Baş prokuror Zakir Qaralov "Mingəçevir İES"-dəki qəzanın səbəblərini sadalayır

Baş prokuror Zakir Qaralov Fotonun müəllifi AzerTAG
Image caption Baş prokuror Zakir Qaralov "Mingəçevir İES"-dəki qəzanın səbəblərini bir-bir sadalayır

"Mingəçevir İES" kimi tanınan Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəzanın səbəbini ölkənin Baş prokuroru Zakir Qaralov açıqlayıb.

O, prezident İlham Əliyevin iyulun 4-də keçirdiyi müşavirəsində bildirib ki, Azərbaycan İES-də generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün normativ tələblərə əsasən suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, ümumi soyutma sisteminin layihəyə uyğun yerinə yetirilməməsi nəticəsində 28,5 dərəcədə olub.

"Vaxtilə 1994-cü ildə müvafiq layihə işlənilib, Mingəçevir su anbarının altından kanalın çəkilməsi nəzərdə tutulurdu. Həmin məsələ icra olunmayıb. Belə bir halda gərginlik azalmaqla cərəyan artmışdır", Zakir Qaralov deyib.

Qəza baş vermiş cərəyan transformatorlarının istismar müddətini başa vurmasına baxmayaraq, müntəzəm olaraq texniki istismar qaydaları, uyğun təmir-bərpa işləri aparılmamışdır, baş prokuror vurğulayıb.

"Halbuki hər il orada bərpa işləri aparılır, ancaq mütəxəssislərimiz həmin bərpa işlərinin yetərli olmaması ilə bağlı ilkin rəylərini verirlər."

"Belə ki, 2012-ci il sentyabrın 28-də ildırım vurması nəticəsində zədələnmiş hava açarı müasir eleqaz tipli açarla əvəz olunsa da, onun mühafizə dövriyyəsindəki cərəyan transformatoru yenisi ilə əvəz olunmamış və təmir işləri aparılmamışdır", o deyib.

Fotonun müəllifi fhn.gov.az

Zakir Qaralovun sözlərinə görə, cərəyan transformatorunun gövdəsindəki yağın analizi aparılmayıb, turşululuğu, nəmliyi, deşilmə gərginliyi və tangensi yoxlanılmayıb: "Bununla da qəza vaxtı cərəyan transformatorunun izolyasiyası normadan aşağı olduğuna görə zədələnmişdir".

Baş prokuror qeyd edib ki, son 3 ildə Fövqəladə Hallar Nazirliyi həm "Azərenerji"nin rəhbərliyinə, həm onun baş mühəndisinə yazılmış 6-dan artıq tələbnamədə tələb edib ki, orada həm yağ sızması mövcuddur, eyni zamanda, kabellərin odadavamlı izolyasiyası təmin olunmayıb:

"Ümumiyyətlə, baş verən yanğın haqqında məlumatın avtomatik verilməsi ilə bağlı sistem qurulmayıb və 6 mazut çəninin su ilə soyutma sistemi ümumiyyətlə quraşdırılmayıb", o vurğulayıb.

Zakir Qaralov deyib, dəfələrlə hər il bu məsələ qaldırılır ki, 6 mazut çənində su ilə soyutma sistemi quraşdırılmayıb: "Bütün bunlar qəzaya gətirib çıxarıb".

Image caption İyulun 4-də metro fəaliyyətini dayandırdığından avtobuslarda sərnişin sıxlığı yaşanmışdı

Bir elektrik stansiyasında baş vermiş qəzanın lokallaşmadığı, əksinə, bütün ölkə (Naxçıvan MR xaric) energetika sisteminin çökdüyünə gəlincə, Zakir Qaralovun sözlərinə görə, mütəxəssislərin fikri ondan ibarətdir ki, "Azərenerji" tərəfindən rele mühafizə xidməti ölkə üzrə tam axıra qədər icra olunmayıb.

Azərenerji ASC-nin mətbuat katibi Yəhya Babanlı BBC News Azərbaycancaya prezidentin müşavirəsindən qabaq demişdi ki, iki gün ərzində elektrik enerjisinə tələbat ölkə üzrə 40 faiz artıb və bu da sistemdə gərilməyə gətirib çıxarıb.

"Ölkənin enerji sistemini idarə edən vahid mərkəz var, buna mərkəzi dispetçer xidməti deyilir. Bu, ümumi mərkəzdən idarə edildiyinə görə, müxtəlif mənbələrdən olan enerji mərkəzdə qovuşur və bu da təlabata uyğun paylanır. Məsələ ondadır ki, sadəcə yarımstansiyada baş verən proses sistemi iflic etdiyinə görə, bu, ümumilikdə idarəetməyə təsir edib", - Yəhya Babanlı söyləyib.

Prezident İlham Əliyev müşavirədə bildirib ki, havanın isti keçməsi qəzaya səbəb ola bilməzdi və bir qəza ölkənin bütün enerji sistemini çökdürməməliydi.

Zakir Qaralov bildirib ki, yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifədən sui-istifadə etmə və səhlənkarlıq maddələri ilə cinayət işi qaldırılıb.

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də qəza baş vermis və nəticədə ölkə boyu bir çox ərazinin elektrik enerjisi ilə əlaqəsi kəsilmişdi. Bir neçə saat sonra bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olunsa da, yenidən qəza baş vermisdi.

İkinci qəza iş saatının sonlarına təsadüf etdiyindən, minlərlə adam metroda qalmışdı. "Bakı Metropoliteni"nin rəhbərliyi 30 minə yaxın sərnişini evakuasiya etmiş və metronun fəaliyyətini dayandırmışdı.

İşıq böhranı nəticəsində Bakının bir çox yerində əhali su problem ilə üzləşmişdi. Bəzi yaşayış məntəqələrində hələ də bu problem davam etməkdədir.

Prezident İlham Əliyev dünən keçirdiyi müşavirədə bildirib ki, bu qəza nəticəsində ölkə iqtisadiyyatın, o cümlədən, neft sənayesinə ciddi zərər dəyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş