minnətdaram: aramızda siqaret çəkməyən mən tək deyildim.

Çayxanadan qayıdanda bütün əşyalarıma, saçlarıma siqaret qoxusu hopmuşdu. Bu tüstü iyi heç çəkilmirdi.

Amma bu dəfə daha ciddi yanaşdım. Başa düşürdüm ki, bircə dənə çəksəm, yenə də ondan asılılıq başlayacaq. Pəhriz zamanı sən bir qidanı o birisi ilə əvəz edirsən, siqareti isə heç nə ilə əvəz etmək olmaz, onu tamamilə uzaqlaşdırmaq lazımdır.

Hesab aparırdım - bir, iki, yeddi, doqquz ay siqaretsiz. Bir ildən sonra unutdum. İşdə siqaret əvəzinə çay içirdim. Beş ildir siqaret çəkmirəm və özümü çox yaxşı hiss edirəm, heç yada da salmıram.

İndi mənim üçün siqəret nə tələbat nə də istək kimi mövcud deyil. Normal yaşayıram, dincəlirəm, məşq edirəm. Qızımın, mən siqəret atanda, "Ata, daha səndən pis qoxu gəlmir" sözləri mənim üçün çox önəmli idi. Yoldaşım siqəret çəkmir. İndi təsəvvür edirəm ki, o, sanki külqabı ilə öpüşürdü.

Fotonun müəllifi Getty Images

Bəziləri "siqaret çəkmək xoşuma gəlir" deyir. Bu nə deməkdir? Ağzından, əllərindən pis qoxu gəlməsi xoşuna gəlir? Sən bunu heç hiss etmirsən. Amma başqaları hiss edir. Siqaret çəkən ağzının dadını bilmir.

Adamı siqareti atmağa məcbur etmək mümkün deyil. O özü istəməsə, min bəhanə tapacaq, hətta faydasını axtaracaq. "O, mənə ilham verir, əsəbləşəndə sakitləşdirir, o, söhbətdə kömək edir" - bunlar hamısı boş söhbətdir. Və nikotindan imtina o qədər də əzab vermir, buna dözmək və tab gətirmək mümkündür.

Atam 50 il siqaret çəkdi. Son dəfə müayinədən keçəndə bilindi ki, çiyərləri təmizdir, damarları isə daralıb. Məcbur olub siqareti atdı. Nəyə görə buna kimi gətirməliydi?

Geriyə addım yox

İndi heç qəlyan da çəkmirəm. Çünki bilirəm: ciyərimə tüstü toxunsa, yenə də çəkməyə başlayacam. Paxıllıq etdiyim dostlarım var: bir neçə ayı çəmi bir siqaretlə ötüşdürə bilirlər. Onlar üçün bu, asandır. Mən bunu bacarmıram və buna görə özümü çərçivələrdə saxlamalıyam. Beş il keçdikdən sonra bu çərçivələr artıq silinib.

Bu barədə daha geniş