Azərbaycan həbsxanaları yayda: “20 nəfərə bir sərinkeşləri var, o da qırılıb”

Hazırda 2 saylı cəzaçəkmə müəssisəsində saxlanan NİDA hərəkatının üzvü Qiyas İbrahimov Fotonun müəllifi Ramin Deko
Image caption Hazırda 2 saylı cəzaçəkmə müəssisəsində saxlanan, 10 il müddətinə həbs edilmiş NİDA hərəkatının üzvü Qiyas İbrahimov

"İstidə adamlar sərinləməyin bir yolunu tapa bilər, dənizə gedə bilər, dustağın isə belə bir imkanı yoxdur", millət vəkili Fazil Mustafa deyir.

Azərbaycanda son 120 ildə görülməmiş istilər müşahidə olunur, Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyir.

Sosial mediada yazırlar ki, bu havada həbsxanalardakı məhbuslar üçün istilər daha dözülməzdir, çünki kameralarda soyutma sistemi yoxdur.

Hazırda 2 saylı cəzaçəkmə müəssisəsində saxlanan NİDA hərəkatının üzvü Qiyas İbrahimovun anası Şura Əmiraslanova oğlunun istidən "əziyyət çəkdiyini" deyir.

Penitensiar Xidmət isə isti aylarda məhbuslar üçün lazımi tədbirlərin görüldüyünü bildirir.

"... istidən boğuluruq"

"Zəng vurmuşdu, halını soruşdum, dedi, ana vəziyyət necə olacaq, istidən boğuluruq", Şura xanım BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, Qiyasın qaldığı kamerada 20 nəfər var və onlara cəmi bir sərinkeş verilib.

"Sərinkeş bir neçə gündür xarab olub. Vəziyyətləri acınacaqlıdır. İstədim, təzəsini alım. Məndən sərinkeşin xarab olan hissəni alıb gətirməyimi istədi", o deyib.

"Sabaha qədər neyləyəcəklər, bilmirəm, vəziyyət ürəkaçan deyil. Kimə desinlər axı, baxmırlar ", Şura xanım əlavə edib.

120 nəfərə 6 sərinkeş

Keçmiş məhbus Anar Məmmədli həbs müddətini həm Kürdəxanı təcridxanasında, həm də 13 sayılı cəzaçəkmə müəssisəsində keçirib.

O deyir ki, heç bir təcridxanada kondisioner olmayıb. Hər iki müəssisədə məhbusların sərinləməsi üçün sərinkeşdən istifadə edilib.

"Sərinkeşlər az olur, adamların sayının çox olduğu yerdə o da kömək etmir. Kürdəmirdə cəmi bir pəncərə açıq olurdu. Cəzaçəkmə müəssisəsində isə 120 nəfərlik barakda 6 sərinkeş var idi. Onun da təsiri olmurdu, xüsusən də gecələr", cənab Məmmədli deyib.

O deyir ki, saxlandığı cəzaçəkmə müəssisəsi Qaradağ ərazisində yerləşib və orda ən böyük problem kölgəliyin az olması olub.

"Yaşıllıq aşağı idi, ağaclar bitmir, insanlar gün ərzində əziyyət çəkirdilər, hələ kameraların qapısı bağlı olanda havasızlıqdan nəfəs ala bilmirdin", o davam edir.

Anar Məmmədlinin sözlərinə görə, müəssisədə istidən halı pisləşənlər də olub.

Anar Məmmədli 2014-cü ilin may ayında "qanunsuz sahibkarlıq", "seçki saxtakarlığı" və "vergidən yayınma"da ittiham olunaraq, 5 il 6 ay azadlıqdan məhrum edilib.

O, 2016-cı il martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı Əfv fərmanı ilə azad edilib.

Image caption Anar Məmmədli

"İnsani rəftar olmalıdır"

Anar Məmmədli deyir ki, qanunvericilikdə cəzaçəkmə müəssisələrində kondisoner və ya sərinkeşin qoyulub-qoyulmaması barədə bir məlumat olmasa da, dustağın saxlanması üçün "insani münasibətin sərgilənməsi" ifadə olunub.

"Yəni dustağın sağlamlığı, həyatı ilə bağlı daha uyğun, daha təkmil şərait yaradılmalıdır. Bura isti və soyuq su ilə təminat, tualetlərin düzgün saxlanması, hamam yerinin olması, antisanitariya qaydalarına əməl edilməsi, yaşıllığın təmin edilməsi, sərin yerlərin, mətbəxlərin qaydasında olması, fiziki, mənəvi, psixoloji təzyiqlərin olmaması və s. daxildir. Bütün bunlara kompleks yanaşmaq lazımdır", o deyib.

Cənab Məmmədli deyir ki, sadaladığı məqamlarla bağlı cəzaçəkmə müəssisələrində "ciddi şəkildə çatışmazlıqlar var".

"Biz soruşanda həbsxana rəhbərliyi bunu maddi çətinliklərlə izah edib. Amma məncə, bu sahədə siyasi iradə çatımazlığı var. Hakimiyyətin bu islahatların aparılması ilə bağlı siyasi niyyəti yoxdur, olsa, maliyə taparlar", o qeyd edib.

"Tədbirlər görülür"

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqov isə deyilənlərlə razılaşmayıb.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində məhbusların sərinləməsi üçün "lazımi tədbirlər görülür".

"Müəssisələrdə kölgəliklər var. Məhbuslar asudə vaxtlarını keçirir, stolüstü oyunlar oynayırlar. Gündəlik rejimdə də güzəştlər edilib. Gündə məhbusların sayı açıq havada 2 dəfə yoxlanır, indi isə biz bunu onların yatdığı yerdə edirik", o deyib.

Cənab Sadıqov müəssisələrin sərinkeşlərlə təmin olunduğunu və bəzi müəssisələrdə kondisionerlərin quraşdırıldığını deyib.

"Harda şərait imkan verirsə, kondisioner quraşdırılıb. hamısında edə bilmərik. Buna külli miqdarda vəsait tələb olunur", o deyib.

Sərinkeşlərin sayını artırmaq

Milli Məclisin insan haqları komitəsinin üzvü Fazil Mustafa bu məsələnin öz həllini tapmalı olduğunu deyib.

BBC News Azərbaycancaya danışan millət vəkili "dustaqlar üçün belə problem varsa, sərinkeşlərin sayını artırmaq olar" deyib.

Onun sözlərinə görə, bunun üçün maddi vəsait tələb edilsə də, burada insan taleyindən söhbət gedir.

"Hər şeyə maddiyyat tapılır, sərinkeşə tapılmır?!", o deyib.

Millət vəkili cəzaçəkmə müəssisələrinin əksəriyyətinin təmir olunduğunu və buna vəsait ayrıldığını qeyd edib.

"İnsan sağlamlığı üçün şərtlər nəzərə alınmalıdır, onların (dustaqların) vəziyyəti daha ağırdı, başqaları gedib dənizə sərinləyə bilər, onlar yox", o deyib.

Fazil Mustafa dustaqların istiyə görə çətinlik yaşamasını "ciddi çağırış" adlandırıb və bunun həll edilməsi üçün addımlar atılmalı olduğunu deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti günlərdə də havaların isti keçəcəyi ilə bağlı məlumat yayıb.

Bu barədə daha geniş