AXCP sədrinin həbsdəki müşavirinin "sağ gözü görmür"

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müşaviri Məmməd İbrahim Fotonun müəllifi TURAN IBRAHİM
Image caption Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunub

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müşaviri Məmməd İbrahimin "sağ gözündə ciddi problem var", oğlu Turan İbrahim deyir.

Onun sözlərinə görə, Məmməd İbrahimin "bir gözü artıq görmür".

Turan İbrahim deyir ki, həkimlər atasını müayinə etsə də, o, müayinə və müalicədən narazı qalıb.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi isə Məmməd İbrahimin təcridxanaya daxil olduğu vaxtdan gözünün müayinə edildiyini deyir.

"Azadlıqda da onun gözündə problem var idi. Təcridxanada olanda da müayinə edilib. Onun gözünün önündə ləkə əmələ gəldiyi müşahidə edilib. Son vaxtda da müalicə yazılıb", idarənin rəis müavini İftixar Qurbanov BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, müalicənin effektivliyi müalicə dövründən sonra bilinir.

Məmməd İbrahimin həkimlərin müayinə zamanı heç bir cihazdan istifadə etməməsi barədə şikayətini qəbul etməyən cənab Qurbanov, onun oftolmoloji yardım aldığını deyib.

"Qanunvericilik yol verir ki, məhkumun yaxınları ödənişli tibb ocaqlarından həkim gətirə bilərlər. O həkimlər təcridxananın həkimlərinin nəzarəti ilə məhbusu müayinə edə bilər", Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib.

Hazırda Məmməd İbrahimin ailəsi onu müayinə etməyə razı olacaq həkim axtarışındadır.

3 ay vaxt

Məmməd İbrahimin cəzasının bitməsinə 3 ay vaxt qalıb.

AXCP sədrinin müşaviri Məmməd İbrahimi 2015-ci il sentyabrın sonunda AXCP liderinin istefasını tələb edən partiyadaxili qrup üzvünün şikayətindən sonra şübhəli şəxs qismində saxlanılıb.

Mikayıl Quliyev adlı şəxs 2015-ci il sentyabrın 29-da Məmməd İbrahim tərəfindən hücuma məruz qaldığını bildirib.

Noyabrın əvvəlində isə AXCP sədrinin müşavirinə qarşı ittiham ağırlaşdırılıb.

Əvvəlcə "xuliqanlıqda" ittiham olunan cənab İbrahim sonradan "vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıqda" təqsirləndirilib.

3 il azadlıqdan məhrum edilmiş Məmməd İbrahim özünə qarşı olan heç bir ittihamı qəbul etmir və həbsini "siyasi" adlandırır

Bu barədə daha geniş